Kran təhlükəli vəziyyət yaratdı: “Aşma riski...” – Nə etməli?

Bakıda tikinti kranı sakinlər üçün təhlükəli vəziyyət yaradıb. Təhlükəli vəziyyət Yeni Günəşli qəsəbəsində müşahidə olunur. Sakinlər bildirirlər ki, kranın qaldırıcı hissəsi uzun olduğundan güclü küləyin təsirindən yellənir. Bu anları görüntüyə alan vətəndaş, kranın hər an aşaraq ətrafdakı yaşayış evlərinə təhlükə yarada biləcəyini söyləyir.
Mövcud durumla bağlı “Sherg.az”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, tikinti sahəsində istifadə olunan yükqaldıran kranlar elə qurulmalıdır ki, istənilən hava şəraitində aşma təhlükəsi olmasın:

“Əsas məsələlərdən biri kranın yerləşdiyi yerin möhkəm olması və yükqaldırma əməliyyatı zamanı ətrafında yüksək gərginlikli elektrik xətlərinin olmamasıdır. Kran ətrafdakı insanlar üçün təhlükə riski yaratmamalıdır. Kranın ətrafında mühafizə zonasının yaradılması çox vacibdir”.



E.Nurəliyev qeyd edib ki, kranların saz və işlək vəziyyətdə olması hər gün kran operator tərəfindən yoxlanılmalı, test edilməli və hər hansı nasazlıq yaxud nöqsan aşkar edilmədikdən sonra işə başlamalıdır:

“Kranın yükgötürmə qabiliyyətindən artıq çəkidə yüklərin götürülməsi yolverilməzdir. Çünki yükqaldırıcı oxunun radiusu ətrafənda təhlükəsiz mühafizə zolağı olmalıdır.Həmin ərazinin tam təhlükəsiz olmasına əmin olmaq lazımdır.

Yükün altından keçmək yaxud qaldırılma-boşaldılma zamanı kənar müdaxilə etmək olmaz. Kranlarla bağlı qəzalar ən çox aşma və yüklərin dağılması ilə nəticələnir ki, bununla bağlı olan təhlükəsizlik qaydalarına ciddi yanaşmağın lazım olduğuna diqqət yerimək lazımdır.

Əlverişsiz hava şəraitində, qar, çovğun, duman və küləyin sürəti 15 m/s olanda hündürlükdə açıq havada işçilərin çalışması yolverilməzdir. Elə tikinti sahələri var ki, tikinti gedən ərazidə mühafizə zolağı yaradılmayıb.

Kranların yükqaldırıcı oxu yola çıxır, yaxud ətrafda yaşayış evlərinin üstündə dayanır. Təbii ki, bu təhlükəsizlik baxımından yolverilməzdir. İnsanların həyat və sağlamlığına təhlükə riski yarada biləcək bütün amillər nəzərə alınmalıdır.

Hər hansı bədbəxt hadisə baş verərsə, insanların zərər çəkməməsi üçün təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu