Neçə müəllimin və şagirdin kompüteri yoxdur? – Cavablar var, amma...

“Hökumət distant formada təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb.  Nazirlik isə bu problemin həllini müəllimlərin və valideynlərin boynuna yıxıb”. Bunları “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Bu barədə daha ətraflı “Sherg.az”a danışan ekspertin sözlərinə görə, qaranlıq məqamlar kifayət qədərdir:

 “Təhsil Nazirliyi ötən gün təşkil etdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Gözlənildiyi kimi, nazirlik çoxluğun distanta üstünlük verdiyini bildirib. Bunu nəzərə alan qurum pandemiya müddətində əsasən distant təhsil formasına üstünlük verəcək.



Amma hələlik nazirlik distantla bağlı, daha doğrusu, distant təhsilin keyfiyyəti ilə bağlı zəruri olan bir çox məsələlərə aydınlıq gətirməyib. Uzun müddət ölkədə distanta hazırlıq aparılmayıb. Texniki-texnoloji və hüquqi əsaslar yaradılmayıb.

Baxmayaraq ki, nazirliyin əlində bununla bağlı ictimai əhəmiyyət kəsb edən  informasiyalar var. Təssüf ki, onlar indiyədək açıqlanmayıb: Neçə müəlimin kompüteri yoxdur?; Neçə şagirdin kompüteri yoxdur?; Neçə müəllim və ya şagirdin internet ödəniş imkanı yoxdur?; Neçə şagird və müəllimin keyfiyyətli internetə əlçatanlığı yoxdur?; Neçə müəllim və şagirdin distant üçün evdə normal şəraiti yoxdur və mənimsəmə zəifdir?; Distant üçün zəruri olan rəqəmsal tədris resursları, metodiki təminat yetərlidirmi?; Neçə müəllim və şagirdin rəqəmsal bacarıqları yetərli deyil”?..

O.Gündüz, problemin ciddi  olduğunu dedi:

 “Bu sualların hamısının cavabı Təhsil Nazirliyində var. Fikrimcə, nazirlik keyfiyyətli distantın təşkili üçün ölkə üzrə şəraitin qənaətbəxş olmadığını bilir. Güman etmək olar ki, bununla bağlı nazirlik hökumətə də texniki-texnoloji dəstək üçün müraciət edib.

Lakin məlum olduğu kimi, indiyədək hökumət bu istiqamətdə nazirliyə dəstək verməyib. Belə olan halda isə nə qədər qəribə görünsə də, nazirlik problemin həllini müəllimlərin, şagirdlərin  və valideynlərin üzərinə atmaq məcburiyyətində qalıb.

Görəsən, bununla biz Dördüncü sənaye inqilabının çağırışlarına, rəqabətə davamlı ölkə üçün zəruri tələblərə cavab verən kadrlar hazırlaya biləcəyikmi”?

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu