Senari xaricdən cızılıb 

104 admiralın bəyanatı hərbi çevrilişə çağırışdır

Türkiyə tarixində hərbi çevriliş bəyanatları, hökumətə xəbərdarlıqlar adətən gecə saatlarında baş verib

Əminliklə söyləmək olar ki, bəyanatın arxasında duranlar 2016-cı il 15 iyulda hərbi çevrilişə cəhd edənlərlə eynidir. Həmin güc isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsidir


Türkiyədə təqaüddə olan 104 admiralın Montrö Boğazlar Müqaviləsini bəhanə edərək hökuməti təhdid edən və dövlət çevrilişinə işarə vuran “xəbərdarlıq bəyanatı” ölkə ictimaiyyətində və hakim AKP-də kəskin narazılığa səbəb olub. Cəmiyyətdə böyük etirazlarla qarşılanan bəyanatdan sonra Ankara Prokurorluğu təqaüddə olan 104 admiral haqqında cinayət işi açıb.

Məhkəmənin qərarı ilə bəyanatı imzalayan admiralların mənzil və mühafizə hüquqları əllərindən alınıb. İstintaq çərçivəsində 10 admiral saxlanılıb. Xatırladaq ki, ötən bazar günü yayılan bəyanatda 1936-cı ilə imzalanmış, Bosfor və Dardanel boğazları üzərində hüquqlarla bağlı olan Montrö konvensiyası Türkiyənin diplomatik qələbəsi adlandırılıb. Admirallar ölkədə Montrö müqaviləsindən çıxmaqla və dəyişdirilməklə bağlı müzakirələrin dayandırılmasını tələb ediblər. Həmçinin, Qara dənizlə Mərmərə dənizini birləşdirəcək möhtəşəm “İstanbul” kanalı layihəsinə qarşı çıxıblar. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 104 admiralın içində xeyli sayda Cümhuriyyət Xalq Partiyası üzvlərinin olduğunu və sözügedən bəyanatın mərkəzində CHP-nin dayandığını söyləyib. “İstanbul” kanalı haqqında danışan Ərdoğan hər şeyə rəğmən, bu kanalın mütləq inşa ediləcəyini deyib. Ölkə rəhbəri dövlət çevrilişinə cəhd göstərənlərin, buna çağırış edənlərin ən ciddi formada cəza alacaqlarını vurğulayıb. 

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da 104 nəfər istefada olan admiralın məktubuna sərt reaksiya verib. Baxçalı admiralların hərəkətini dövlət çevrilişinə çağırış kimi qiymətləndirib: “Bu, açıq-aşkar dövlət çevrilişinə çağırış etməkdir. Bu, Türkiyə demokratiya tarixinin qara ləkəsidir. Cəsarətlərinin cəzasını çəkməlidirlər”. Baxçalı bildirib ki, məktuba imza atmış admiralların rütbəsi sökülməli, dövlətin onlara ödədiyi pensiya kəsilməlidir. O, həmçinin bu məsələdə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun əli olduğunu da vurğulayıb: “CHP rəhbərliyi bir daha
demokratiyaya qarşı çıxıb, çevriliş arzusunda olan quldurlarla birləşib. 4 aprel bəyannaməsinin görünməyən imzası Kılıçdaroğluna məxsusdur”.



Türkiyə gündəmini zəbt edən mövzu ilə bağlı “Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Montrö anlaşması Ankara hökumətinin müzakirə mövzusu deyil. Analitik vurğulayıb ki, Türkiyədə heç bir dövlət rəsmisi məlum müqavilədən birtərəfli çıxmaqla bağlı hər hansı cümlə sərf etməyib:

“Bəyanata imza atan admirallardan bir neçəsi CHP rəhbərliyində təmsil olunur. Maraqlı məqam ondadır ki, bəyanatdan öncə CHP-yə xidmət edən “Xalq” TV-də “Montrö anlaşması da İstanbul razılaşması kimi ləğv oluna bilərmi?” mövzusunda müzakirələrə başlanılıb. 104 admiralın gecə yarısı ortaya çıxmasından qabaq müxalif “Xalq” TV-də süni gündəm yaradılmışdı. Həmin media qurumu bəyanatdan sonra bunu admiralların “fikir və söz azadlığı” kimi təqdim etməyə çalışdı. Halbuki, təqaüddə olan admirallar tənqidi düşüncələrini sərbəst şəkildə müxalifətə məxsus efirlərdə səsləndirə bilərdilər. Onlara heç kim qadağa qoymamışdı. Ancaq bunun əvəzinə birdən-birə, özü də gecə yarısı peyda olaraq hökumətə “xəbərdarlıq” etməyi seçdilər. Türkiyə tarixində hərbi çevriliş bəyanatları, hökumətə xəbərdarlıqlar adətən gecə saatlarında baş verib. 104 admiralın bəyanatı birbaşa hərbi çevriliş deyil, amma hərbi çevrilişə çağırışdır. Məsələnin təhlükəli tərəfi budur. ABŞ-ın kəşfiyyat orqanlarının hesabatlarında Türkiyə Ordusunda orta təbəqəli zabitlər arasında “narahatlıq” olması ilə bağlı iddialar yer alır. Ona görə bu addım dolayı yolla hərbi çevrilişə cəhd kimi dəyərləndirilməli və adı keçənlər ən sərt formada cəzalandırılmalıdır”. 

N.Mirinin fikrincə, bu, siyasi qərardır və Türkiyə xaricində verilib:

“Məsələ elə qoyulub ki, guya, prosesin arxasında Rusiya durur. Çünki Moskva Montrö anlaşmasından çox məmnundur. Anlaşmaya görə, Qərb ölkələrinə məxsus hərbi gəmilər Türkiyə boğazlarından keçdikdən sonra Qara dəniz ekvatoriyasında üç həftədən artıq qala bilməz. Əgər Montrö müqaviləsi ləğv olarsa, ABŞ gəmiləri Qara dənizdə aylarla, illərlə qalar və Rusiya üçün ciddi təhlükə törədər. Müəyyən dairələr Ankara ilə Moskvanı qarşı-qarşıya gətirmək üçün bu bəyanatı ortaya atıblar. Əminliklə söyləmək olar ki, bəyanatın arxasında duranlar 2016-cı il 15 iyulda hərbi çevrilişə cəhd edənlərlə eynidir. Həmin güc isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsidir. Mühüm bir məqamı da qeyd edim ki, 104 admiralın “xəbərdarlığı” 15 iyula məhz 104 gün qalmış imzalandı. Bunun təsadüf yox, AKP-yə verilmiş çox ciddi mesaj olduğunu düşünürəm. Siyasətdə təsadüflər olmur”.