Türkiyəli jurnalist: “Ortaq media platforması zəruridir” - Gecikmək olmaz!

Bəzi nəzəriyyəçilərin fikrincə, media insanın ən yaxın dostudur. Çünki ən çıxılmaz, çətin durumlarda köməyə gəlir və reallıqları olduğu kimi təqdim edərək, soyuqqanlı düşünməyə, mövcud vəziyyəti təhlil etməyə yardım edir. Vətən müharibəsi dövründə də belə oldu. Düşmən yaydığı dezinformasiyalarla, törədilən təxribatlarla ictimai rəyimizdə nə qədər çaşqınlıq yaratmağa çalışsa da, bunu bacarmadı. Çünki əsgərlərimiz kimi jurnalistlərimiz də “sinələrini sipər etdilər” və hücumların qarşısını aldılar. Bu işdə qardaş Türkiyənin media işçiləri də bizə dəstək verdilər. Məhz onların da fədakarlığı nəticəsində jurnalistlikamız öz vəzifəsini layiqincə yerinə yetirə bildi. Beləliklə, medianın cəmiyyət həyatındakı rolu növbəti dəfə təsdiqləndi.


“Sherg.az” olaraq türkiyəli jurnalist Adnan Fişenklə də elə bu haqda- jurnalistikanın müasir cəmiyyətdəki yeri və rolu barədə söhbətləşdik.

- Azərbaycandakı hadisələri haradan izləyirdiniz?

- Vaxt tapdıqca Azərbaycan və Türkiyə mediasını oxuyurdum.

- 44 günlük savaş dövründə iki qardaş ölkənin media nümayəndələrinin birgə fəaliyyətini necə qiymətləndirirsiniz?

- Jurnalistlərimiz çox yaxşı çalışdılar. Onlar yalnız Azərbaycan və Türkiyə ictimaiyyətini deyil, bütün dünyanı obyektiv, operativ informasiya ilə təmin etdilər. Həmçinin işğal altındakı torpaqlardakı vəziyyət, törədilən vəhşiliklər dünya ölkələrinin diqqətinə çatdırıldı. Beləliklə, həm də ermənilərin təbliğatının, xəbər təxribatlarının qarşısı alındı. Nəticədə kimlərsə, hətta bunu istəməsə də, obyektiv reallığı qəbul etməli, ədalətin bərpası ilə barışmalı oldu. Müharibə dövründə düşmən mülki əhalini hədəfə aldı. Ermənilər qovulduqları yerlərdə də vandallıqlar törətdilər, evləri dağıtdılar, ağacları yandırdılar. Həmçinin hərbi cinayət törədərək Azərbaycanın savaş getməyən ərazilərinə raket atdılar. Və məhz jurnalistlərin fədakarlığı nəticəsində ermənilər dünyanın gözü qarşısında bir daha ifşa olundular. Beləliklə, azad dünya üçün informasiya təminatının nə qədər vacib olduğu növbəti dəfə təsdiqləndi.

- Gələcəkdə Türkiyə- Azərbaycan ortaq media quruluşunun yaradılması barədə nə düşünürsünüz?

-  Əvvəllər təməli qismən qoyulmuş ortaq media platformasının yaradılması indiki dövrdə çox mühümdür. Odur ki, gecikmək olmaz. Qarabağ müharibəsi sayəsində əməkdaşlığımızı da bir az da möhkəmləndirdik. Bundan sonra daha ciddi addımların atılacağına inanıram.

- Media sahəsində başqa hansı ortaq addımlar atmaq olar?

- Əlbəttə, bilik, təcrübə, texnologiya mübadiləsi aparılmalıdır. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi vəhdətdə öyrənilməli, müxtəlif seminarlar, dəyirmi masalar təşkil edilməlidir. Rusiya, Çin, ABŞ kimi bir çox ölkələrin medianı idarə edərək haqsız olduqları halda ictimai rəyə müsbət təsir edə bildikləri vaxtda Azərbaycan və Türkiyə media mənsubları ideal xəbərçilik nümunəsi göstərməlidirlər. Bunun üçün isə dediyim kimi, tərübə mübadiləsi şərtdir. Ən vacib məsələlərdən biri də dövlətin təməl daşlarından olan KİV-in iqtisadi sıxıntılardan azad olmasıdır. Jurnalislər işsiz qalacaqları qorxusundan azad olmalıdırlar. Əksinə, onlardan daha səmərəli necə istifadə etmək olar barədə düşünülməlidir. Məsələn, bu və ya digər fiziki qabiliyyətlərini itirən, tutalım, qəzaya düşən jurnalistin nələr edə bilməsi ətrafında fikirləşmək və bu istiqamətdə ciddi addımlar atmaq lazımdır.

- Müharibə kimi fors-major hadisələr zamanı xəbərçilik, yoxsa vətəndaşlıq əsas götürülməlidir?

- İctimaiyyət üçün çalışan jurnalist xəbər alma, fikir bildirmə, tənqid etmə azadlığından istifadə edərkən özü üçün nəticəsinin nə olduğundan asılı olmayaraq həqiqətləri olduğu kimi deməlidir. Jurnalistika professional edildikdə peşəyə, həvəskar formada yerinə yetirildikdə fəaliyyətə çevrilir. Jurnalist media azadlığını xalqın doğru xəbər alması üçün istifadə etməlidir. Və bunun üçün yeri gələndə hər cür senzura ilə mübarizə aparmalıdır. Jurnalist hər şeydən əvvəl ictimaiyyət və həqiqət qarşısında məsuliyyət daşıyır. Bu, ictimai qaydalardan və rəhbərlik qarşısındakı məsuliyyətdən də öndədir. Media adamı, həmçinin çatdırdığı xəbərin məsuliyyətini daşıyır. Bizim azadlığımızın sərhədlərini məsuliyyətimiz və peşə prinsiplərimiz müəyyənləşdirir.

- Xəbərçilik, ictimai şüura təsir etmək baxımından sosial medianın rolunu necə dəyərləndirirsiniz?

- İnkişaf etmiş ölkələrdəki insanların, demək olar, hamısı bu gün sosial medianı qəbul ediblər. Hətta fəal istifadəçiyə çevriliblər. Bəli, bu platformalar düzgün istifadə edilmədiyi təqdirdə insanlara maddi və mənəvi ziyan vura bilər. Hazırda sosial media hansısa KİV-də çalışmadan fərdi və ya kollektiv formada jurnalistika ilə məşğul olma imkanı yaradır. Bir çoxları saytlar və bloqlar yaradaraq, heç kimdən asılı olmadan jurnalistlik edirlər. Amma onların sayı professional media qurumlarında çalışan jurnalistlərə nisbətən çox azdır. Ümumiyyətlə, media KİV-dən istifadə edərək auditoriyaya çatmaq deməkdir. KİV dedikdə qəzet, jurnal, televiziya, radio, film, internet və s. nəzərdə tutulut. Məhz bunların vasitəsilə fikirlər çox qısa müddətdə ictimaiyyətə çatdırılır. Odur ki, medianın cəmiyyət həyatındakı rolu çox böyükdür. Onun cəmiyyət daxilindəki münasibətləri tənzimləyən bir gücü var. Sosial media isə zaman və məkan məhdudlaşması olmadan fikir mübadiləsi aparıla bilən platformalardır. Deməli, sosial media ən azından günümüzün tələbidir.

- Jurnalistikanın gələcəyi barədə nə düşünürsünüz?

- Tarix boyu ünsiyyət müxtəlif formalarda olub. Məsələn, qədim dövrdə insanlar dumanla, göyərçinlə, sonralar çaparlarla əlaqə saxlayıblar. Ardınca isə müxtəlif texnoloji yeniliklər meydana çıxıb. Beləliklə, qəzet meydana gəlib, formalaşıb. Müasir dünyada mətbuat vasitəsilə verilən informasiya insanlara öz həyat tərzlərini müəyyənləşdirməyə kömək edir. Eyni zamanda KİV insanları yönləndirən, onlara təsir edə bilən bir vasitəyə çevrilib. Medianın şüura çox ciddi təsiri var. O, həm də informasiya təminatını həyata keçirir. Odur ki, insan həyatında mətbuatın çox mühüm yeri var. Deməli, dünyanın medianın yaydığı informasiyadan təsirləndiyi və təsirlənəcəyi mübahisəsiz məsələdir. Bu, xüsusilə inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələr üçün xarakterikdir. Söylədiyim kimi, medianın ictimaiyyətə təsiri gələcəkdə də davam edəcək. Jurnalistika insanların yaranması ilə formalaşdığı kimi, yalnız insanlığın sonu çatanda yox olacaq bir peşədir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu