Türkiyəli jurnalistdən xəbərdarlıq: “Aramızı vurmaq istəyənlər olacaq” – Hazır olaq ! 

“Biz onsuz da qardaşıq.. Fəqət, həm Türkiyə, həm də Azərbaycan güclü dövlətdir”

“Biz düşmənə layiqli cavab vermək əzmindəyik. Sadəcə bunun üçün ortaq məqsədlər olmalıdır”

“Fikrimcə, iki qardaş dövlətin sülh və sabitlik arzusu regionda iqtisadi, mədəni əməkdaşlığı gücləndirəcək”


Qardaş Türkiyə Vətən müharibəsinin ilk günündən etibarən bütün cəbhələrdə yanımızda oldu. Onlar bizə mənəvi dəstək verməklə kifayətlənmədilər. Həm də diplomatiyada, informasiya müharibəsində səylərini əsirgəmədilər. Xüsusilə jurnalistlərin rolu danılmaz idi. Əlbəttə, bütün media işçilərinin Azərbaycana gəlməsi mümkün deyildi. Lakin hər birinin, o cümlədən də Didem Ünsalın duaları bizlərlə idi. Türkiyəli soydaşımızın “Sherg.az”a bilits müsahibəsi onun “iki dövlət, bir millət” prinsipinə sadiqliyinin təzahürüdür: 

-Tarixi qələbəmizi necə qiymətləndirirsiniz?

- Əlbəttə, bu, Türkün zəfəridir. Atatürkün söylədiyi kimi, “Türkəm” deyən xoşbəxtdir. Prezident İlham Əliyevin  möhtəşəm qələbə nitqini həyəcanla, qürurla izləyirdik. Müharibə olmasa daha yaxşı olardı, amma Ermənistan təxribatları ilə bu savaşa da, məğlubiyyətə də layiq olduğunu göstərdi. 

- Ölkəmizdəki hadisələri haradan izləyirdiniz?

-  Xəbərlərə də baxırdım. Lakin daha çox sosial mediadan, xüsusilə Twitterdən izləməyə çalışırdım. 

- Bildiyiniz kimi, 44 günlük hərbi əməliyyatlar dövründə türkiyəli jurnalistlər də Aəzrbaycanda oldular. Bunu əhəmiyyətini nədə görürsünüz?

-  Sözsüz ki, belə bir təşəbbüs vacib idi. Hətta simvolik olsa, belə. Şəxsən həmkarlarımızın qardaş azərbaycanlılara dəstək olmasından qürur duydum. Amma orada olmaq hələ hər şey demək deyil. Əsas məsələ xəbərçilik prosesinin necə yerinə yetirilməsindədir. 

- Savaş müddətində Türkiyə mediasının fəaliyyəti barədə nə deyə bilərsiniz?

-  Ermənistanı dəstəkləyəsi deyildik. Bu, şübhəsizdir. Lakin informasiya siyasətindən, tipologiyasından, quruluşundan asılı olaraq müxtəlif orqanlar məsələyə fərqli prizmalardan yanaşa bilərlər. Qarabağ məsələsinə hansısa biri az , hansısa biri çox yer verə bilər. Bu, təbiidir. 

- Belə fors-major hadisələr zamanı informasiya müharibəsinə dair nə deyə bilərsiniz?

- İnformasiya savaşında qalib tərəf doğrunu deyəndir. Amma əslində indi “informasiya müharibəsi” deyilən bir anlayış yoxdur. Bütün qəzetlərin manşeti eynidirsə, hər qələmdən, az qala, eyni yazı çıxırsa, hansı informasiya müharibəsindən söhbət gedə bilər?

- Elə isə işi-gücü ancaq dezinformasiya istehsal edən ermənilərə necə cavab verilməlidir?

- Onlara sadəcə qələmlə, peşəkarcasına cavab vermək lazımdır. Düstur sadədir: hər şey olduğu kimi yazılmalıdır. Və yazılanları olduğu kimi ictimailəşdirən müstəqil media olmalıdır. Beləliklə, düşmənə konkret cavab verərək ona qalib gəlmək mümkündür. 

- Azərbaycan- Türkiyə ortaq media platformasının yaradılması barədə nə deyə bilərsiniz?

- Dəstəkləyirəm, lakin bu, iki şirkətin birləşməsi kimi olmamalıdır. İnformasiya spesifik əmtəədir. Ona görə ona yanaşma da xüsusi meyarlar, o cümlədən həssaslıq tələb edir. 

- Sizcə, bundan sonra xüsusilə Azərbaycan Türkiyə qardaşlığı ilə əlaqədar regionda nələr dəyişəcək?

- Biz onsuz da qardaşıq. Aramızı vurmaq istəyənlər olacaq. Fəqət, həm Türkiyə, həm də Azərbaycan güclü dövlətdir. Biz düşmənə layiqli cavab vermək əzmindəyik. Sadəcə bunun üçün ortaq məqsədlər olmalıdır. Fikrimcə, iki qardaş dövlətin sülh və sabitlik arzusu regionda iqtisadi, mədəni əməkdaşlığı gücləndirəcək.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu