Paşinyan görüşə hazırlıqlı gedib: “Hamısını Amerikaya deyəcək”

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
 “Rossiya 24” kanalının verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə çıxış edən V. Putin ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, ən aktual və ən kəskin problem olan Dağlıq Qarabağ və ətrafındakı vəziyyətin normallaşmasını müzakirə edəcəklərini söyləyib.
Rusiya Prezidenti baş nazirinin müavini Overçukun müntəzəm olaraq İrəvanda səfərdə olduğunu xatırladıb:

“Siz bir müddət öncə onu qəbul etmişdiniz. O, bütövlükdə regionda əməkdaşlın trayektoriyasının necə göründüyünü sizə məruzə etmişdi. Müharibə sonrası vəziyyəti nəzərdə tuturam. Biz sizinlə bu mövzunu dəfələrlə müzakirə etmişik. Əlbəttə ki, Ermənistanın inkişafdan ötrü yeni imkanı qazanması üçün regionda ticarət iqtisadi əlaqələrin və nəqliyyat marşrutlarının bərpası vacibdir. Fikrimcə, bu olduqca vacib məsələdir. Ümid edirəm ki, biz bunları müzakirə etməyə nail olacağıq”.

Qeyd edək ki, Ermənistan Rusiyanın iştirakı ilə atom elektrik stansiyası (AES) inşa etmək istəyir. “RİA Novosti” xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu barədə Rusiya Prezidenti Vladimir Putinlə Moskvadakı görüşü zamanı deyib:

“Bu gün mən sizinlə Ermənistanda yeni atom elektrik stansiyası tikmək imkanını müzakirə etmək istəyirəm”.



Paşinyanın Moskva səfərinin təsadüfi olmadığını deyən professor, siyasi elmləri doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, iki gün öncə rus telekanallarında Poznerin Koçaryanla görüşü və Putinlə Koçaryanın danışıqları cəmiyyətə çatdırıldı. Analitik vurğulayıb ki, məhz bu hadisələrdən sonra Paşinyan Rusiyaya dəvət edilib:

“Kreml Paşinyana qarşı yenə də “şantaj kartı”ndan istifadə edəcək. Qarşıdan seçkilər gəlir. Görüşdə ticari-iqtisadi əlaqələrin müzakirə ediləcəyi bir “nağıldır”. Ermənistanın nəyi var ki, ticarətlə məşğul olsun? Siyasi əlaqələrə gəlincə, onsuz da Ermənistan bir dövlət kimi Rusiyanın vassalıdır. Ona görə də bu sahədə müzakirələrin aparılması yalandır.

10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müzakirəsinə gəlincə, bu anlaşmanı pozan elə Rusiyanın özüdür. Rus sülhməramlıları bəyanatın 1-ci bəndinə görə bu günə qədər bölgədəki erməni silahlı qüvvələrini boşaltmalı idi. Amma bunu həyata keçirməyiblər.

11 yanvar 2021-ci ildəki növbəti üçtərəfli bəyanat da hələ ki, danışıqlar səviyyəsindədir. Hələlik kimsə bu bəyanata görə hüquqi məsuliyyət daşımır. Paşinyan Rusiyadan geri qayıdandan sonra onun çıxışlarından bəlli olacaq ki, ona hansı tapşırıqlar verilib. Təbii ki, o, Rusiyaya hazırlıqlı gedib. ABŞ-la bağlı müəyyən məsələlərdə razılaşacaqlar.

Çünki hazırda Pşainyanı hakimiyyətdə saxlayan məhz ABŞ-dır. Paşinyan Rusiyanın ona nə təklifləri varsa, hamısını Amerikaya deyəcək. Bu, erməni xislətindən doğan bir məsələdir”.

C.Nuriyev qeyd edib ki, Putin istər Ermənistana, istərsə də Azərbaycana qarşı səmimi deyil:

“Putin Ermənistandan bizə qarşı təxribat kimi istifadə etmək istəyir. Eyni zamanda Qafqazda möhkəmlənmək üçün Azərbaycanın maraqlarını tapdalayır. Nəzərə alsaq ki, Azərbaycan hazırda “İskəndər M” raketinin atılmasına dair “kart”dan da yararlanır. Əvvəlcə Paşinyan bu barədə məlumat versə də, sübutları yox idi. Lakin Azərbaycan sübutlarla danışır. Bu da istər-istəməz Putinin mövqeyini kifayət qədər laxladıb. Xüsusilə onun hərbi gücü barədə yaranmış mif tədricən yox olmağa başlayıb. Ona görə bu görüşdə çalışacaqlar ki, rus sülhməramlıları və Qarabağ terminini gündəmə gətirsinlər. Paşinyanla Putinin danışıqları 3 məsələyə həsr olunacaq: birincisi, Putin qarşıdan gələn seçkilərlə bağlı Paşinyanı şantaj edəcəklər. ikincisi, Paşinyandan Azərbaycana qarşı istifadə edib, onu təxribata çəkəcək. üçüncüsü Putin Zəngəzur dəhlizinin açılması üçün Azərbaycanın özünə qarşı Paşinyanın əli ilə başqa şeylər edə, hansısa məsələni gündəmə gətirə bilər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu