QMİ araşdırma aparıb düzgün qərar verəcək 

Həcc ziyarəti arzusunda olanlar mövcud şərtləri düzgün dəyərləndirməlidir


Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə gtmək istəyən zəvvarlar üçün şərtlərini açıqlayıb. Ölkənin həcc məsələləri üzrə nazirliyi bildirib ki, COVİD-19-dan peyvənd olunmuş zəvvarlar Ramazan ayı müddətində ziyarətə gələ bilərlər. Vurğulanıb ki, Həcc ziyarəti etmək istəyənlər koronavirusa qarşı vaksinin hər iki dozasını almalıdırlar. Bu şərtlərə əməl edən zəvvarlar Həcc ziyarəti üçün müraciət edə bilərlər.

Ümumilikdə ziyarəti üçün qəbul ediləcək şəxslər 3 kateqoriyaya ayrılacaq. Birinci kateqoriyaya koronavirusa qarşı peyvəndin hər iki dozasını vurduranlar, ikinci kateqoriyaya peyvəndin birinci dozasının vurdurulmasının üzərindən ən azı 14 gün keçənlər, üçüncü kateqoriyaya isə COVİD-19-a yoluxub sağalanlar daxildir. Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi builki Həcc ziyarəti ilə bağlı qəti qərarını açıqlamasa da, böyük ehtimalla bu il Azərbaycandan ziyarət olmayacaq. Qeyd olunub ki, ziyarətlə bağlı hər hansı yenilik yoxdur. Lakin vaxt azlığı nəzərə alınanda, ziyarətin baş tutmayacağı iddia olunur. Qeyd edək ki, ötən il üçün də koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həccə ziyarət baş tutmayıb. 



Məsələni “Şərq”ə təhlil edən ilahiyyatçı-alim Hacı Atif İsmayılov bildirib ki, Həcc ziyarəti ilə bağlı qərarlar hər bir ölkənin müvafiq qurumları tərəfindən verilir. Ekspertin sözlərinə görə, QMİ məsələni tam araşdırıb, prosesi mümkün qədər tənzimləməlidir:

“Qurani-Kərim"ə görə, Həcc ziyarətinin vacib olma şərtlərindən biri şəraitin, imkanın münasib olmasıdır. Burada sadəcə maddi imkandan söhbət getmir, eyni zamanda zəvvarlar təhlükəsizlik və sağlamlıq məsələləri ilə bağlı da problem yaşamamalıdırlar.

İlahiyyatçı kimi onu deyə bilərəm ki, Həcc ziyarəti arzusunda olanlar mövcud şərtləri düzgün dəyərləndirməli və QMİ-nin qərarlarına əməl etməlidirlər.

Nəzərə alaq ki, təhlükəsiz dövrlərdə ziyarət üçün heç bir maneə yox idi və insanlar sərbəst formada Həccə gedə bilirdilər. Əgər bu gün gediş-gəlişə icazə verilmirsə, bunun əsas səbəbi məhz həmin dindarların, ziyarət etmək istəyənlərin sağlamlığı, həyatı ilə bağlıdır.

Belə şəraitdə Həcc mərasiminin təxirə salınması problem yaratmamalıdır. Əmin olsunlar ki, kiçik də olsa imkan yaranan kimi ziyarətlər müəyyən şərtlərlə mütləq bərpa olunacaq”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu