"Tibbi sığortaya tədricən öyrəşəcəyik"


"İnsanlarımız da bunda çox maraqlıdırlar. Təbii ki, sistemə keçiddə bəzi çətinliklər yaranacaq"


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib ki, Xidmətlər Zərfində edilən dəyişikliyə əsasən, ora 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır.

"Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub".

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. "Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. 

"Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir", - deyə məlumatda qeyd olunub.

Sözügedən dəyişiklik haqqında "Şərq"ə danışan həkim Şahvələd Məmmədov bunun həm həkimlər, həm də vətəndaşlar üçün əlverişli olduğunu bildirib:

"Təbii ki, İcbari Tibbi Sığorta həm həkimlər, həm də əhali qrupları üçün faydalıdır. Bu artıq bir neçə müddətdir ki, bizim regionda yerləşən bir çox dövlətlər tərəfindən tətbiq edilib. Gürcüstan 20 ildir ki, tibbi sığortadadır. Türkiyə, Rusiya da həmçinin. 

Bunun üçün ayrı-ayrı dövlət xəstəxanalarında tibbi baza, fundamental işləmələr lazımdır. Yəni buna nə dərəcədə tələbat var və s. Bunun hamısı nəzərə alınmalıdır. Dövlət də bunu əvvəlcədən ölçülü şəkildə hesablayıb ki, aprel ayından həmin sistemə keçid edilib. 

İnsanlarımız da bunda çox maraqlıdırlar. Təbii ki, sistemə keçiddə bəzi çətinliklər yaranacaq. Amma biz buna tədricən öyrəşəcəyik".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Ağarza Elçinoğlu Yazarın yazıları
menu
menu