Xudafərin gömrük postunun açılması müsbət addımdır


"Məntəqənin açılması Türkiyədən gələn malların Naxçıvan və İrandan keçib Azərbaycana çatması üçün əvəzsiz rolu olacaq"

"Laçında da gömrük postunun yaradılacağını gündəmə gətirmək lazımdır"

Azərbaycanla İran arasında Xudafərin gömrük postunun açılması barədə fikirlər mövcuddur.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dünən keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, İran İslam Respublikası ilə Azərbaycan arasında yeni gömrük postunun açılması ehtimalı var: "İki ölkənin gömrük qurumları və digər qurumlar arasında danışıqlar gedir. Nə vaxt açılacağı ilə bağlı konkret tarix demək olmaz, ancaq iş gedir".



Mövzu haqqında "Şərq"ə danışan ictimai-siyasi xadim, professor Cümşüd Nuriyev bildirdi ki, əslində həmin post 1992-ci ildə açılıb:
"Xudafərin gömrük postu 1992-ci ildə açılıb. Mən onda həmin komitədə birinci müavin idim. Şəxsən özüm açdım həmin postu. Amma qısa müddət sonra ora işğal edildi.
Həmin gömrük postu işğalda qaldığına görə müvəqqəti olaraq bağlandı. Onun yenidən bərpa edilməsi DGK-nın uğurlu bir addımı olacaq. Məntəqə bərpa ediləndən sonra heç bir problem olmayacaq. Çünki tarixi Xudafərin körpüsü ilə bərabər yeni bir körpü də tikilib. Həmin körpünü də Azərbaycan tikib. 

Postun açılması çox vacibdir. Çünki orada Dövlət Sərhəd Xidməti var. Həmin məntəqənin açılması Türkiyədən gələn malların Naxçıvan və İrandan keçib Azərbaycana çatması üçün əvəzsiz rolu olacaq. Həm məsafə qısalacaq, həm də Biləsuvar postunun işini yüngülləşdirəcək. 

Qarabağın bərpası üçün Türkiyədən gətirilən materiallar da həmin yerdən qəbul olunacaq. Ona görə də Gömrük Komitəsinin işi təqdirəlayiqdir. 
Açılması gec olsa da ən azı Laçında da gömrük postunun yaradılacağını elan etməlidirlər. Bu məsələni də gündəmə gətirmək lazımdır". 

Ağarza Elçinoğlu

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu