Kreml əlverişli şəraiti gözləyir

Rusiya Koçaryanı Paşinyana alternativ kimi görür


Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Moskvada olduğu müddətdə Rusiya Prezidenti Vladimir Putinlə söhbət edib. Söhbət təxminən bir saat davam edib, koronavirusla bağlı vəziyyətə görə onlayn şəkildə aparılıb. Koçaryanla Putin arasında söhbətin keçən həftə Ermənistanın eks-prezidenti “AFK Sistema”nın idarə heyətinin iclasında iştirak etmək üçün Moskvada olarkən baş tutduğu bildirilir. Agentliyin məlumatına görə, tərəflər Ermənistan və bölgədəki vəziyyəti müzakirə ediblər. KİV orqanının müxbiri Koçaryanın sözçüsü Viktor Soqomonyanla məlumatları dəqiqləşdirməyə çalışsa da, o, şərh verməkdən imtina edib.

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın eks-prezidenti Robert Koçaryanın Moskvaya səfəri, Putinlə danışıqları və müsahibəsi seçki öncəsi Kremlin onu dəstəkləyəcəyini göstərir. Politoloq qeyd edib ki, təbii ki, Koçaryan və onun tərəfdarlarının səsvermə ilə hakimiyyətə gəlmək şansları yoxdur:

"Rusiya onu meydana atmaqla, əlverişli şəraiti gözləyir. Ola bilər ki, Koçaryan parlamentə düşsün. Düzdür, müxalifət olaraq o, sükanı əlində saxlamağa çalışacaq. Ümumiyyətlə, Rusiya Paşinyana Koçaryanı alternativ kimi görür. Hesab edirəm ki, digər namizəd və Moskvanın adamı olan milyarder Ara Abramyan da Koçaryan ətrafında birləşə bilər". 

M.Əsədullazadə əlavə edib ki, Rusiya Paşinyana qarşı Koçaryan vasitəsilə müxalifət formalaşdırır:

"Bu müxalifət Ermənistanda siyasi vəziyyəti qarışdırmağa, Paşinyana problemler yaratmağa və hakimiyyəti qəsb etməyə, nəticədə Rusiyanın maraqlarını təmin etməyə çalışacaq. Ermənistanda baş verənlər hazırda Azərbaycanla üçtərəfli Bəyannaməyə təsir etməsə də, bir neçə öhdəliklərə əməl edilmir. Və Rusiya da həmin bəndlərin yerinə yetirilməməsində maraqlı deyil".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu