Qazi şikayətçidir:“Bircə gözüm görür, o da 16 faiz...” – Süründürməçilik + Video

“Düşünürdüm ki, nazir dəyişəndən sonra belə neqativ hallara son qoyular”

“Təəssüf ki, dəyişən bir şey yoxdur, problem sistemdədir”

“Bu gün qazilərimiz zülm çəkirlər”


İkinci Qarabağ müharibəsində iştirak edərək qazi olan Hacı Vəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) qəbula düşə bilməməsindən şikayətçidir. Qazi saatlarla nazirliyin qarşısında qalsa da, onun problemi ilə maraqlanan olmayıb. H.Vəliyev nazirliyin qəbul şöbə rəisinin onunla hədə- qorxu ilə danışdığını iddia edir:
“ƏƏSMN özbaşınalığı ilə bağlı heç bir açıqlama vermir, vermək fikri də yoxdur. Qeydiyyatda oturan yetimlər məni guya nazirliyinin rəhbər heyətinin qəbuluna yazmışdı, heç ondan da bir xəbər yoxdur.

Orda olan iki üç nəfərə niyə yetim deyirəm? Çünki saat 16:00 da nazir, nazir müavinləri, köməkçiləri hətta heç bir şöbə rəisləri yerində yoxdursa, bu iki-üç nəfər həqiqətən əsl yetimdirlər. Bəs saat 16:00 da işdə olmayan harınlamış məmurlar niyə yüksək əmək haqqı alır? Bunların iş saatı günün birinci yarısına kimidir?  Elədirsə, niyə tam əmək haqqı alırlar? Deməli haqqımızı və dövlətin büdcəsindən oğurluq edirlər.

Bir nəfər şöbə rəisi yoxdur ki, nazirliyin qarşısına çıxıb məni qarşılasın. Bir gözümü Vətənə qurban vermişəm, digəri isə cəmi 16 faiz görür. Amma mənə 3-cü qrup əlillik təyin edirlər”.

Baş verənləri “Sherg.az”a dəyərləndirən Qarabağ qazisi Kamil Musavi bildirib ki, vaxtilə oxşar hadisə onun da başına gəlib:

“Qazilik üçün ƏƏSMN-ə müraciət edəndə Səlim Müslümov nazir idi. O zamanlar eyni sözləri mənə də demişdilər. Sənədlərimə baxmadan 3-cü qrup əlillik təyin etdilər. Bu zaman sənədlərimə diqqətlə baxmaqlarını tələb etdim. Çünki mənim bir ayağım və bir gözüm yoxdur. Yenidən yoxladılar və minnətlə “Hə, 2-ci qrup əlillik düşər” dedilər. 

Amma bildirdilər ki, ayağıma görə 2-ci, gözümə görə isə 3-cu qrup əlillik düşür. Söylədim ki, ayağımı və gözümü də eyni yerdə itirmişəm. “Yalnız biri nəzərə alınır, ona görə də iki əlillikdən sadəcə birini seçə bilərsən” dedilər.
Düşünürdüm ki, nazir dəyişəndən sonra belə neqativ hallara son qoyular.

Təəssüf ki, dəyişən bir şey yoxdur, problem sistemdədir. Bu gün qazilərimiz zülm çəkirlər. Elə qazilərimiz var ki, ayaqlarında diz qapağı yoxdur, bağırsaqları kəsilib, amma onlara qazilik vermirlər, sağlam olduqlarını bildirirlər. Ancaq döyüşdən iştirak edib xəsarət almayanlar veteran, yaralananlar isə qazidir.

Nazirliyin qəbul etmədiyi qazi qardaşımızın isə bir gözü yoxdur, digəri cəmi 16 faiz görür. Deməli, bu adamın görmək qabiliyyəti yox kimidir. Belə qaziyə götürüb 3-cü qrup əlillik təyin edirlər. Bütün bunlar əhalidə olan vətənpərvər ruhu öldürməkdir. Fikrimcə, xalqımız bu olanları daha yaxşı dərk edir.

Nə qədər çalışsalar da, milli ruhumuzu öldürə bilməyəcəklər. Düzdür, kimlərinsə əlilliyini yenə səhv müəyyən edəcəklər. Amma vətənpərvərliyimizi öldürə bilməzlər, hər zaman Vətən üçün döyüşməyə hazırıq”.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu