"28 illik həsrətimə son qoyuldu"

Afət Telmanqızı: "Atamın məzarını çox axtardım, tapa bilmirdim" 

"Bir qohuma zəng etdim, yerini nişan verdi, tapdım. Ziyarət elədim, mənəvi təskinlik, rahatlıq tapdım"

"Ömrümün sonunadək Bəkir Cabbarova borcluyam. Mənə ata məzarını ziyarət etmək imkanı yaratdı"


Bu günlərdə Azərbaycan jurnalistlərinin bir qrupu Qarabağa – Zəngilana səfər edib. Zəngilanın görüşünə gedənlər arasında müstəqil jurnalist, “LAF” internet televiziyasının yaradıcılarından biri, teleaparıcı Afət Telmanqızı da olub. Afət xanım əslən Zəngilan rayonundandı.  Onun sosial şəbəkə üzərindən məzarlıqda çəkilmiş foto ilə “Ata, mən gəldim!,,” paylaşımı diqqətimizi çəkdi. Həmkarımızın doğma ata yurdunda keçirdiyi hisslər, qarşılaşdığı mənzərə haqqında öz dilindən eşitmək istədik. Aydın idi ki, çox gərgin bir səfər olub.

Övladın 28 il sonra ata ilə “görüşməsi” müqabilində dünyanın bütün digər həsrətləri sönük qalır. Afət xanımın Zəngilan – Ata həsrəti barədə danışarkən çətinlik çəkməsi tez-tez köks ötürməsindən aydın idi:  

- Zəngilan işğaldan azad olunanda keçirdiyim sevinc, qürur hissləri sözlə ifadə ediləsi deyil. Zəngilana ayaq basacağımı biləndə də eyni hissləri yaşadım… Mən hər yay ora gedirdim – nənəmin, babamın yaşadığı rayona, kəndə. Tətil günlərini səbirsizliklə gözləyirdim. Nənəmin, babamın yanına can atırdım. 28 il keçirdi o xoşbəxt günlərimdən. Bilirdim ki, Zəngilan xarabalığa çevrilib, erməni vandalları viran qoyub yurdumuzu. Amma yenə də ümid edirdim ki, salamat qalmış nəsə olar, zədələnməmiş bir ev görərəm. Gördüklərimiz dəhşətin ən son həddidir. Bu barədə çox danışmaq istəmirəm. Hamımız televiziyada izləmişik o görüntüləri. Qarabağa təşkil olunan səfərlər zamanı gedənlər də görüb, fotolar paylaşılıb. Amma yenə də insanın gedib öz gözləri ilə görməsi, viran qalmış yurdların naləsini eşitməsi başqadır. Çox ağırdır, buna dözmək… 

Afət Telmanqızı atasının məzarını çətinliklə tapdığını da söylədi: 

- Zəngilan mənim uşaqlıq xatirələrimdi, hər şey deməkdi mənim üçün. İnsan doğma Vətənini hansı sözlərlə tərif edə bilər, hansı sözlərlə izah edə bilər?! Orda uşaqlıq  xatirələrim, şən, xoşbəxt günlərimin izləri var. Çox təşəkkür edirəm Zəngilan rayon polis şöbəsinin rəisi, Zəngilanın komendantı Bəkir Cabbarova. Bəkir müəllim mənə şərait yaratdı. Təhlükəsizliyimiz təmin olundu və mən ata yurduna gedə bildim. Məzarlığı ziyarət edəcəyimi əvvəldən düşünmüşdüm. Məzarlığı ziyarət etməsəydim, bunu özümə bağışlaya bilməzdim. Yol boyu gedə-gedə düşünürdüm, görəsən, doğmaların məzarlarını ziyarət edə biləcəyəmmi? 28 il idi atamın məzarını ziyarət edə bilməmişdim. Zəngilanın işğalı ilə bizim ziyarət hüququmuzu da əlimizdən almışdılar. Orda ata ocağına getdim, gördüklərimizi lentə aldıq. Qəbiristanlığa getdik. Nənəmin, babamın qəbirləri qəbiristanlığın girişindədi. Adları yazılmışdı baş daşında, ona görə tapmaq çətin olmadı. Amma atamın məzarını çox axtardım… Tapa bilmirdim. Bir qohuma zəng etdim, yerini nişan verdi, tapdım. Ziyarət elədim, mənəvi təskinlik, rahatlıq tapdım. Sadəcə, bunu dedim: ata, mən gəldim…  Qəbir dağılmış vəziyyətdədi… İndiyədək həmişə özümü günahkar sayırdım ki, atamı ziyarət edə bilmirəm. Elə bilirdim, günahkaram, atam küsüb məndən, inciyir ki, niyə onu ziyarət etmirəm. Əmimin də məzarını ziyarət etdim.  Atamla doyunca danışmaq istəyirdim, olmadı. Vaxt yox idi. Öz-özümə dedim ki, bundan sonra artıq tez-tez gedəcəyəm, atamı ziyarət edəcəyəm. Qəbrin üstünü də düzəldəcəyik. Yaralarımızı sarıyacağıq. Hamımız. İşğal altında qalmış yurdlara dönənlərin hamısı. Danışa bilmirəm, yenə qəhər məni boğur…

Afət xanım özüylə Zəngilan torpağı gətirdiyini də dedi: 

- “Zəngilan” deyə-deyə dünyasını dəyişmiş doğmalarım var. Onların məzarına səpəcəm bu torpağı, Vətən torpağına qovuşsun onlar da, rahatlıq tapsınlar. 

Afət Telmanqızı Zəngilanın komendantı, Zəngilan rayon polis şöbəsinin rəisi Bəkir Cabbarova bir daha təşəkkür etdi: 

- Bəkir müəllim, mənim 28 illik həsrətimə son qoydu. Mənə ata məzarını ziyarət etmək imkanı yaratdı. Ömrümün sonunadək ona borcluyam. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu