Yeni pul əsginazlarını terminallar qəbul etmir 

İqtisadçı-ekspert: "Bu kimi vəziyyətlərdə insanlara tövsiyəm odur ki, terminalları boykot etsinlər"

"Əgər həmin ödəmə terminalları müştəri məmnuniyyətini nəzərə almırsa, vətəndaşların da haqqı çatır ki, bu vasitələrdən istifadə etməsin"

Azərbaycanda yeni pul əsginazlarının dövriyyəyə buraxılmasından artıq xeyli vaxt keçməsinə baxmayaraq, ödəmə terminalları həmin pulları hələ də qəbul etmir. Terminallar yeni pulları qəbul etmədiyinə görə insanların ödəmələri gecikir. Bu hal isə vətəndaşların narahatlığına səbəb olur. Cavabdeh şirkətlər ödəniş terminallarının yaxın zamanda yeni əsginazlara uyğunlaşdırılacağını desələr də, problem hələ də qalmaqdadır.

İqtisadçı-ekspert Əkrəm Həsənov mövcud vəziyyətlə bağlı "Şərq"ə danışarkən qeyd edib ki, terminallar yeni pul əsginazlarına uyğunlaşmaq üçün özlərində dəyişiklik etməlidirlər: "Terminalların yeni əsginazlara uyğunlaşma vəzifəsi, öhdəliyi yoxdur.

Bu onların öz işidir. Ümumiyyətlə, terminallar hər hansı bir əsginazı qəbul etməyə də bilər. Bunlar özəl şirkətlərə, qurumlara məxsusdur. Ona görə də onlar belə məsələləri özləri müəyyən edirlər. Gəlin belə bir sual verək: həmin terminallara maraqlıdırmı ki, insanlar onlardan daha çox istifadə etsin?

Bəli, maraqlıdır. Çünki insanlar terminallardan nə qədər çox istifadə etsə, onların gəlirləri bir o qədər çoxalır. Terminallar yeni pul əsginazlarına uyğunlaşmaq üçün özlərində dəyişiklik etməlidirlər. Bu isə müəyyən xərclərə gətirib çıxara bilər. Əgər dəyişiklik yoxdursa, deməli, məsul şəxslər bu işə pul xərcləmək istəmirlər. Bir tərəfdən bu məsələ onu göstərir ki, sağlam rəqabət mühiti yoxdur. Niyə? Ona görə ki, bu terminalların heç biri özündə dəyişiklik etmirsə, deməli, onlar rəqabətə girmək istəmir, başqa şirkətin onunla rəqabət aparmasından qorxmur. Belə olan halda fikir yaranır ki, bütün terminalların hamısı bir əldən idarə olunur".

Ekspert belə vəziyyətdə insanların nə edəcəyi ilə bağlı öz tövsiyələrini də bölüşüb:

"Vətəndaşlar üçün bu hal nə qədər əziyyətli olsa da, onlar tələb edə bilməz ki, terminallar yeni əsginazlara mütləq uyğunlaşmalıdır. Lakin prinsipcə, vətəndaşlar öz ödəmələrini başqa yollarla həyata keçirə bilərlər. Bu kimi vəziyyətlərdə insanlara tövsiyəm odur ki, terminalları boykot etsinlər. Əgər həmin ödəmə terminalları müştəri məmnuniyyətini nəzərə almırsa, vətəndaşların da haqqı çatır ki, bu vasitələrdən istifadə etməsin".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu