Çeşid çox, qiymət yüksək, keyfiyyət isə... – REPORTAJ

Novruz bayramına sayılı günlər qalıb. Artıq əksəriyyət bayram hazırlığı görüb. Adət-ənənəyə uyğun Novruzda süfrə bol-bərəkətli olmalı, növbənöv ərzaqlar düzülməlidir. İndi də vitrinlərdə ən çox  çərəzlər, ləpələr, xurmalar var. Xanımlar şirniyyat - şəkərbura, paxlava bişirməyə başlayıb. Elə bu məqamda aktual bir mövzu gündəmə gəlir. Görəsən yarmarkalarda, marketlərdə qiymətlər necədir? Ən sərfəli bayram alış-verişini hardan etmək olar?


Bazardakı vəziyyəti öyrənmək və qiymətlərlə tanış olmaq üçün Yasamal rayonunda yerləşən bir neçə marketə baş çəkdik. Əvvəlcə metronun “Nizami” stansiyası yaxınlığında yerləşən ərzaq mağazalarında olduq.

İlk daxil olduğumuz dükan bayram məhsullarını satışa çıxarıb. Gördüyüm qədərilə qiymətlər bir az bahadır. Quru meyvələr və çərəzlər hətta marketlərdəkindən də artıq qiymətə satılır.

Bir-neçə sual verib, mallara tələbatın olub-olmadığını soruşdum. Lakin satıcı sualları cavablandırmaq istəmədi, işlərinin çox olduğunu söylədi.

Yolboyu uzanan mağazalara göz gəzdirdim. Bəli, səmənilər  də vitrinlərdəki öz yerlərini alıblar. Bir də gül dükanlarında yazın simvolu olan çiçəklər, bənövşəyə bənzər dibçək gülləri diqqət çəkir.

Onların qiyməti 2  ya da 3 manatdan başlayır. Bu da məkana görə dəyişir. Əslində isə üç-dörd il öncə həmin güllərin qiyməti sadəcə 50 qəpik idi.

Nə deyək? Yəqin illər ötdükcə onlar da dəyişir. Hamımızın sevdiyi Nərgiz güllərini hər metrostansiyanın çıxışında görə bilərsiniz. Bir dəstəsi 1 manatdan başlayan qiymətlərə satılır. Açığı yeri gəlmişkən iradımı da bildirim. Nərgiz dəstələrində sadəcə 3 gül yerləşdirilir, qalanı isə yarpaqdır. Nə isə... Keçək ərzaq məhsullarına...

Bir dükan tapmaq ümidi ilə yolboyu irəlilədim, sonra yenidən öz tanıdığım yerlərə qayıtmaq qərarına gəldim. “Sovetski”nin dar küçələri ilə yuxarı qalxdım. Burda bir meyvə mağazasına girdim. Alıcı kimi müşahidə edib, qiymətlərə baxdım. Düzü, adi günlərdən fərqləndiyini düşünmürəm.

Məsələn, alma 1.50, heyva isə 2.50 AZN-dən başlayır, nar isə təxminən 3 ilə 4 manat arasında dəyişir. Əgər süfrənizdə fərqli təamlardan dadmaq istəyirsinizsə, göbəliyin qiyməti də 3 manatdır. Portağal 2 manat, mandarin 1.90, göy-göyərtilər 20, ya da 15 qəpikdir.

Səmənilərin isə qiyməti formasına və ölçüsünə görə dəyişir. İstəyən sadə, ürək, ya da buta formasında ala bilər. Təbii, o sizin büdcənizə baxır.
Həmin dükanın yanında bir də çərəz mağazası var.

Ora da göz gəzdirdim. Misal üçün qovrulmuş fındığın kilosu 13 manatdır, gavalı qurusu 9 manat, gilas qurusu 12, vişnə qurusu 11.50, ərik qurusu 5 manatdır. Kişmişlərin qiyməti isə 5 AZN-dən başlayır. Qoz 4.50 AZN, qoz ləpəsi isə müxtəlif qiymətlərə satılır, ən ucuzu 5.70 AZN-dir.

Satıcı Əli Məmmədov deyir ki, qiymətlər ötən ilə nisbətən daha ucuz olsa da, alıcı yoxdur. Doğrudan da bir-neçə dəqiqə orda durmağıma baxmayaraq, bir müştəri belə gəlmədi. O, dükanın yan tərəfində isə balıq satılır. Balığın kilosu 5 manatdır. Balıqlar da olduqca böyükdür. Yəqin biri çox baha-başa gələr, deyə düşünürəm.

Sizin üçün böyük marketlərdə də müşahidə apardım. Öncə “Araz”a daxil oldum. Burda ilk ləpə və çərəzlərə baxdım. Bu marketdə kilosu 35 manat olan qoz ləpəsi də var, 12 manat olan da. Yəni çeşid çoxdur, qiymətlər də müxtəlifdir. Digər qiymətlər isə aşağıdakı kimidir:

Badam 1 kq18.68, püstə 1 kq 27.81, portağal 1kq 1.79, pomidor 1 kq 1.79 , dana əti 1 kq  9.49, quzu əti 1 kq 12.49 AZN-a bazarlanıb. 
Novruz bayramında xüsusi bəzəklərdən istifadə etmək istəyirsinizə, onların da qiymətinə nəzər yetirin. Məsələn, “Araz”da Şəkərbura, Buta formasındakı şamlar 99 qəpik, Səməni şamları isə 1.35 AZN-dir.

Bunlara göz gəzdirərkən Nərgiz adlı bir tələbə xanımla rastlaşırıq. Qiymətlər haqqında bir neçə sual verirəm. O isə tələbə üçün çox baha olduğunu söyləyir.

Nə isə... Səsinə həsrət qaldığımız, metrodakı xanım demiş, “ Növbəti stansiya... “ Bravo” süpermarketdir”.
Burda çeşid və növ digərinə nisbətən daha çoxdur. Elə girişdən etibarən Novruzla əlaqəli çərəzlər görünür. Gəlin, onların da qiyməti ilə tanış olaq.

Yerfıstığı 4.99 AZN-dir, qabıqlı badam isə 6.99 AZN.  Yerli qoz 6.90, İnnab 3.59-dur. Bununla yanaşı qovrulmuş fındıq 20.45,  Çöpsüz kişmiş 18.99, Sarı kişmiş isə 13.49-dur. Qarışıq ləpənin kilosu 16.59 AZN-dir.

Elə qiymətlərə baxarkən, bir xanım yaxınlaşır. Görünür, bayram üçün bazarlığa gəlib. Söhbət etməyə bir mövzu axtarıram. Xanım məndən öncə davranır və deyir: “Ləpə alacaqsınızsa, “Xaçmaz fındığı”ı yaxşıdır. Özü də endirimdədir”. Hər halda qiymətlərdən razıdır. Bir xeyli alış-veriş edib, gedir.
Mən də marketdə bir az dolanıb çıxıram. Burda isə bayram ab-havası olduqca yüksəkdir. Market Novruza aid dekorlar, milli atributlar ilə bəzədilib.
Əldə etdiyimiz məlumata görə yarmarkalarda da vəziyyət təxminən eynidir.
Seçim isə sizə məxsusdur. Bayramınız mübarək ! 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu