Osman Ərbaşdan danışırlar: “Balaca evdən böyük general..."

Türkiyədə mart ayının 4-də hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki,  hərbi helikopter saat 13.55-də Bingöldən havaya qalxıb, məşum hadisə Bitlisin Tatvan vilayətində baş verib. Qəza nəticəsində 11 hərbçi  şəhid olub,  2 nəfər isə yaralanıb.
Şəhadətə ucalanlar içərisində Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpus Komandiri, general-leytenant Osman Ərbaş da var.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, şəhid generalın məmləkəti Yozqata “od düşüb”. Şəhidin bacısı Hüsniyə Korana deyib ki, O. Ərbaş daim Vətəni üçün çalışıb: 

“Tək qardaşımız idi. Vətən sağ olsun. Allah düşmənlərimizə fürsət verməsin”

Şəhid general Yerköy vilayətinə bağlı Saray kəndində yaşayıb. Bacısı danışır ki, o, 17 yaşında kənddən ayrılıb:

“ Nə tətil bilirdi, nə məzuniyyət. Gecəsini gündüzünə qatırdı. Ana-ata həsrəti ilə yandı”.

O.Ərbaşın doğma kəndinin bələdiyyə sədri Mustafa Qurd generalın axırıncı dəfə 10 ay əvvəl, anası Cəmilə Ərbaşın cənazəsi üçün Yerköyə gəldiyini söyləyib:

“Uşaqlığımız birlikdə keçib. Orta məktəbdə eyni sinifdə oxuyurduq. Hərbi məktəbə qəbul olduqdan sonra Yozqatdan çıxdı. Amma əlaqəmiz heç kəsilmədi. Tez-tez danışırdıq.  Biz onun Baş qərargah rəisi olmasını gözləyirdik, şəhid oldu. Çox kədərliyik”.

Şəhid Ərbaşın doğulduğu 2 mərtəbəli tarixi evi göstərən M.Qurd deyib ki, o, 2007-ci ildə atasını, ötən il isə anasını itirib.

Nədənsə cənab Ərbaşın böyüdüyü evi görəndə bir cümlə keçdi qəlbimdən “ Balaca evlərdə, böyük generallar yetişir”. 
Hər halda Milli qəhrəman Polad Həşimovu xatırladım. Türkün müqəddəs əsgərlərinin, ruhları şad olsun.Dərdiniz dərdimizdir, qardaşlar. Sizi bizdən yaxşı kimsə anlamaz. Başımız sağ olsun!

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu