Ermənistan Rusiyadan qopa bilməyəcək 


Bu ərazidə Rusiya öz varlığını, hərbi nəzarətini gücləndirir

Rusiya və Ermənistanın Müdafiə nazirləri Sergey Şoyqu və Vaqarşak Arutunyan arasında telefon danışığı baş tutub. Tərəflər Zəngəzurun təhlükəsizliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Məlumatda qeyd olunur ki, nazirlər 102-ci hərbi bazanın və Ermənistanla Rusiyanın Birləşmiş Silah Qoşunlarının fəaliyyətini müzakirə ediblər. Şoyqu və Arutunyan Ermənistan ordusunda başlayan genişmiqyaslı islahatları da nəzərdən keçiriblər.
Müdafiə nazirləri Rusiya sülhməramlı kontingentinin Qarabağın dağlıq hissəsindəki işi barədə də danışıblar.

Politoloq Sədrəddin Soltan "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın Ermənistan üzərində böyüklüyü həmişə olub və olacaq:

"102 saylı hərbi hissə 45 ildən çoxdur ki, Ermənistanla Rusiya arasında olan müqavilədə mövcuddur. Həmin hərbi hissə Rusiyanın Cənubi Qafqazdakı yeganə bazasıdır. Ona görə də Rusiya onun mövcudluğu ilə bağlı davamlı şəkildə maraqlanır.

Heç kimə sirr deyil ki, Ermənistan Rusiyanın bir əyaləti kimidir. Bu ərazidə Rusiya öz varlığını, hərbi nəzarətini gücləndirir.
Sonuncu Qarabağ müharibəsi bir daha göstərdi ki, Rusiyasız Ermənistan mövcud ola bilməz. Seçkiöncəsi Robert Koçaryanın Rusiyaya səfəri, aprelin 7-si Nikol Paşinyanın Putinlə görüşü onu göstərir ki, Ermənistan Rusiyadan qopmayıb və qopmayacaq. Ermənistan o vaxt müstəqil olacaq ki, onda Rusiya olmayacaq. Rusiya olmayanda Ermənistan da olmayacaq. Ona görə də Rusiya onlarla daim əlaqə saxlayır, eləcə də əlaqələrini genişləndirir".

Politoloq onu da qeyd edib ki, bu, Ermənistan və Rusiya hərbi rəsmilərinin həftə ərzində ikinci görüşüdür:

"Əlavə olaraq, hazırda Rusiyada hərbi təlimlər keçirilir. Hərbçilərin döyüşə hazırlıq vəziyyəti yoxlanılır. Ola bilər ki, bu təlimlər Rusiyanın Gümrüdəki hərbçilərinə də şamil edilsin.

Müdafiə nazirlərinin sülhməramlıların işini müzakirə etməsi də buna daxildir. Çünki Ermənistan ordusu hələ də Qarabağın işğalda qalan bir hissəsində saxlanılır. Onlar Qarabağda şübhəsiz ki, Rusiyanın təminatı və razılığı ilə mövcuddurlar".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Ağarza Elçinoğlu Yazarın yazıları
menu
menu