Heç kim "yox" demədi

Jurnalistlər peyvənd vurdurmağa hazırdırlar 

Ancaq hər kəsin öz arqumenti, öz mülahizələri var


Azərbaycan Mətbuat Şurasının COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyanın aparılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığı müraciət aidiyyəti üzrə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baxılıb. Şuradan verilən məlumata görə, bununla bağlı agentlikdən Şuraya daxil olan məktubda bildirilir ki, jurnalistlərin vaksinasiya olunması ilə əlaqədar müvafiq tapşırıq verilib. Məktubda həmçinin vaksinasiya olunacaq jurnalistlərin siyahısının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) təqdim edilməsinin vacibliyi vurğulanıb.  "Şərq" jurnalistlərin vaksinasiya olunması ilə bağlı bir sıra media nümayəndələri arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik: 

"Moderator.az"ın redaktoru Xəyalə Rəis "Şərq"ə açıqlamasında deyir ki, vaksinasiya olunmasa, bu virusu məhv etmək üçün başqa çarə yoxdur:

“Bir ildən çoxdur ki, koronavirusla mübarizə aparırıq. Karantin rejimi, sağlamlığımızı qorumaq üçün tətbiq edilən qaydalar artıq insanların gündəlik rejimini pozub. Əlbəttə ki, əvvəlki həyata geri dönmək üçün peyvəndlərin vurulması zəruridir. Sağlam cəmiyyətdə yaşamaq istəyiriksə, peyvəndlərin vurulmasının mən də tərəfdarıyam. Ancaq hələ ki, gözləmə və müşahidə mövqeyindəyəm. Çevrəmdəki insanlar peyvənd vurdurublar və onlarda heç bir dəyişiklik halları müşahidə etməmişəm. Əgər hər hansı narahatlıq görsəm, təbii ki, mən də imtina edəcəm. İstənilən halda isə peyvənd vurdurmaqdan başqa çarənin olmadığı görünür”.

"Azadmedia.az"ın əməkdaşı Elnurə Abuşova "Şərq"ə açıqlamasında əvvəllər vaksinasiyaya qarşı fikrinin birmənalı olmadığını deyib:

"Əvvəllər vurdurmaq istəmirdim, çünki etibar etmirdim. Amma sonra bu barədə çoxlu sayda informasiyalar oxudum. Gördüm ki, vurdurmaq lazımdır. Qohumlarım arasında koronavirusa yoluxanlar var. Qeyd edim ki, martın 29-da vaksinasiya olundum, bir də aprelin 26-da vurduracam. Həmin gün düzü, məndə bir az əzginlik oldu. İndi isə hər şey yaxşıdır. Özüm də yazılarımda hər kəsi vaksinasiyaya səsləyirəm. Çünki çox yaxın adamım Qazaxıstanda yaşayır. Onlar heç istəsələr belə vaksinasiya etdirə bilmirlər. Ancaq orada yüksək təbəqələrdə işləyənlər etdirirlər, yəni adi insanları etmirlər. Bizim dövlət bizə çox gözəl şans verib, fikrimcə, ondan yararlanmaq lazımdır. Fürsətdən istifadə edərək hamını vaksinasiyaya səsləyirəm. Ətrafımda həkim tanışlarım var. Onlar vaksin vurdurandan sonra da koronavirusa tutulublar. Amma çox yüngül keçirdiblər. Unutmayaq ki, biz bu virusda az həkim itirmədik. Bir həkimin başa gəlməsi üçün nə qədər illər lazımdır. Yəni biz vaksinasiya olunmalıyıq ki, mübarizəyə öz töhfəmizi vermiş olaq. Bununla da mən öz töhfəmi vermiş hesab edirəm. Həm də hesab edirəm ki, hamı vaksinasiya olunsa, bu bəladan qurtula bilərik. Çünki virus nə varlı, nə də ki kasıb tanıyır".

"Unikal.org"un əməkdaşı Aygün Osmanova "Şərq"ə açıqlamasında qeyd edib ki, o, COVİD-19 infeksiyasına bir neçə ay bundan öncə yoluxub və artıq sağalıb:

"Qəribəsi odur ki, yoluxma zamanı nə iybilmə, nə də ki, dadbilmə problemi yaşamışam. Simptomlardan təkcə baş ağrısı oldu məndə. Buna görə də hələ ki, vaksinasiya oluna bilmərəm. Koronavirus keçirməsəydim, təbii ki, vaksin olunacaqdım. Təbii ki, gələcəkdə vaksinasiya olunmağı düşünürəm. Qeyd edim ki, ailə üzvlərim arasında vaksinasiya olunanlar var və hazırda heç bir problemləri yoxdur. Amma təəssüflə qeyd edim ki, yaxın tanışlarımdan birinin 70 yaşlı atasını məcburi şəkildə peyvənd etdilər. Həmin şəxs 20 gün evində komada yaşadı. İndi sağalsa da fəsadları var. Çünki həmin şəxs əvvəldən nevroloji müalicə götürürdü. Altsheymer xəstəliyinin astanasında olduğu üçün güclü dərmanlar qəbul edirdi. Ailə vaksinasiyaya razı olmasa da, ailənin xəbəri olmadan atalarını vaksin ediblər. Həmin şəxs də xəstə olduğu üçün anlaya bilməyib. Əvvəl aldığı müalicələr yaxşıya doğru təsir etsə də, indi vaksinasiyadan sonra həmin şəxsdə geriləmə baş verib. Özünü idarə etməsi çətinləşib. Bununla bağlı Qazax rayon icra hakimiyyətinə müraciət etsələr də, etirazlarını bildirsələr də, onlara normal cavab verə bilmirlər. Həmin peyvənd edən şəxsin də, nədənsə, kimliyini açıqlamırlar".

"AzVision.az"ın əməkdaşı Tural Tağıyev "Şərq"ə açıqlamasında bildirib ki, vaksinasiya ilə bağlı gəzən bəzi söz-söhbətlərə baxmayaraq mütləq qaydada hər kəsin bu prosesdən keçməsi vacibdir:

"Şəxsən mən özüm peyvənd olunacağam. İnanmıram ki, həmkarlarımdan da vaksinasiyadan kənar qalan, peyvəndlərin effektsizliyinə və ya hansısa təhlükəsinə inanan olsun. Yəni bu, dünyanın hər yerində gedən bir prosesdir ki, milyonlarla insan peyvənd olunaraq normal qaydada öz həyatlarına davam edirlər. Konkret olaraq yaxın ətrafımda bu prosesdən keçənlərə gəldikdə isə kifayət qədər tanıdığım insan var ki, peyvəndləniblər və narazılıqları da yoxdur. Yalnız bir halda yaşlı bir yaxın insanın peyvənd olunandan sonra müvəqqəti narahatlıqları olmuşdu. Bu da tibbi cəhətdən dəfələrlə izah olunub ki, bəzi şəxslərdə qısamüddətli narahatlıqlar normal hal sayılır. Qısası, vaksinləri virusun bir ildən çoxdur ki, tüğyan etdiyi dünyamızda həyatımız üçün təhlükə deyil, xilas yolu sayıram".

"Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli "Şərq"ə açıqlamasında deyib ki, vaksinasiya olunmaq istəyir:

"Belə bir fikrim, niyyətim var. Ancaq hələlik vaxt tapa bilmirəm. Bu an üçün peyvəndin həyati təhlükəyə səbəb ola biləcəyini düşünmürəm. Amma gələcəkdə sağlıq durumuma hansısa təsiri ola bilər. Bilirsizmi, bu məsələ ətrafında o qədər qeyri-sağlam, çəkindirici fikirlər dolaşır ki, sağlıq durumu normal olan adamlar da istər-istəməz əndişələnir. İnsanın dünya düzəninə, təbiətə müdaxiləsi aşırı həddə çatıb. Belədə nəyin düz, nəyin səhv olduğunu müəyyənləşdirmək çətinləşir. Ətrafımda vaksin vurduranlar var, hələ ki özlərini normal hiss edirlər, hansısa şikayət eşitməmişəm".

"Moderator.az" ın redaktoru Seymur Əliyev “Şərq"ə açıqlamasında vaksinasiya olunmaq haqqında düşünmədiyini deyib:

"Baxmayaraq ki, bunu həyatım üçün təhlükə hesab etmirəm. Ümumiyyətlə, düşünürəm ki, vaksinlərin bəzi hallarda arzuedilməz nəticələrə səbəb olması ilə bağlı deyilənlər əsassızdır və heç bir fakta söykənmir.

Ətrafımda vaksinasiya edənlər var və bu, onların səhhətində hansısa problemə yol açmayıb. Səhhətim qaydasındadır və hələ ki, heç bir problem yoxdur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu