Azyaşlı qıza qarşı təcavüz hiddət doğurdu 

Novella Cəfəroğlu: "Mən belə məsələlərdə çox qəddaram" 

Fərqanə Mehmanqızı: "Təcavüzkara ən ağır cəza cəmiyyətin təzyiq göstərməsidir"


Neftçalada əlli doqquz yaşlı kişi qohumu olan azyaşlı qıza cinsi təcavüz edib. Hadisə 2018-ci ilin mart ayında baş verib. Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar rayonun prokurorluq və polis orqanlarında tam və hərtərəfli araşdırılıb.

Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hadisə ilə bağlı "Şərq"ə münasibət bildirib:

"Mən belə məsələlərdə çox qəddaram. Düşünürəm ki, həmin hadisəni törətmiş şəxsə ömürlük cəza vermək ən doğrusudur. Təbii ki, bu məsələdə cəmiyyətin də rolu böyükdür. Belə şəxslər insanların qınağına məruz qalarsa, bu kimi hallar təkrarlanmaz. İctimai qınaq olmazsa, təcavüz edənlər də artacaq, onu dəstəkləyənlər də".

Psixoloq Fərqanə Mehmanqızı da bu barədə öz fikirlərini "Şərq"ə açıqlayıb:

"Sadist tipli, aqressiv insanlar yaş ötdükcə ətrafa qarşı daha da ziyanverici olurlar. O həddə çatırlar ki, artıq onların qarşısını almaq mümkün olmur. Çünki onların psixologiyası tamamilə pozulub. Belə şəxslərdə yaşlandıqca şizofreniyanın əlamətləri, ətrafa zərər vermək və ətrafa qarşı düşmənçilik kimi hisslər baş qaldırır. Cinsi təcavüz etməklə isə onlar sanki özlərini qarşı tərəfi cəzalandırmış hesab edirlər. Bu, onların beynində cinsi həvəs kimi deyil də, bir cəza üsulu kimi qəbul edilir. Belə etməklə həmin şəxs öz daxilində olan kini, nifrəti, aqressiyanı ətrafa püskürür.

Bunun edən insanın həbs cəzası ilə düzələcəyini, ağıllanacağını düşünmürəm və bundan əminəm. Bütün təcavüzkarların məlumatlarına baxanda, onların bunu dəfələrlə etdiyini görmək mümkündür. Hətta rəsmi şəkildə ortaya çıxarılmasa da, bu hallar baş verir".

Fərqanə xanım deyir ki, təcavüzkara ən ağır cəza cəmiyyətin təzyiq göstərməsidir:

"Hamıya məlumdur ki, indiki zamanda təcavüzlər aktiv şəkildə gizlədilir. Səbəb isə toplumun qadını, qızı günahkar görməsidir. Təcavüz hallarının ört-basdır edilməsi isə belə hadisələrin artmasına gətirib çıxarır. Cinayətkarların da yenidən təcavüz hərəkətlərini təkrar etməsinin səbəbi cəmiyyətin bir sıra insanlarının günahı qarşı cinsdə görməsidir. Təcavüzkar fikirləşir ki, bunu etsəm də, toplum məni cəzadan qurtaracaq. Bu kimi hadisələrdə müəyyən tədbirlər görülür və həmin şəxsə qanunlar çərçivəsində cəza tətbiq olunur. Lakin unutmaq olmaz ki, cəmiyyətin qınağı, toplumun cəzası həmin şəxs üçün daha ağır səciyyə daşıyır".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu