Nəsir İmanquliyev anıldı - FOTOLAR 

Bu gün media nümayəndələri  əməkdar jurnalist və mədəniyyət işçisi, elmi-ictimai xadim Nəsir İmanquliyevi ziyarət ediblər. Onların sırasında Mətbuat Şurasının sədri Əflatun Amaşov,  Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat fondunun rəhbəri Umud Mirzəyev, MŞ-in sədr müavini Müşfiq Ələsgərli, “Xalq” qəzetinin məsul redaktoru Tahir Aydınoğlu da yer alıb.


Ə.Amaşov Nəsir İmanquliyevin məzarı başında çıxış edib. Və deyib ki, Nəsir müəllim hələ tələbəlik illərində “Kominist”, “Yeni Yol” və  “ Gənc işçi” qəzetlərində çalışıb:

“Müharibə zamanı “Döyüşən Kırım “ qəzetinin  məsul katibi olub. SSSR-də ilk qəzetlərdən sayılan  “Bakı” və “Baku”nun yaradılmasında yaxından  iştirak edib. Uzun müddət hər iki qəzetin baş redaktoru kimi fəaliyyət göstərib. Nəsir müəllim  hər birimizin  yaddaşında nümunəvi həyat yolu ilə qalıb və ideala çevrilib. O, sözün əsl mənasında ziyalı idi.

1939-cu ildə Mərkəzi Komitə erməni və gürcü dilinə müəyyən güzəştlərin qəbul olunması ilə bağlı qərar qəbul etdi. Lakin Azərbaycan dilinə güzəştlər yox idi. O zaman ziyalılarımız çox narahat oldular. Buna görə Moskva “Yeni yol” qəzetini bağladı. Nəsir müəllim də o zaman “ Yeni yol”da çalışırdı.

O, etiraz olaraq Azərbaycan rəhbərliyinə məktub göndərdi və şəxsən bunu Azərbaycan dilinə basqı kimi dəyərləndirdi. Repressiya dönəmində Nəsir müəllim belə cürətli addım atdı. Ruhu şad olsun, onun xatirəsi bizim üçün əbədidir. Nəsir müəllim bizim üçün kişilik və ziyalılıq məktəbidir”.

 Professor C.Məmmədli isə Nəsir İmanquliyevin onun müəllimi olduğunu söyləyib:

“Jurnalistika fakültəsində bizim xoşbəxtliyimiz Nəsir müəllimdən dərs almaq idi. O, həm nəzəri, həm də praktiki cəhətdən bizi ovcunda saxlayardı. İstedadlı tələbələri “Bakı“ qəzetində işə dəvət edirdi.

Nəsir müəllim fakülətimizin brendi idi. İki müəllimim var: Şirməmməd Hüseynov və Nəsir İmanquliyev. Onlar bizə daim qayğı göstəriblər. Ruhları şad olsun”.

Digər mətbuat nümayəndələri də Nəsir İmanquliyev haqqında danışıblar və onun ruhuna dualar oxuyublar. 

Ziyalılar, həmçinin görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovu da ziyarət ediblər.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu