Zatulin kimilər həmişə Azərbaycanın əleyhinə çıxışlar edib

Ancaq onun dediklərinin həmişə əksi baş verib


 Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst siyasətçi Konstantin Zatulin qalmaqallı açıqlama verib. 
O, videokörpü vasitəsilə keçirilən tədbir zamanı sülhməramlıların Qarabağa daimi əsasda gəldiyini söyləyib: “Rusiya sülhməramlıları Dağlıq Qarabağa rəsmi olaraq 5 illik getsə də, düşünürəm ki, onlar həmişəlik ordadırlar. Mən onu da düşünürəm ki, situasiya hazırda inkişaf etdiyi kimi qalsa, müəyyən müddət sonra Zəngəzurdakı Rusiya qüvvələrinin gücləndirilməsi baş verəcək. İnsanların Qarabağdan qaçmaması üçün vəziyyət bunu tələb edir. Ermənilərin öz tarixi torpaqlarında yaşaması bizim üçün vacibdir”- deyə Zatulin əlavə edib.

Rusiya Dövlət Duması deputatının düşünülməmiş, eləcə də ermənipərəst çıxışlar etməsi onların əslində kim olduqlarını bir daha üzə çıxarır. Təbii ki, dövlətlər bir sərsəm fikrlə 10 noyabr sazişinin müddəalarını pozmayacaq. Bunu Azərbaycan və Rusiya prezidentləri dəfələrlə bəyan ediblər və onun yerinə yetirilməsində şəxsən maraqlıdırlar. 

Lakin hər halda adıçəkilən deputat sazişin bəndlərinə, eləcə də dövlətlərin maraqlarına qarşı zidd fikir bildirdiyi üçün cəzalandırılmalıdır.

Məsələyə münasibət bildirən politoloq Əhəd Məmmədli "Şərq"ə danışaraq Zatulinin indiyə qədər Azərbaycana qarşı söylədiklərinin tam əksi olduğunu dedi:

"Onun istək və arzuları tamam başqadır. Həmin o Zatulin idi ki, Tovuz döyüşlərində "Azərbaycan əsgərləri qorxub qaçdılar" deyirdi.

Məhz o, Qarabağa səfərlər edirdi və Qarabağın müstəqil olacağını, eləcə də heç vaxt Azərbaycanın olmayacağını deyirdi. 
Yəni onun dediklərinin həmişə əksi baş verib. 

Amma o, təbii ki, istək və arzularla yox, dövlət siyasəti ilə çıxışlar edir. Rusiya da Jirinovski və Zatulin kimilərinin simalarından istifadə edərək Azərbaycana qarşı informasiya müharibəsi aparmağa çalışır. Yəni bununla bir növ təzyiq göstərir. 

Amma Azərbaycan qətiyyən bu təzyiqlərin qarşısına keçməməli, əksinə, üstünə getməlidir. Qalan 20 faiz Qarabağ ərazilərində də konstitusiya hüququnu tezliklə bərpa etməlidir".

Ağarza Elçinoğlu

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu