Böyük köçün qarşısını ala bilər

Zəngəzur dəhlizi Ermənistanın nicatı üçün böyük şansdır

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza hesab edir ki, Zəngəzur nəqliyyat dəhlizi Şimal-Cənub layihəsinin bir hissəsi ola bilər. Bu sözləri amerikalı diplomat Yutubda video sorğu zamanı qeyd edib. Onun sözlərinə əsasən, Zəngəzur dəhlizinin reallaşması mühüm iqtisadi və geostrateji tərkibə malikdir. Metyu Brayza əmindir ki, Zəngəzur dəhlizi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyənin nəqliyyat infrastrukturlarını özündə birləşdirəcək, irimiqyaslı regional layihələrə sərmayə yatırmaq üçün yeni imkanlar açacaq. “Dəhliz sənaye zonaları arasında əməkdaşlığın inkişafı baxımından fəal şəkildə istifadə oluna bilər. Zəngəzur dəhlizinin reallaşmasına İrəvanın Bakı və Ankara ilə iqtisadi əlaqələri və hərtərəfli əməkdaşlığını qurmaq istəməyən erməni “revanşistlər” etiraz edəcək”, - deyə o vurğulayıb.

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən iqtisadçı-ekspert Rauf Qarayev deyib ki, Zəngəzur dəhlizinin reallaşması mühüm iqtisadi və geostrateji əhəmiyyətə malikdir. Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi türk dünyasının birləşməsi deməkdir:

"Zəngəzur tarixi Azərbaycan torpağıdır. O, 1920-ci ildə rus bolşeviklərinin əli ilə Azərbaycandan ayrılıb. Bəllidir ki, rus imperiyasında hər zaman türk qorxusu olub. Bu baxımdan rus imperialistləri daimi inkişafa mane olmaq üçün erməniləri buraya köçürüb və tarixi torpaqlarımızda onlara şərait qurublar. Nəticədə Zəngəzurun itməsi Naxçıvanı blokada vəziyyətinə salıb. Cənab Ali Baş Komandan dəfələrlə qeyd edib ki, Zəngəzurun Ermənistana verilməsi türk dünyası arasında coğrafi bağlantının pozulmasını özündə əks etdirir. Əgər ədalətsizlik törədilməsəydi, bu gün türk dünyası vahid məkan kimi olacaqdı. 44 günlük müharibədən sonra Zəngəzur dəhlizinin açılması ilk növbədə türk dünyasının birləşməsi rolunu oynayacaq. Bu həm də Ermənistan üçün əhəmiyyətlidir. Ermənistanın hazırda müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Azərbaycan üzərindən bu əlaqə yarana bilər. İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsi ilə də bunu bərpa edə bilər". 

R.Qarayev qeyd edib ki, bu dəhliz vasitəsilə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən dəmir yolu xəttinin bərpası, kommunikasiyaların, boru və qaz kəmərlərinin açılması üçün də mühüm əhəmiyyətə malikdir:

"Kommunikasiyaların genişlənməsi Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Bu, türk dünyasının birləşməsi deməkdir. Zəngəzur dəhlizinin açılmasından ehtiyat edən ölkə Gürcüstandır. Əslində bu anlaşılandır. Çünki onlar düşünür ki, investisiya baxımdan layihələr oradan keçəcəksə, bu zaman Gürcüstan büdcəsinə bu az təsir edə bilər. Amma buna qarşı ən kəskin çıxan elə ermənilərin içində olan Koçaryanlar, Sarkisyanlar və sairlərdir ki, əlləri hər şeydən üzülüb. Onlar qeyd edirlər ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın bir dövlət kimi sonunu gətirə bilər. Əslində isə bu dəhlizin olmaması bir dövlət kimi onların sonu ola bilər. Çünki hamıya məlumdur ki, Ermənistanda iqtisadi cəhətdən dolanışığın ağır olması əhalini kütləvi sürətdə köç etməyə məcbur edir. Bu isə o deməkdir ki, erməni əhalisi Ermənistanda yaşamaq istəmir. Bu baxımdan da artıq onlara torpağın və dövlətin olması maraqlı deyil. Bu isə sonda həmin torpaqların Rusiyanın əlinə keçirilməsinə gətirib çıxaracaq. Bunu onların bəzi nümayəndələri də qeyd edir. Odur ki, revanşist qüvvələr reallıqla barışmalıdır. Əks halda dövlətçilik də əldən gedəcək. Metyu Brayzanın fikirləri ilə razıyam. Hesab edirəm ki, həqiqətən də Zəngəzur dəhlizi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyənin nəqliyyat infrastrukturlarını özündə birləşdirəcək, irimiqyaslı regional layihələrə sərmayə yatırmaq üçün yeni imkanlar açacaq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu