Ağzımızın dadı-tamı qalmadı

Xarici sort meyvə-tərəvəzlər sonumuza cıxacaq

Yerli sort kartoflara əhali həsrət qalıb. Satıcılar da İran kartofunu “Gədəbəy”, “Tovuz” kartofu adıyla satırlar. Təkcə kartofla bağlı vəziyyət belə deyil. Görürük ki, aprel ayı gələr-gəlməz bazara giləmeyvələr çıxarılır


Azərbaycanda  xarici ölkələrə məxsus yeni kartof sortları yetişdirilir. Bu barədə Trend-ə fermer Samir Verdiyev məlumat verib. Ölkənin 6 rayonunda kartof əkini ilə məşğul olan sahibkar yalnız xarici ölkələrdən Azərbaycana məhsuldar kartof növləri gətirməklə ölkədə bu sortları inkişaf etdirir: "Hazırda 6 rayonda 340 hektar kartof sahəsi əkirəm. Əkində yerli sortlardan istifadə etmirəm. Yalnız xarici ölkələrdən yeni sortlar gətirərək yetişdirib yerli fermerlərə toxumluq kartof sortları satıram.

Məqsədim xarici sortları Azərbaycanda inkişaf etdirməkdir. Əsasən Cəlilabad, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Qəbələ rayonlarında kartof əkirik. Bu vaxta qədər xaricdən Azərbaycana 50 növə yaxın kartof toxumu gətirmişik. Onlardan 14 sort kartofu hazırda da əkirik. Digər sortlar Azərbaycan iqliminə o qədər də yararlı olmadığı üçün təkrar əkmirik. Cəlilabad rayonu ərazisində əkdiyimiz kartof sortu tezyetişən sortdur. Bu rayonda may ayında artıq kartof yığımına başlayırıq. İyun ayında Şəmkirdə, iyulda isə Tovuz və Ağstafa rayonlarında yığım başlayır. Məhsuldarlıq əsasən gecyetişən sortlarda yüksək olur".  Fermer deyir ki, ötən il orta hesabla hektara 42-45 ton kartof götürüb: "Ölkə üzrə ümumi göstərici ötən il 25-30 ton olub. Bizdə isə 42-45 ton olub. Xaricdən gətirib ilk dəfə əkdiyimiz toxumda isə hətta hektara 55 ton məhsuldarlıq da əldə etmişik. Kartof sortlarını əsasən Almaniya, Hollandiya və Türkiyədən gətiririk". 

Fermerlər kartof  becərilməsində xarici sortlara üstünlük verir. Ona görə də bazardan mətbəximizə gətirib bişirdiyimiz kartofların nə dadı var, nə tamı. Elə bil kəpəkdi. Bu, Hollandiyadan gətirilən ətirsiz, təbii olsa da, daha çox süni gülə bənzəyən, günlərlə ev şəraitində saxlansa da, xarab olmayan Hollandiya qızılgüllərinə bənzəyir; gülsatanların yol kənarında, trasda sürücülərə satmağa cəhd göstərdiyi həmin o qızılgüllərə. Çoxumuz, “bu qızılgüldənsə, nərgiz min dəfə yaxşıdı” deyib, ətirli nərgizi bəyənirik. Digər məhsullar da belədir. Əhali yerli sortlara  üstünlük verir. Amma nə edəsən ki, əhalinin fikrini, rəyini öyrənən, əhali ilə hesablaşan yoxdur.  Nə sərfəlidirsə, onu əkib-becərirlər. Beləcə, xarici sortlar, istər kartof olsun, istərsə də başqa tərəvəz, yerli sortları  sıxışdırıb çıxarır. Əkin sahələrindən də, bazardan da. Yediyimiz də geni dəyişmiş “GMO” məhsul olur. Sonra da dizimizə döyürük ki, niyə əhalinin immuniteti zəifdir. İmmunitet qalar adamda?! 



İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında kənd təsərrüfatı sahəsində təəəsüf doğuran halların baş verdiyini söylədi: 

- Təəssüflər olsun ki, son zamanlar biz bir çox yerli tərəvəzlərimizdə köhnə dadları ala bilmirik. Bir çox tərəvəzlərin dadiyla yanaşı xarici görünüşü, cizgiləri və s. göstəriciləri də dəyişməkdədi. Bir vaxtlar hər hansısa xarici səfərdə dadsız tərəvəzlərlə rastlaşanda həsrətlə Azərbaycan tərəvəzlərinin dadını misal gətirərdik. Hazırda ticarət mərkəzlərində satışa çıxarılan yerli tərəvəzlərin də dadında "xarici səfər" ab-havası yaranıb. O cümlədən qeyd etdiyiniz kartof növlərində də. Təəssüf ki, fermerlər muasir dövrün tələblərinə və rəqabət mühitinin diktəsinə əsasən tez yetişən, saxlama  müddəti anormal dərəcədə çox olan "biznesləşmiş" məhsulların yetişdirilməsinə üz tuturlar. Beləliklə də mərhələli şəkildə ənənəvi sort və dadlardan uzaqlaşma prosesi gedir və bununla mübarizə aparmaq alətləri müasir dövrdə yoxdur. 

İqtisadçı qeyd etdi ki, Kənd Təsərrüfatı Nazirliyi əhalinin sağlam qidalanmasını düşünərək yerli sortların yetişdirilməsində maraqlı olmalıdır:

- Kənd təsərrüfatı sahəsində fermerlərə dövlət tərəfindən subsidiyalar ayrılır. Bu subsidiyalardan yerli tərəvəz sortlarının yetişdirilməsi üçün istifadə edilməlidir. Subsidiyalar yerli sortların becərilməsinə yönəlməlidir. Bəlkə çətindir, daha çox vəsait tələb edir, amma keyfiyyətlidir. İlk növbədə Kənd Təsərrüfatı Nazirliyi bunda maraqlı olmalıdır. Fermer gəlirini düşünür. Xarici sortlardan bol  məhsuldarlıq əldə edir. Tez yetişir, bazara da tez çıxarırlar, gəlir əldə edirlər. Xarici sortları toxumluq saxlamaq da olmur.

Bir il məhsul verir, növbəti il vermir. Yenidən toxum alınır. Yerli sort kartoflara əhali həsrət qalıb. Satıcılar da İran kartofunu “Gədəbəy”, “Tovuz” kartofu adıyla satırlar.  Təkcə kartofla bağlı vəziyyət belə deyil.

Görürük ki, aprel ayı gələr-gəlməz bazara giləmeyvələr çıxarılır. Çiyələk, alça, bir azdan gilas, ərik də satacaqlar. Bunlar hamısı kimyəvi maddələr hesabına tez yetişdirilən sortlardır. Bazarı tez ələ alsınlar deyə, meyvə-tərəvəzləri kal vəziyyətdə satışa çıxarırlar. Fermerlərə subsidiyalar müəyyən şərtlər daxilində verilməlidir. Məsələn, yerli sortların becərilməsi, keyfiyyətli məhsul alınması kimi şərtlər.

Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərə ciddi önəm verməlidir. Hər məhsulu, hər ərzağı xaricdən idxal etməli deyilik. Özümüz də yetişdirməliyik.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu