Məsələ belədir ! - “Hökümət uşaq pulu verməlidir”

“Uşaq pulunun normal tətbiq olunması üçün yaşayış minimumu əsas götürüməlidir”
“Hansı ailə ki, yaşayış minimumunu-206 manatı təmin edə bilmir, hökumət pulun çatışmayan hissəsini həmin vətndaşlara verməlidir”

Son günlər Azərbaycanda uşaqpulu mövzusu ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Sosial şəbəkələrdə aparılan müzakirələrdə uşaqlara verilən müavinətlərin artırılması məsələsi müzakirə edilir. Qeyd edək ki, Azərbaycan Prezidenti 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət  200 manat (117 dollar) məbləğində müəyyənləşdirilib.

Bundan başqa uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət alırsa, o zaman bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat (26 dollar), uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat (16,5 dollar) məbləğində aylıq müavinət müəyyən olunub.



İqtisadçı-ekspert Nazim Bəydəmirlinin “Sherg.az”a açıqlamasına görə, ölkəmizdə birmənalı olaraq uşaq pulu verilməlidir. Eyni zamanda analar doğuşa görə ən azı 5 dəfə birdəfəlik müavinətlərlə təmin olunmalıdır. İqtisadçı qeyd edib ki, bəzən gənc ailələr bu səbəbdən uşaq planlaşdırmasını sonraya saxlayırlar:

“Maddi sıxıntılar ucbatından boşanmaların çoxaldığının da şahidi oluruq. Bu baxımdan başqa ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, doğuş üçün birdəfəlik müavinətlər yüksək səviyyədədir. Azərbaycanda isə bu müavinət ancaq işləyən qadınlara aiddir. Qərb və keçmiş MDB ölkələri ilə müqayisədə Azərbaycanda uşaqlar və analarla bağlı sosial müdafiə tədbirlər aşağı səviyyədədir.

Nəticədə bu durum uşaqların sağlam qidalanma və böyüməsinə şərait yaratmır. 2009-cu ildə referendumla sosial dövlət anlayışı gətirmişik. Bu anlayış onu tələb edir ki, hər bir kəsin yaşayış minimumu təmin edilsin. Hazırda yaşayış minimumu orta statistika ilə 206 manat hesablanır.

Ölkəmizdə işsizliyin də səviyyəsi yüksəkdir. Hər ailədə təxminən 1 nəfər işləyir. Bunları nəzərə alsaq, ailələrin əksəriyyəti sosial müdafiə və yaşayış minimumu ilə təmin olunmayıb. Hesab edirəm ki, hökumət ilk növbədə hesablama aparıb, proqram açıqlamalıdır ki, uşaqlara müavinət necə və hansı şəkildə verilməlidir?”.

Ekspert vurğulayıb ki, Litvada hər uşağa 18 yaşına qədər 70 avro verilir:

“Eyni zamanda ikinci uşaqdan sonra ailənin adam başına düşən gəlir 256 avrodan aşağıdırsa, 41 avro da əlavə verlir. Həmçinin doğuş zamanı ana 440 avro alır. Bu ölkədə tibbi sığorta da mövcuddur. Bizdəki gənc ailələr və hamilə xanımlar müxtəlif analiz və həkim müayinələrinə vəsait xərcləyirlər. Amma qərb ölkələrində belə deyil, çünki tibbi sığorta ilə təmin olunublar.

Nəticədə ölkəmizdə gənc ailələr uşaqların dünyaya gəlməsini maddi sıxıntılara görə sonrakı illərə saxlayırlar. Düşünürəm ki, Azərbaycanda uşaqlar üçün birdəfəlik müavinətlər kifayət qədər artırılmalıdır. Eyni zamanda hökümət birmənalı olaraq uşaq pulunu təmin etməli və digər müavinətlər verilməlidir.

Uşaq pulunun normal tətbiq olunması üçün yaşayış minimumu əsas götürüməlidir. Hansı ailə ki, yaşayış minimumunu-206 manatı təmin edə bilmir, hökumət pulun çatışmayan hissəsini həmin vətndaşlara verməlidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu