"Aygünlə bir gün" - 44 günün qənimətləri... - VIDEO

Bütün Bakı əhli "döyüşə" gedir

Boş qalmış dəbilqələr düşmənə göz dağıdır

"Bakının dəlisov küləyi dəbilqələri bir-birinə toxundurur, ikiqat ovqat yaranır"

Azərbaycanlıyam… Necə də qürurlu səslənir bu söz. Çox xoşbəxtik ki, torpaqları işğaldan azad olunmuş, müstəqil dövlətdə yaşayırıq.
Bir neçə gündür ki, əhalinin üzünə açıq olan Hərbi Qənimətlər Parkına getməyi əvvəlcədən planlaşdırmışdım. Elə bu amalla rəfiqəm Zari Nərminə ilə həmin əraziyə yol aldıq. 
“28 May” metrostansiyasına gəldik. Düz mərkəzdə dayanıb, əraziyə necə gedəcəyimizi düşünürdük.Yenə də  köməyimizə “google map” çatdı. Ayaqla getmək vaxt aparacaqdı deyə, taksi ilə nəhayət Parka çata bildik. 
Sırada o qədər insan var idi ki…Uşaqdan böyüyə hər kəs ələ keçirilən hərbi qənimətləri görmək üçün saatlarla gözləməyə hazır idilər. 
- Gör nə qədər adam dayanıb sırada?!
-  Eybi yox, həmin qənimətləri görmək üçün bir az gözləmək olar.

Bu günə qədər demək olar, Bakının hər görməli gəzməli yerlərində olmuşam, belə bir qürurverici məkan tapmamışdım. Amma indi ordayam. Məhz bu park Azərbaycanın  Qarabağ müharibəsində şanlı qələbəsini əks etdirir. Gördüklərim gözlədiklərimdən qat-qat artıq oldu…
Girişdə bizi ilk növbədə suvenirlər pavilyonu, daha sonra “Qarabağ Azərbaycandır” lövhəsi qarşıladı. Bu ekspozisiyanı Zəfər paradından hər biriniz xatırlayırsız. Lövhəni görən kimi Paşinyanın  trend olan videosu yadıma düşdü.. Deyirdi ki, Qarabağ Azərbaycan ərazisidir. Sonra üzr istəyib “səhvini” düzəldir. Sındıra-sındıra ingilis dilində danışan, Paşinyan, dil çaşar, düzünü deyər... Azərbaycan Ordusunun II Qarabağ  müharibəsində düşmənin 2 mindən çox nişan nömrələrindən hazırlanan kompozisiyaya indi ziyarətçilər baxır. Üzərində isə tək bir yazı var: “Qarabağ Azərbaycandır!”. 
 ...
 Hərbi eksponatların nümayiş olunduğu Parkın ərazisi 5 hektardır.  Məkandakı hər bir element nadirdir.

Erməni tərəfi 44 günlük müharibə dönəmində hərbi texnikalarını qoyub qaçıb, ya da bütün zirehli texnika paramparça olub. İndi də biz şəhər sakinləri onları izləməyə gedirik. Bax, bu yerdə, Prezident İlham Əliyevin müharibə günlərində dillərə düşmüş məhşur “iti qovan kimi qovuruq” ifadəsi, həqiqəti əks etdirir… 

Hə, onu da deyim ki, parkda nümayiş edilən texnikalar, həmçinin ekspozisiyalar çox incəliklə və məharətlə hazırlanıb. Ərazidə ekspozisiyalardan savayı, düşmənin sıradan çıxarılmış döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa”, KUB zenit-raket kompleksləri və digər eksponatlar sərgilənir. Çoxu “Vətən müharibəsi” dövründə vurulma anlarını gördüyümüz texnikalara olsa da, bəziləri saz vəziyyətdədir.  Azərbaycan Prezidenti İlham Əliyevin Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələri, xalqa müraciətlərdən ibarət hissələr  ərazidəki videozalda nümayiş etdirilir. 
Parkda gəzəndə çox maraqlı yerləri addımbaşı görmək olur. Məni ən çox cəlbedən ekspozisiya var idi. Düşmənin boş qalmış dəbilqələrindən ibarət olan yer.. Bu dəbilqələrin hər biri düşmən ordusuna göz dağıdır! Bakının dəlisov küləyi dəbilqələri bir-birinə toxundurur, ikiqat ovqat yaranır.

Diqqətimi cəlb edən digər hissə silah sandıqlarından düzəldilmiş oturacaqlar, atılmış silah-sursatlardan düzəldilmiş işıqlandırma, zibil qabları...  Bununla Azərbaycan xalqının kin və nifrət hisslərindən uzaq, xeyirxah və sülhpərvər xalq olduğunu bütün dünyaya çatdırmış oluruq.

Real müharibə səhnələrini əks etdirən kazarma, səngərlər, xəndəklər,  hərbi texnikaya qarşı quraşdırılmış maneələri gördükcə daha da qürur duyurdum.
Gəzintidə hərbi forma geyinmiş uşaqlarla da rastlaşırdım. Valideynlər övladlarını parka gətirərək texnikalarla tanış edirdi. Yeni istifadəyə verilən ərazidə hər yaş qrupundan insan görmək olardı. Bir də Qarabağ müharibəsinin canlı şahidlərini... 

Kənardan müşahidə edirəm. Balaca hərbi formalı oğlan qazimizə yaxınlaşır. Atası onların şəklini çəkir. Qazi üzü bizim istiqamətdə yaxınlaşır. Ayağı axsayırdı. Bu gün zövq alaraq baxdığımız qənimətlər onun kimilərin əl işidir. 

Hərbi Qənimətlər Parkına gələsən, “əl işlərinin müəllifi ilə” həmsöhbət olmayasan?! Erməni dəbilqələrini boş qoyan  igidlərimizdən biri Cəfər Hüseynov olub. Veteranlar Şurasının üzvü olan Cəfər, Cəbrayıl və Qubadlı istiqamətdə gedən döyüşlərdə mərdlik göstərib. Həmçinin 2016-cı ildəki aprel döyüşlərində də iştirak edib. O deyir ki, 27 sentyabr çox qürurverici gündür.  Düzü, sözlərini ifadə etməkdə çətinlik çəkirdi. Canlı şahidə baxıb qürur duymamaq mümkün deyil... “Hər kəsin baxmağa gəldiyi bu tankları güclü Ordumuz məhv edib” deyən Cəfəri çox da yormayıb, parkı gəzməyə davam edirik. Qarşımızdakı texnikanın üzərində partlayıcı görürük. Rəfiqəm texnikaya yaxınlaşır. Bir az kənardan Cəfərin səsini eşidirik “yavaş olun, partlayar”.  Həmin an gülümsəməyə başlayırıq. Məkan elə dizayn edilib ki, sanki müharibənin içərisindəyik. Rəfiqəmlə mən də, həmin ab-havaya qapılmışdıq...
...
Gəzinti zamanı dron və artilleriyamızın, eləcə də, idarəolunan raketlərimizin məhv etdiyi T72 tankları, BMP1 və BMP2, müxtəlif kalibri və təyinatlı topları, artilleriya kəşfiyyat sistemlərini, bir sözlə, düşmənin hər növ texnikasını görəcəksiz.  Onların qarşısında yerləşdirilən məlumat tablosu imkan verir ki, baxdığın silah-sursatla tanış ola biləsən. Bu yerdə, Şah İsmayıl Xətainin bir deyimini xatirə düşür: "Qılınc həmin qılıncdır, qol o qol deyil". Bəli, silah-texnika düşməndə də ola bilər, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. 

Düşmən bunkerinin içərisində olan eksponatlar vaxtilə ermənilərə məxsus olan elementlərdir. Plakatlar da, şəkillər də, hətta yerə döşənən üzlük də... Hələ ermənilərin istifadə etdiyi qaşıq, boşqab, duzqabıdan danışmıram...

Silah, yemək anbarı, yeməkxana, əsgər yataqxanası və komandir otağında olan hər bir əşya və silahlar ermənilərdən ələ keçirilən qənimətlərdir.
Erməni əsgərlərin mum mulyajlarının ayrı marağı var. O qədər təbiidir ki... Simasını itirmiş erməni mulyajları çox yaxşı hazırlanıb. 
Yeri gəlmişkən,  yuxarıda Cəfərin adını çəkmişdim. O, Azərbaycanı “Azərbaycan” edən oğullardan sadəcə biri idi. Bu gün Vətənimizdə başıuca gəziriksə, bunu şəhidlərimizə, qazilərimizə,  cəsur oğullarımıza borcluyuq. 

Ərazidə o qədər danışılası yer var, hisslərini yaz, yaz bitməz. Yaxşısı özünüzün gedib görməyidir. Mən də, Hərbi Qənimətlər Parkına görüşənədək deyirəm... Ümid edirəm ki, yaxın bir zamanda Qarabağımızda yaradılan parklardan reportaj yazaram...

Yazını sonlandırmadan bir nüansı da qeyd etmək istəyirəm. Ermənistanı deyirəm. Müharibə vaxtı məntiqsiz fikirlərlə gündəmə gəlirdilər. Tonoyanın “yeni müharibə və yeni ərazislər” tezisi... Paşinyanın təhdid ritorikası... Bu təhdidlər sırasında Ermənistan Müdafiə Nazirliyinin sabiq əməkdaşı Artsrun Ovannisyan dediyi “möhtəşəm” idi: “Müharibə başlasa, tanklarımız Bakıya gələcək”. Necə də, uzaqgörən “adamdılar”. Gözün aydın, Ovannisyan... Bu gün erməni tankları Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Amma “əsir” kimi...


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu