Ceyhun Mirzəyevin həyat kredosu 

Mart ayının 5-i  aktyor Ceyhun Mirzəyevin anım günüdür. “Ögey ana” dan “ Fəryad”a doğru irəliləyən bir aktyor ömrünün sona çatdığı tarixdir. Onu İsmayılın üsyankarlığı, təmiz qəlbi ilə tanıyıb, “ Fəryad”dakı Vətən dərdi, ürək yanğısı ilə sevdik. Bir də o filmdən sonra bu dərdli adamla vidalaşmalı olduq.   

Gəlin, C.Mirzəyevin həyat yoluna nəzər salaq.

 C.Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlıdır. Aktyor "Görüş" filmində Şıxəlinin oğlu obrazını  canlandırdanda cəmi 11 yaşı var idi. On iki yaşında isə "Ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər hazırlayıb. "Mozalan"ın bədii rəhbəri imiş.

 Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Hətta  bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsusdur.

Ceyhun Mirzəyevin son filmi "Fəryad" dır. Heç özü bu filmi izləyə bilməyib. Vaxtsız ölüm ona filmin premyerasında iştirak etməyə də imkan vermədi.  Deyirlər, studiyada özünü pis hiss edib, Ceyhunu evə güclə çatdırıblar. 1993-cü ilin martın 5-də vəfat edib. Yasamal qəbirstanlığında torpağa tapşırılıb.
Bir vaxt mətbuata müsahibə verən “Fəryad”ın quruluşcu operatoru Kənan Məmmədov C.Mirzəyev haqqında bunları söyləyib:

"Onunla bir nəslin nümayəndəsi idik, çox yaxın dost olduğumuzdan indi də xatirəsi ürəyimə  əbədi  həkk edilib. O, həmişə istəyirdi ki, birgə film çəkək, amma alınmırdı. "Təhminə" filminin çəkilişləri yenicə bitmişdi. Ceyhun bilirdi ki, hələ yeni filmə də başlamamışam. C. Cabbarlı adına kinostudiyanın dəhlizində məni tutdu, dedi ki, "Qarabağ haqqında bir ssenari var, istəyirəm birgə çəkək. Mənə yox demə, çünki bilirəm ki, bu dəqiqə əlində film yoxdur". Ssenarini  oxudum və mənə maraqlı gəldi. Çünki filmin ssenarisi real həyatda olan zabitdən bəhs edirdi. O, zabit  doğrudan da savaş zamanı ermənilərə  əsir düşmüşdü və bir neçə erməni əsiri ilə dəyişmişdilər. Bu ssenarini Vaqif Mustafayev yazmışdı.  Ssenarilə tanış olduqdan sonra görüşdük və film haqqında uzun müzakirəmiz oldu ki, necə, kimi çəkək. Filmin start mərhələsi belə oldu".

Demə, filmin sınaq çəkilişlərində Fəxrəddin Manafov da iştirak edib. Lakin sonra C.Mirzəyevin çəkilməsi təklif olunub:

“Çox təəccüb etdim, çünki o rol üçün Ceyhun tam da uyğun deyildi. Yəni boyu bəstə, kilo baxımından ağırlaşmış və s. idi. C.Mirzəyev bildirdi ki, filmə özü çəkilmək istəyir. Amma mən öz fikrimi demədim. Çəkilişlər başladı, nəticə çox gözəl oldu. Onun daxili iztirabları, düşüncələri hamısı həqiqət idi. Film çəkilməmişdən əvvəl onun təsvir sistemini qurmuşdum. Qərara gəldim ki, filmi xronika səpkisində çəkmək lazımdır. Rəngli filmdir, amma tamaşaçı onu ağ-qara kimi qəbul edir. Buna səbəb odur ki, mən bütün kadrlarda olan rəngli əşyaları, geyimləri, elementləti çıxartdım. Ancaq real rənglərdən istifadə edərək xronika stilini saxladım".

Ceyhun Mirzəyev filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyir, amma “Fəryad” filminin çəkilişlərindən sonra o, mikroinsult keçirir. İki həftəlik müalicənin ardınca yenidən filmin işlərini davam etdirməyə başlayır.

1993-cü il martın 5-də , 47 yaşının tamamına 1 ay qalmış Ceyhun Mirzəyev telestudiyaya gedir. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşir. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmayıb. Yalnız əli ürəyinin üstündə olub. 

Xanımı danışır ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb”.

İndi 2021-ci ilin mart ayıdır. Ötən il 44 günlük müharibədə tarixi qələbə qazandıq. Əfsuslar olsun ki, Ceyhun Mirzəyev zəfər sevincini yaşaya bilmədi. Çünki 28 il öncə Qarabağ dərdi ilə əbədiyyətə qovuşdu.

“İsmayıl”ın ruhuna sayğılarla...


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu