Türk Şurasının da ortaq media platforması yaradılır

Azər Həsrət: "Ümidlər artır, nəhayət, konkret iş görə biləcəyik"


Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun Azərbaycana səfər edəcək. Bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mətbuat katibi Kahraman Halisçelik məlumat verib. Azərbaycanla Türkiyə arasında ortaq media platformasının yaradıldığını xatırladan K. Halisçelik vurğulayıb ki, Türk Şurasına üzv digər dövlətlərin də iştirakı ilə belə bir ortaq qurumun yaradılması nəzərdə tutulub: “Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan media sahələrinə məsul şəxslərin iştirakı ilə 9-10 aprel tarixlərində Bakıda toplantı keçiriləcək. 11 apreldə isə adları çəkilən ölkələrdən olan nümayəndə heyətləri Qarabağa səfər edəcəklər”.

Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında media eksperti Azər Həsrət vurğulayıb ki, belə bir ortaqlıq bütün türk dövlətləri üçün faydalı və zəruri olacaq:

"Türkiyə ilə Azərbaycan arasında ortaq media platformasının qurulmasını ilk gündən təqdir etməkdəyik. Hətta bu təşəbbüs dövlət səviyyəsində rəsmən yoxkən belə biz media ortaqlığı üçün illlərdir çalışdıq, müəyyən nəticələr də əldə etdik. Türkiyə və Azərbaycan dövləti fərdi təşəbbüslərlə bu çalışmalara dəstək də verdi. Lakin bir qədər pərakəndəlik olduğu üçün dayanıqlı nəticələr əldə edə bilmədik. O baxımdan Azərbaycanla Türkiyənin bunu rəsmiləşdirmiş olması işin xeyrinədir, ümidləri artırır. Nəhayət ki, konkret iş görə biləcəyik".

A.Həsrət əlavə edib ki,  Türk Keneşi (Şurası) çərçivəsində belə bir təşəbbüsə könül verilməsi bizi daha da ümidləndirir:

"Çünki uzun illərdir türk dünyası mediasının ortaq fəaliyyəti üçün çağırışlar edirik. Həmçinin konkret təkliflər veririk. Belə bir ortaqlıq bütün türk dövlətlərinin faydasına olacaq bir zərurətdir. O baxımdan bu təşəbbüsü də, əlbəttə ki, həvəslə dəstəkləyirik. Diqqətli izləyicilərimiz xatırlar, ötən ilin sentyabrında Ankarada Türkiyə-Azərbaycan media platformasının qurulması istiqamətində ilkin razılaşmalar əldə edildikdən sonra biz bu təşəbbüsün digər türk dövlətlərini də əhatə etməsini arzuladığımızı bildirmişdik. Belə anlaşılır ki, türk dünyasıyla bağlı bir sıra arzularımız kimi bu arzumuz da çin olmaqdadır. Sevinirik. Və əlimizdən gəldiyi qədər dəstək olmağa çalışacağıq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu