Geriyə yol yoxdur

Üçtərəfli saziş heç vaxt qüvvədən düşməyəcək

Çünki razılaşma sadəcə Azərbaycan və Ermənistanla deyil, Rusiya başda olmaqla bütün region ölkələrini əhatə edir


Ermənistanda yaşanan hakimiyyət böhranı və baş verən son proseslər 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmaları ilə bağlı da müxtəlif müzakirələrə yol açıb. Daha doğrusu, bununla bağlı müəyyən narahatlıqlar da gündəmə gəlib. Əksəriyyət arxayındır ki, Baş nazir Nikol Paşinyan devrilib, yerinə başqası gəlsə belə, üçtərəfli sazişlər üçün heç vaxt qüvvədən düşməyəcək. Amma belə bir təhlükə var ki, revanşistlərin hakimiyyətə gələcəyi təqdirdə razılaşmanın icrası yubana bilər. Hələlik görünən odur ki, erməni xalqının böyük əksəriyyəti və beynəlxalq aləm legitim hakimiyyətə sahib olan Nikol Paşinyanın yanındadır.

Erməni baş nazirin  mövqeyi rəqiblərindən daha güclü görünür. Amerikanın dövlət katibinin mətbuat xidmətinin yaydığı məlumatda Ermənistandakı siyasi proseslərə qiymət verilir və birbaşa, ya da dolayı yolla Paşinyanın mövqeyi müdafiə edilir. Vaşinqton Ermənistandakı proseslərin dinc yolla həllinin tərəfdarı olduğunu bildirir. Bəyan edir ki, heç bir halda hakimiyyətin zəbtindən söhbət gedə bilməz. Analoji mövqeyi Rusiya da bildirib. Eyni zamanda ortada Türkiyənin mövqeyi də var. Prezident İlham Əliyev də Ermənistandakı proseslərlə bağlı öz mövqeyini ifadə etdi və prinsip etibarı ilə Ermənistandakı indiki hakimiyyətlə razılaşmanın əldə edildiyini vurğuladı. Bu bir daha onu göstərir ki, beynəlxalq aləmdə Paşinyanın mövqeyinə dəstək var və o, yeganə legitim hakimiyyət kimi tanınmaqdadır. Revanşistlər hakimiyyətə gəlsələr belə, baxmayaraq ki, bu ehtimal çox aşağıdır, indiki haldakı kimi radikal ola bilməyəcəklər. Sadəcə, istisna deyil ki, müəyyən qədər onları hakimiyyətə gətirən dairələrin xəttinə uyğun terrorçu davranışlar, təxribatlar törətməyə cəhd etsinlər. Amma yenidən müharibəyə cəhd onların özü üçün də məhv olmaq deməkdir. Həm də nəzərə alaq ki, əməkdaşlıq mühitinin formalaşmasında Rusiya özü də maraqlıdır. Kommunikasiyaların bərpası, dəmiryollarının, avtomobil yollarının qurulması Rusiya-Ermənistan arasında birbaşa əlaqələrin yaradılmasına gətirib çıxarır ki, bu da hər iki ölkə üçün əhəmiyyətlidir. Kommunikasiyaların bərpası Azərbaycan-Rusiya əlaqələrini də yeni mərhələyə keçirir. Bir sözlə, çoxşaxəli əlaqələr sisteminin möhkəmlənməsinə xidmət edir. Amma revanşistlər hakimiyyətə gəlsələr, onların birinci istəkləri Azərbaycanın azad etdiyi torpaqlarla bağlı olacaq. Bu da təbii olaraq rəsmi Moskvanın maraqlarına ziddir. Yəni ermənilər üçün də yeganə yol əməkdaşlıqdır və bunun alternativi özünəqəsddir. 

Ekspertlər vurğulayırlar ki, Ermənistanda baş verən hadisələr hələ də məğlubiyyətin yaratdığı kütləvi psixozun təsiri altında baş verməkdədir. Ancaq təəccüb doğuran odur ki, əslində bu cür emosional davranışlar kapitulyasiyanı qəbul etdikdən dərhal sonra baş verməli olduğu halda, yalnız üç ay sonra baş verir.

Bunun izahı isə belədir ki, deməli, ötən üç ay ərzində Ermənistan cəmiyyəti ictimai şok vəziyyətində olub və ətrafında baş verənlərə adekvat reaksiya göstərə bilməyib. Müharibə o qədər sürətlə və gözlənilməz oldu ki, elə erməni ictimaiyyəti kimi Ermənistanın siyasi sistemini dizayn edən xarici təsir mərkəzləri də şok yaşadılar. Yaranmış vəziyyətdə onlar da necə hərəkət etməli olduqlarını müəyyənləşdirə bilmədilər. Beləliklə, ümumi qeyri-müəyyənlik yaranır. Lakin fakt odur ki, erməni cəmiyyətində obyektiv reallığı dərk edənlər və yeganə çıxış yolunun yeni vəziyyəti qəbul etməkdən başqa çarənin olmadığını görənlər kifayət qədərdir. Elə Paşinyanın mitinqində əzici say üstünlüyünü təmin edənlər də həmin təbəqənin təmsilçiləri idi. Ermənistan cəmiyyətində müharibə vəziyyətindən, Qarabağ məsələsinin onların istədiyi kimi və istədikləri tezliklə həll olunmamasından yorğunluq var. Azərbaycan və Türkiyənin iqtisadi sanksiyalarından, normal münasibətlərin olmamasından da əziyyət çəkirlər. Ermənistan cəmiyyəti yol ayrıcında və düşünən adamlar başa düşürlər ki, onların nicatı Qərbdə və ya Rusiyada deyil, Türkiyə və Azərbaycandadır. Vəziyyətdən Türkiyə və Azərbaycanla normal münasibət qurmaqla çıxa, iqtisadi və sosial durumlarını yaxşılaşdıra bilərlər. Həm də anlayırlar ki, iki qonşu ölkə ilə normal münasibətlər qurmaq üçün Qarabağ xülyasından əl çəkməlidirlər. Çünki Ermənistanın bütün bəlalarının kökündə məhz Qarabağ avantürası, Azərbaycana qarşı ərazi iddiasını reallaşdırmağa hesablanan “mitasum” ideyası dayanır. Hansı ki, 44 günlük müharibə zamanı tarixin zibilliyinə atıldı və bununla erməni xalqına ondan birdəfəlik imtina edib inkişaf yoluna çıxmaq üçün şans yaratdı. Ötən gün İrəvanda keçirilən son mitinq zamanı şəhər sakini, orta yaşlı bir erməni qadını həqiqəti öz dili ilə ifadə etdi: “Kim deyir ki, Şuşa bizim, ermənilərindir?! Şuşa bizim şəhərimiz deyil. Şuşanı o zaman ələ keçirmişik. Şuşa da, Qarabağ da Azərbaycanındır”. Qadının yanında dayananlar da onu dəstəkləyiblər: “Nikol Paşinyan düz edir, onu dəstəkləyirik. Əslən Qarabağdan olanlar 30 il bizi idarə etdilər, bizə divan tutdular. Qarabağı işğal etdik, nə oldu? Ələ keçirdiyimiz ərazilərdə yaşadıq, evlər və məktəblər tikdik?! Yox, hamısı viranə idi. Yüz milyonlarla dollar pulu, milyardları ”Qarabağa xərcləyirik” adı ilə yedilər, həzm etdilər. Bəsdir artıq. Öz dərdimiz özümüzə bəsdir”. Bu tendensiyanın inkişafı fonunda Paşinyan “Qarabağ yükü”ndən qurtulub, Azərbaycanla ərazi bütövlüyünü tanıyan sülh müqaviləsi imzalamağa nail olarsa, o zaman erməni xalqının yaddaşında xain yox, xilaskar kimi qalacaq. 

Politoloq Tofiq Abbasov “Şərq”ə bildirib ki, 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmalarından imtinadan söhbət gedə bilməz. Ekspertin fikrincə, məlum razılaşmalar sadəcə Azərbaycan və Ermənistanı deyil, Rusiya başda olmaqla bütün region ölkələrini əhatə edir:

“Ermənistan müxalifəti üçtərəfli sazişə qarşı çıxır və hesab edirlər ki, üçtərəfli sazişlər birbaşa Yerevanın məğlubiyyətinin və təslim olmasının təsdiqidir. Əslində bu, həqiqətən belədir. Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında açıq şəkildə bəyan etdi ki, 10 noyabrda Ermənistanın kapitulyasiyaya imza atması eyni zamanda de-fakto təslimçi sülh müqaviləsi deməkdir. Amma davam edən müzakirələr fonunda gələcəkdə əlavə olaraq de-yure sülh sazişi də imzalana bilər. İndiki vəziyyətdə erməni müxalifəti ciddi-cəhdlə çalışır ki, Azərbaycanın qələbəsini şübhə altına qoysun. Digər tərəfdən isə revanş götürmək üçün yenidən hazırlıqlara başlasın. Təbii, bu prosesin uzun çəkəcəyi hamıya bəllidir. Çünki Paşinyan tərəfdarları da, “Qarabağ klanı”nı təmsil edən Sarkisyan-Koçaryan cütlüyü də geri addım atmaq barədə düşünmür. Görünür, Ermənistandakı çəkişmələr bir müddət davam edəcək. Ancaq istənilən halda Cənubi Qafqaz regionunda müharibədən əvvəlki vəziyyət əsla geri qayıtmayacaq. Hətta Paşinyanın yerinə gələn siyasi qüvvə belə üçtərəfli bəyanatların icrasından kənara çıxa bilməyəcək. Çünki bu, qaçılmazdır. Artıq üç dövlətin rəhbərləri bu məsələyə konkret münasibət bildirib və prosesdə müəyyən yol qət olunub. Gedişatı tənzimləyən və requlyator kimi çıxış edən də məhz üçtərəfli bəyanatlardır”. 
Analitikin sözlərinə görə, Ermənistandakı proseslərə kənar qüvvələrin müdaxiləsi də var: “Düşmən ölkə rəzil vəziyyətdədir və getdikcə xalq daha yaxşı anlayır ki, onları acınacaqlı duruma salan Qarabağ məsələsidir. Yerevan hökuməti də siyasi fiaskonun, iflasın eşiyindədir. Paşinyan bilir ki, bir müddət sonra Ermənistanda sabitlik yaranmağa başlamasa, ölkəni və xalqı xilas etmək mümkünsüz hal alacaq. Ermənistanı stabilləşdirməyin ən optimal yolu isə üçtərəfli sazişlərə əməl etməkdir. Erməni ictimaiyyəti müvəqqəti dönəmdə təsir altında olub, Sarkisyan-Koçaryan cütlüyünün nağıllarına inanıb. Amma indi ermənilərdə oyanma prosesi gedir. 30 il ərzində bir milləti aldatmaq mümkün deyil. “Qarabağ” alətini itirmiş köhnə klan ermənilərin ittiham hədəfinə çevrilməkdədir. Çünki 30 il ərzində “Qarabağ klanı” milyardları mənimsəyib, xalqı ac-yalavac, səfil durumda qoyub. Ona görə də ermənilər revanşistlərə etimad göstərmir. Sabah hakimiyyətə kim gəlir-gəlsin, erməniləri yenidən müharibəyə, işğala cəlb etmək mümkün deyil”.  

Politoloq Əli Oruclu isə “Şərq”ə vurğulayıb ki, Ermənistanda Paşinyanla siyasi rəqibləri arasında müşahidə olunan qarşıdurma əslində Qərblə Rusiyanın mübarizəsidir. Siyasi şərhçinin sözlərinə görə, Sarkisyan-Koçaryan tandeminin himayədarı Moskva, Paşinyanın arxasındakı gücü isə Qərbdir:

“Hələlik Qərbin mövqeləri daha üstündür. Paşinyana hər baxımdan dəstək verənlərin məqsədi Ermənistanı Rusiyanın orbitindən mümkün qədər uzaqlaşdırmaqdır. O səbəbdən Paşinyan bir müddət hakimiyyətdə qalacaq. Baş nazir özü də müəyyən manevrlər edir, güzəştlərə hazır olduğunu söyləyir. Gələcəkdə Paşinyan hakimiyyətdən getsə belə yerinə gələnlər üçtərəfli anlaşmalardan imtina edə bilməyəcəklər. Çünki bu addımın ilk zərbəsi Moskvanın özünə dəyə bilər. Həm də razılaşmadan imtina müharibə deməkdir. Ermənistan ordusu isə yenidən savaşa başlayacaq gücə deyil. Erməni rəsmiləri özləri də etiraf edirlər ki, darmadağın olmuş ordunu dirçəltməyə ən azı 3 il vaxt lazımdır. Eyni zamanda erməni xalqı da revanşistlərə qarşı çıxır. Bütün bunlar onu göstərir ki, xalq ikinci “Qarabağ klanı”nın formalaşmasına imkan vermək niyyətində deyil”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu