"Rusiya müharibənin başından planı hazır saxlayırdı" - Mehmet Fatih Öztarsu

"Ona görə də anlaşma sonrası dərhal sürpriz şəkildə rus əsgərlərinin bölgəyə gedəcəyini elan etdi"
"Yekun sülh olmadığı üçün münaqişə riski qalmaqdadır"
"Azərbaycan və Ermənistanın ortaq qərarı ən ideal variantdı"

"Siyasi çəkişmələr davam edərsə, Rusiya daha 50 il Qarabağda qala bilər"

  Ermənistanda davam edən siyasi böhranın hansı nəticələrlə yekunlaşacağı diqqətlə izlənilir. Hadisələrin gedişi mövcud böhranın asanlıqla sona yetməyəcəyini göstərir. Hazırda Ermənistanda baş verənlərin ölkəmizdə də xüsusi diqqət mərkəzində saxlanılmasının başlıca səbəbi tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi” üzrə Bakı və İrəvan arasında imzalanan razılaşmaların icra səviyyəsi ilə bağlıdır.

Azərbaycan, Ermənistanda dəyişikliklərdən asılı olmayaraq, məlum razılaşmaların icrasını vacib sayır və bunun dövlətlərin üzərinə götürülmüş öhdəlik olduğunu bir daha xatırladır. Ekspertlər də bildirirlər ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə məcburdur və bu ölkədə hakimiyyət dəyişikliyi olsa belə, həmin öhdəliklərin icrasından imtina mümkün deyil. Çünki üçtərəfli razılaşmaların əsas qarantoru Rusiya özüdür.



Bölgədə baş verənlər, Qarabağ ətrafında cərəyan edən proseslərlə bağlı “Şərq”in budəfəki müsahibi, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsudur...

 - Mehmet bəy, 10 noyabr və 11 yanvar tarixlərində imzalanan üçtərəfli razılaşmalardan sonra baş verənləri necə şərh edərdiniz? Bölgədə yenidən müharibə riski varmı? 

 - 44 günlük müharibənin Rusiyanın müdaxiləsi ilə atəşkəslə sona çatması və tərəflərin bir araya gətirilərək yeni formatlar üzərində müzakirələr aparılması regionda müvəqqəti sabitliyə hesablanıb. Hələ də yekun sülh əldə olunmadığı üçün münaqişə riski qalmaqdadır. Yeni qarşıdurmanın hansı mərhələdə və hansı formada baş verəcəyi isə hələlik məlum deyil. Rusiyanın məqsədi tərəfləri münaqişəsiz formada tərəfdaşlığa aparacaq yolu hazırlamaqdır. 30 ildən sonra çözülən problemin bölgəyə vurduğu ziyan göz qabağındadır. Bu səbəbdən Rusiyanın münaqişə əvəzinə ortaqlıq və tərəfdaşlıq təklifi həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya üçün faydalıdır. Bu, digər qonşu dövlətlərə də fayda gətirir. Yüksək rəsmilərin iqtisadi layihələrin reallaşması fonunda Türkiyə və İranın adını hallandırması buna misaldır. İndiki vəziyyət Bakı və Ankara üçün əlverişlidir. Onsuz da Türkiyə və Azərbaycan 1990-cı illərdən bəri davamlı olaraq bölgədə regional layihələrin, birgə əməkdaşlığın önəminə diqqət çəkir. Hazırda ümumi vəziyyət sabit görünür. Lakin Ermənistan tərəfində qeyri-müəyyənlik var. Yerevan danışıqlar çərçivəsində və qısamüddətli təşəbbüslərlə bağlı indiyə qədər konkret mövqe ortaya qoymayıb. Bunun əsas səbəbi müxalifətlə iqtidar arasında sürtüşmənin davam etməsidir. Erməni xalqı və müxalifət məğlubiyyətin şokundan hələ də özlərinə gəlməyiblər. Həmçinin, buna səbəb olan siyasətçiləri cəzalandıra bilmədikləri üçün də çox narahatdırlar. Belə bir mühitdə Paşinyan hökuməti məsələ ilə bağlı konkret fikir ifadə etmək iqtidarında deyil.

 - Ermənistanda qarşıdurma səngimir. Hətta Baş nazir Nikol Paşinyanın devrilməsi də ehtimal olunur. Sizcə, indiki hökumətin revanşistlərlə əvəzlənməsi üçtərəfli razılaşmaların pozulmasına səbəb ola bilərmi? 



 - Ermənistandakı hökumət və ya idarəetmə dəyişikliyi mövcud vəziyyətə mənfi təsir göstərə bilər. Düzdür, Paşinyan regional layihələrdə maraqlıdır və bunu açıqca ifadə edir. Lakin baş nazirin buna zamanı çatacaqmı? Fikrimcə, onun çox vaxtı qalmayıb. Dəstək mitinqlərinə baxmayaraq, ölkədə prezidentdən tutmuş kilsəyə qədər önəmli kəsim anti-Paşinyan mövqedədir. Onun ən qısa müddətdə vəzifəsindən getməsini istəyirlər. Paşinyanın təlatümlü siyasi mühitdə rahat hərəkət etməsi mümkün deyil. Baş nazir əvvəldən müxalifət üçün ciddi problem sayılırdı. Robert Koçaryan və Serj Sarkisyana qarşı istintaq açması, rüşvətxor iş adamlarına qarşı həbslərə başlaması xalq tərəfindən dəstəklənsə də, məğlubiyyətdən sonra vəziyyət dəyişdi. İndi “Qarabağ klanı”nın özlərinin “haqlı” olduqlarını sübut etmək üçün əlverişli imkanları var. Ancaq sabah hakimiyyətə revanşistlər gəlsə belə Yerevan Moskvanın sözünə tabe olacaq. Yeni hökumət də mövcud status-kvonu dəstəkləyən siyasətə üstünlük vermək məcburiyyətində qalacaq. 

 - Daim gündəmdə olan məsələlərdən biri də Rusiya sülhməramlılarının Qarabağda yerləşməsidir. Sülhməramlıların fəaliyyəti və bəzi hallarda qanundan kənar hərəkətlərini necə şərh edərdiniz?

 - Rusiyanın sülhməramlılarla bağlı israrlı mövqeyi 1990-cı illərdən bəri məlumdur. Müzakirələrin ilk illərində Moskva ATƏT-in Minsk qrupunun təklif etdiyi beynəlxalq barışıq məsələsinə qarşı çıxdı və bunun əvəzinə Rusiya sülhməramlı qüvvələri ideyasını qəbul etdi. Moskva 44 günlük müharibənin başından etibarən bu planı hazır vəziyyətdə saxlayırdı. Ona görə də anlaşma sonrası dərhal sürpriz şəkildə rus əsgərlərinin bölgəyə gedəcəyini elan etdi. Rusiya həmsədrlərin fəaliyyətsizliyində və ABŞ-dakı prezident seçkilərindən ustalıqla istifadə edərək ləngimədən bölgədə qərarlaşdı. Bu, 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən sonra ruslar üçün ən vacib strateji addımlardan biridir. Əlbəttə, burada bir çox sual ortaya çıxır. Məsələn, qonşu bir ölkənin “sülhməramlı qüvvə” adı ilə Qarabağda olması nə dərəcədə doğrudur? Minsk qrupunun rəyini almadan hərəkət etmək düzgün idimi? Beş ildən sonra fərqli bir mühit yaranacaqmı? Bunlar Rusiya tərəfindən cavablandırılması lazım olan vacib suallardır. Ancaq Moskvanın cavab vermək niyyəti yoxdur. Azərbaycan və Ermənistanın bu mövzuda diqqətli olması və mümkünsə ortaq qərarla növbəti beş il üçün hazır olması idealdır. Siyasi çəkişmələr davam edərsə, Rusiya daha 50 il Qarabağda qala bilər. 

 - Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bir müddətdir fəaliyyət göstərir. Qardaş Türkiyənin yer aldığı bu Mərkəz Qarabağ, bütövlükdə Azərbaycan üçün nə qədər vacibdir?

 - Sözün açığı, Rusiyanın Türkiyəni Qarabağda aktiv fəaliyyətə cəlb etməsi təəccüblü məqam idi. Əlbəttə, Türkiyənin hərbi-siyasi gücü vacib faktordur, ancaq dövlətlər bu cür məsələlərdə eqoist davranış sərgiləyir və digər oyunçulara imkan vermirlər. Bu məqam bir çox aspektdən şərh edilə bilər. Ola bilsin, Rusiya bölgədə balans yaratmaq üçün Türkiyə ilə birlikdə hərəkət etmək qərarına gəlib. Yaxud son illərdə Ankara hökumətinin Qərbli müttəfiqlərini tənqid etməsindən yararlanmaq, Türkiyənin xarici siyasətində dəyişiklik etmək niyyətindədir. Düzdür, ilk başda söz verildiyi kimi Türkiyəyə arzulanan rol verilmədi, amma mövcud vəziyyət tərəflərin qane olduğunu göstərir. Prosesin hansı istiqamətə yönələcəyini isə zaman göstərəcək. Ən azından Azərbaycanın ən yaxın tərəfdaşının – Türkiyənin bölgədə olması yeni münaqişə riskini azaldan vacib amildir.

 - Demək olar ki, bütün üç, ya da dördtərəfli görüşlərin əsas müzakirə mövzusu bölgədə kommunikasiyaların bərpasıdır. Bu məsələ Cənubi Qafqaz üçün nə qədər önəmlidir?



 - Bütün layihələrin əsas məqsədi regional inteqrasiyaya nail olmaqdır. Bunu Moskvanın açıqlamalarında və öhdəliklərində aydın görmək mümkündür. Azərbaycanın illərdir vurğuladığı kimi Ermənistanın regional layihələrdə iştirakı münaqişənin qalıcı sülhlə sonlanması üçün önəmli fürsətdir. Ümumən isə Şərq-Qərb və Şimal-Cənub arasında dəmiryol xətləri, enerji layihələri, ticarət yollarının yaradılması, Ermənistanın da bu layihələrə daxil edilməsi zəruridir. Azərbaycanla yanaşı, Rusiya da nəqliyyat dəhlizinin yaradılmasında maraqlı və qətiyyətlidir. Moskva Ermənistanın təcrid olunması və daxili çöküşündən narahatdır. Çünki belə çürük bir rejim Rusiyanın regional maraqlarına ziddir. O baxımdan bölgədə dirçəliş və tərəfdaşlıq ilk növbədə Moskvanın istəyidir. Məncə, regional inkişaf ilk növbədə Qarabağı dirçəltməklə mümkündür. 

 - Hazırda “3+3” formulu, yəni “altılıq” platforması da gündəmdədir. Gürcüstan və Ermənistanın soyuq münasibətini nəzərə alsaq, bu platformanın həyata keçməsi nə dərəcədə realdır?

 - Regional platformalarla bağlı Türkiyə 1990-cı və 2000-ci illərdə təşəbbüslərlə çıxış etmişdi. Eks prezidentlər Süleyman Dəmirəl, Əhməd Necdət Sezer Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə “Qafqaz İttifaqı” təklifini irəli sürmüşdülər. Ancaq o dövrün siyasi şərtləri səbəbindən bunlar reallaşa bilmədi. İndi İranın da yer aldığı “altılıq” platformasından söhbət gedir. Gürcüstan və Rusiyanın hansısa vahid platformada razılaşma ehtimalı azdır. İranın bu prosesə nə qədər töhfə verəcəyi və nə qədər istəkli olduğu da məlum deyil. Nəzərə alaq ki, 44 günlük müharibənin dolayı yolla mənfi təsir göstərdiyi iki ölkə - İran və Gürcüstandır. Sözügedən regional layihələrdə Gürcüstan və İranın o qədər qazanclı çıxmayacağı ortadadır. Çünki əvvəlki vəziyyət iqtisadi baxımdan bu iki ölkə üçün daha faydalı idi. Rəsmi Tehranın bu işdə hansı niyyət güdməsi mənə aydın deyil. Hər halda hesab edirəm ki, bu cür təşəbbüslər üçün bir az daha vaxta ehtiyac var. 



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu