Rusiya rəsmiləri erməniləri anlatmağa çalışır

"Kreml demək istəyir ki, bizsiz Ermənistan yoxdur"

Rusiya Ermənistanın daxili işlərinə qarışmır


Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.
"Bu, (Ermənistanda baş verənlər) suveren dövlətin daxili işidir, bu ölkədə siyasi prosesdir. Heç bir digər qiymətləndirmə ola bilməz", - deyə Zaxarova Rusiyanın Ermənistandakı hadisələrlə bağlı mövqeyinə dair sualı cavablandırarkən bildirib.
"Ermənistandakı vəziyyətin nizamlanması üçün Rusiya vasitəçi ola bilərmi" sualına cavab verən Zaxarova bir daha vurğulayıb ki, baş verənlər suveren dövlətin daxili işləridir: "Müxtəlif politoloji qiymətləndirilmələr var, lakin bizim mövqeyimiz dəyişməzdir".

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.
Ermənistanda belə bir gərgin vəziyyətdə ona ağalıq edən Rusiyanın kənarda seyirci qismində dayanması təəccüb doğurur. 
Bundan əvvəl Rusiya XİN S.Lavrov da eyni məzmunlu açıqlama vermişdi. 

Ümumiyyətlə, son zamanlar rəsmi Moskvanın vassalı olan Ermənistanla bağlı belə mövqe sərgiləməsi nədən irəli gəlir?

Mövzu ilə bağlı daha ətraflı "Şərq"ə danışan siyasi şərhçi Azər Həsrət bildirdi ki, Rusiya bununla Ermənistanın onlarsız heç kim olduğunu bildirmək istəyir:

"Paşinyan hakimiyyətə gələndən sonra özünün hakimiyyətini möhkəmləndirməklə bərabər Ermənistanın ənənəvi Rusiya meylini də dəyişməyə cəhd göstərdi. Daha çox qərbə meyl etdi, Rusiya ilə hesablaşmamağa başladı və s. Rusiyanın vassalı olan Ermənistanın və onun rəhbərinin belə addımlar atması əlbəttə ki, Rusiyanın xoşuna gəlmirdi. Ona görə də Rusiya Ermənistanı bir müddət özbaşına buraxdı və onları öz taleyinin öhdəsinə verdi. Belə bir şəraitdə Ermənistan həddini aşdı, hətta Azərbaycana müharibə elan etdi. Rusiya da çəkilib kənardan müşahidəçi kimi seyr etməyə başladı. Onlar bununla da anlatmağa çalışdı ki, Rusiya olmadan Ermənistanın başına nələr gələcək. 

Nəticədə 44 günlük müharibədə Azərbaycanla Ermənistan təkbətək qaldılar. Azərbaycan da Ermənistanı məğlub etməklə onları kapitulyasiyanı imzalamağa məcbur etdi. Bununla da Rusiyanın Ermənistan üçün nə anlama gəldiyi bəlli oldu. 

Lakin müharibə bitəndən sonra Paşinyan bir qədər özünə gəlməyə cəhd göstərdi və yenə də anti-Rusiya fikirlərindən əl çəkmir. Ona görə də hazırkı şəraitdə Rusiya onları öz talelərinin öhdəsinə buraxıb. Əslində, təbii ki, Rusiyanın gizli xidmətləri və s. öz işindədir. Sadəcə olaraq elə bir şərait yaradılıb ki, Ermənistan bilsin ki, Rusiya olmadan Ermənistan da yoxdur və heç kimdir. 
Bu baxımdan Zaxarova və digər rəsmilər də öz açıqlamaları ilə Rusiyanın önəmini ermənilərə xatırlatmaq istəyirlər. Yəni biz sizin ölkədə söz sahibi deyiliksə siz yoxsunuz".

Ağarza Elçinoğlu

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu