Müsabiqə keçirilir, hər kəs istedadını yoxlaya bilər

Azərbaycanda ilk dəfə “İlin Press Fotosu” adlı yeni layihəyə start verilir

"Foto sahəsində mükəmməlliyə getmək istəyənlər, iddia edənlər üçün belə bir imkanın olması çox vacibdir"


 “Gilavar” Azərbaycan Foto Klubu Azərbaycanda ilk dəfə “İlin Press Fotosu” adlı yeni layihəyə start verir. Layihə çərçivəsində hər il “Azərbaycan Press Foto” adlı fotomüsabiqənin keçirilməsi nəzərdə tutulur.

Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə 6 mövzu ətrafında keçiriləcək. Mövzular: Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman və Mədəniyyət. Xəbər və İdman mövzuları həm tək foto, həm də hekayə fotosu, digər mövzular isə yalnız tək fotodan ibarət olacaq.

Fotomüsabiqə ilə bağlı fikirlərini "Şərq"ə danışan tanınmış jurnalist Azər Həsrət deyir ki, fotoqrafiya sahəsində uğur qazanmaq və mükəmməlliyə yiyələnmək istəyən şəxslər üçün həmin müsabiqə çox əhəmiyyətlidir:

"Mən düşünürəm ki, istənilən sahədə, xüsusilə də fotoqrafiya sahəsində bu cür yarışmaların keçirilməsi təqdirəlayiqdir. Çünki bu müsabiqələr insanlara istedadından uyğun şəkildə istifadə etməsinə şərait yaradır. Bəzən kənardan baxan adamlar deyir ki,"bu müsabiqələr nəyə gərəkdir?", "müsabiqələrin keçirilməsi mənasızdır". Belə fikirlər səsləndirən insanlar bilməlidir ki, mənasız deyə bir şey yoxdur. Müsabiqələrin keçirilməsi hər hansısa sahə ilə məşğul olan insanların həvəsləndirilməsi və inkişafı baxımından çox önəmlidir. İstənilən insan gördüyü işdə mükəmməlliyə can atır. Bu zaman insanlar həmin yolu qət edərkən başqaları tərəfindən dəyərləndirilmək istəyirlər. Belə olan halda adam mükəmməlliyə gedən yolda daha da sürətlənir. Bu cür müsabiqələrin keçirilməsi də məhz həmin məqsədlərə xidmət edir. Bu baxımdan hesab edirəm ki, foto sahəsində mükəmməlliyə getmək istəyənlər, iddia edənlər üçün belə bir imkanın olması çox vacibdir".

Aytac Ali

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu