Türk jurnalistdən sensasiya: “Qarabağda işğal təhlükəsi...” - Hərbi, iqtisadi tədbirlər görülsün !

Prezident, Ali Baş Komandan İlham Əliyev Novruz bayramını ailəsi ilə birlikdə Şuşada qeyd etməklə təkcə otuz illik arzumuzu reallaşdırmadı, həm də dostlarımızı sevindirdi. Əlbəttə, ilk sevinənlərdən biri məhz qardaş Türkiyədir. Rəsmi Ankara müharibənin ilk günündən etibarən olduğu kimi indi- diplomatik cəbhədə də yanımızdadır. 

İki qardaş dövlət, iki qardaş xalq qələbə sevincini birlikdə yaşayırlar. Türkiyəli jurnalist, iqtisadçı, “Turcomoney” jurnalının direktoru Kazım Kılıçın “Sherg.az”a müsahibəsində dediyi kimi, bizim buna haqqımız çatır:

- Azərbaycanın tarixi zəfərini necə qiymətləndirirsiniz?

- Qardaş Azərbaycanın tarixi qələbəsi hər cəhətdən təqdirəlayiqdir. Həm haqsızlıqlara, qətliamlara, işğallara qarşı olan bir insan, həm də türk olaraq özümü xoşbəxt sayıram. Çünki Qarabağ Azərbaycan torpaqlarıdır. O vaxt Ermənistan müstəqilliyini yenicə elan etmiş, iqtisadi, siyasi problemləri həll etmək üçün çalışan Azərbaycanın torpaqlarını Rusiyanın dəstəyi ilə işğal etdi. Bu təcavüzdən sonra isə insanlıq tarixinə qara səhifə kimi düşən Xocalı qətliamı törədildi. Həmin faciə zamanı 600-dən çox azərbaycanlı qətlə yetilrildi. Bu, Azərbaycan xalqı və Türkiyə üçün sağalmaz yara idi. Qəribədir, Qarabağı işğal etməsi ilə kifayətlənməyən düşmən keçən il də Tovuza hücum etdi. Amma indi vəziyyət çox fərqli idi. İndi ermənilərin qarşısında 1990-cı illərə nisbətən xeyli inkişaf etmiş, müdafiə sənayesini və hərbi gücünü artırmış bir Azərbaycan vardı. Ermənistan xalqında isə sosial narazılıqlar artmaqda idi. Qarabağı işğal edəndə Rusiyanın dəstəyini alan Ermənistan bu dəfə istədiyi köməyi görmədi. Ümumiyyətlə, ermənilərin sizin tarixi torpaqlarınızı zəbt etdiyi artıq bütün dünya ictimaiyyətinə məlumdur. Elə ona görə də ermənilərin Tovuz təxribatı ürəklərində qaldı. Bu dəfə “sərt qayaya dəydilər”. Azərbaycan ordusu fürsətdən istifadə edərək əks-hücuma keçdi və torpaqlarının böyük bir hissəsini “təmizlədi”. Beləliklə, bayaq dediyim yara tədricən sağalmağa başladı. Bu münasibətlə Azərbaycanı təbrik edirəm.

- Bu dövrdə jurnalistlər necə davranmalıdırlar? Xəbərçilik, yoxsa vətəndaşlıq mövqeyi ön plana çıxmalıdır?

- Jurnalistika xalq naminə idarəetməni sorğulayan, səhvləri, çatışmazlıqları ortaya qoyan, həqiqətlərin axtarışında olan peşədir. Jurnalistika obyektiv, doğru xəbərçilik deməkdir. Deməli, biz həqiqətləri yazmalı, ədalətin, hüququn tərəfində olmalıyıq. İslamda da göstərilir ki, haqsızlığı, zülmü kim törədirsə, törətsin, günahsızın tərəfində olmaq lazımdır. İkinci bir tərəfdən, mətbuat nümayəndələri də insandırlar. Ona görə mən məsələyə “Əvvəl insanam, sonra jurnalistəm” prizmasından yanaşılmasının tərəfdarıyam. Bu nöqteyi-nəzərdən də haqlı olan məhz Azərbaycandır. Zülm edən, bir ölkənin torpaqlarına göz dikən, qətliam törədən isə Ermənistandır. Deməyim odur ki, jurnalistlər hər şeydən əvvəl insan kimi haqlının, yəni rəsmi Bakının yanında olmalıdırlar.

- Düşmən dezinformasiyalarının qarşısını necə almaq lazımdır?

- Kommunikasiya, sosial media dövründə yaşayırıq. Dezinformasiyaların qarşısını almaqdan ötrü bütün imkanlardan istifadə edilməlidir. Beynəlxalq media quruluşlarının rəhbərləri hadisə yerinə dəvət olunmalıdır. Bu zaman onlar saxta xəbərə yox, gördüklərinə inanacaqlar. Həqiqət günəş kimidir, üstünü örtmək olmaz. Gərək biz də günəş kimi olaq. Dürüstlükdən, ədalətdən ayrı qalmayaq. Və dediyim kimi, gerçəkləri dünya ictimaiyyətinə çatdırmaq naminə bütün imkanlardan yararlanmalıyıq.Yalan məlumatlara dərhal cavab verilməlidir.

 - Müharibə zamanı türk jurnalistlər Azərbaycanda oldular, haqq səsimizi dünyaya çatdırdılar. Bunun əhəmiyyətini bir də sizdən eşidək.

- Azərbaycanla qardaşıq. Qardaşlıq isə belə çətin vaxtda birlikdə olmağı tələb edir. Qardaşlıq çətin vaxtlarda birlikdə ağlamağı, birlikdə kədərlənməyi, dərdləri paylaşmağı, gözəl zamanlarda isə xoşbəxtlikləri, uğurları paylaşmağı tələb edir. Odur ki, belə bir uğur üçün mən də Azərbaycan xalqının, qardaşlarımızın xoşbəxtliyini paylaşıram.

-  Ermənistandakı müxalifət “revanş almaqda” iddialıdır. Hərbi əməliyyatlar bərpa oluna bilər?

- Ermənistan tarixinin ən çətin dövrünü yaşayır. Hər nə qədər məğlubiyyəti qəbul etməyib, həmin torpaqları yenidən işğal etməyə çalışsa da, bu, indiki mərhələdə çox çətindir. İstər daxili vəziyyət, iqtisadi böhran, istərsə də beynəlxalq münasibətlər sistemi Ermənistana hansısa “şıltaqlıq” üçün imkan vermir. Azərbaycan isə bu günlərdə iqtisadi və hərbi qüdrətini artırmalıdır.

- Qarabağın dirçəlməsi üçün orada hansı iqtisadi addımlar atılmalıdır?

- Bəli, Qarabağın yenidən inşa edilməsi çox mühümdür. Başda türk firmaları olmaqla beynəlxalq investorların diqqətini cəlb etmək lazımdır. Qaçqın və köçkünlərin ən qısa zamanda evlərinə qayıtmaları üçün bütün zəruri addımlar atılmalıdır. Qarabağın tarixi  məkanları restavrasiya olunaraq turizm obyektinə çevrilməlidir. Əcnəbiləri cəlb etməkdən ötrü Bakı- Tbilisi- Qars dəmiryolu xətti və aviareyslərlə geniş perspektivlər açılmalıdır. Buranın hüzur, sülh bölgəsi olması üçün hər cür addım atılmalıdır. Bölgənin təkrar işğal edilə biləcəyi təhlükəsini nəzərə alaraq bütün hərbi və iqtisadi tədbirlər görülməlidir.

- Proseslərin bundan sonrakı inkişafını necə təxmin edirsiniz?

- Ermənistanda hazırda daxili vəziyyət xeyli qarışıqdı. Çevriliş cəhdləri, küçə nümayişləri iqtidarı bezdirib. Müxalifət hakimiyyətə qarşı radikal mövqe sərgiləyir. Onlar məğlubiyyəti həzm edə bilmir və münasib vaxtda hücuma keçmək istəyirlər. Amma bayaq da dediyim kimi, Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdədir. Gənclərin əksəriyyəti Rusiyada və Avropa ölkələrində iş axtarır. Yəni dərin bir xaotik durum hökm sürür. Azərbaycanın əvvəlki Azərbaycan olmadığı və Türkiyənin də rəsmi Bakının yanında olması faktları düşməni daha da çəkindirir. Azərbaycan Qarabağın dirçəlməsi üçün işləri mümkün qədər tez başlamalıdır. Təkrarlayıram, bütün ehtimallar nəzərə alınmalı və adekvat tədbirlər görülməlidir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu