Ruhlar şəhərinə media əhlinin səfəri

Ağdamda nə bir ağ dam qalıb, nə xiyaban, nə də məzar yeri

İşğaldan azad olunmuş rayonlarımızın mövcud durumunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq KİV-in ən ümdə vəzifələrindən sayılır. O baxımdan Qarabağa beynəlxalq diplomatik korpusun, əcnəbi qonaqların səfərləri ilə yanaşı, xarici və yerli mətbuat təmsilçilərinin turları da təşkil olunur. Aprelin 15-də Media İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup media təmsilçisinin Ağdama növbəti səfəri reallaşdı. Budəfəki mediaturu əvvəlkilərindən fərqləndirən əsas nüans heyətin qəzet jurnalistlərindən ibarət olmasıydı. Ağdamda üzləşəcəyimiz mənzərənin məyusluğunu əvvəlcədən hiss etsək də, işğaldan azad edilmiş ərazilərə ilk dəfə səfər etməyin sevinc və qürurunu yaşayırdıq. Media İnkişaf Agentliyinin təmsilçisi Rüstəm Əbülfətoğlunun təbirincə desək, “müqəddəs Ramazan ayında ibadətə bərabər bir yolçuluğa çıxmışdıq”. Məqsədimiz Ağdamla, daha doğrusu, şəhərin qalıqları ilə yaxından tanış olmaq idi. 

Ağdamın Təzəkənd kəndində qurulan postu keçəndən sonra ilk dayanacağımız yolun kənarında təpənin üzərində məhv edilmiş düşmən postunun yanı oldu. Yolun sağ və sol hissəsində ANAMA-nın əməkdaşları torpağı qarış-qarış axtarır, bölgəni minalardan təmizləyirdilər. Tur zamanı ANAMA-nın Ağdam regional üzrə əməliyyat meneceri Ehtiram Cəfərov yolun kənarına qoyulmuş plan-xəritə üzərində jurnalistlərə minalanmış ərazilərlə bağlı məlumatlar verdi. Bildirdi ki, bu ərazilər potensial olaraq mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazi hesab olunur.

Ehtiram Cəfərovun sözlərinə görə, minaaxtaranlar tərəfindən Ağdamda ümumilikdə 3 milyon 600 min kvadrat metrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Əməliyyatlar nəticəsində 146 ədəd tank əleyhinə və 189 ədəd piyada əleyhinə mina tapılıb:

“Bundan başqa, Ağdam rayonu ərazisində 1251 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Əməliyyatlar rayonun içərisinə doğru davam edir. Bilirsiz ki, 10 noyabr sazişindən, yəni Ermənistanın kapitulyasiyaya imza atmasından sonra Ağdam rayonu savaşsız Azərbaycana təhvil verildi. Lakin rayon 30 ilə yaxın işğal altında olduğu üçün bu ərazilərdə həddindən çox minalar basdırılıb.

Ona görə də müvəqqəti olaraq mülki insanların buraya girişi qadağan olunub. Hökumətin tapşırığına əsasən, ilk növbədə infrastrukturun olacağı bölgələr minalardan təmizlənir. Öncə Bərdə-Ağdam dəmiryol xəttini və avtomobil yolunu təmizləmək planlaşdırılıb. Regionda ANAMA-nın 32 əməliyyat heyəti çalışır. Yanvar ayından bu yana aşkarlanan bütün minalar zərərsizləşdirilib. Ən çətin proses hərbi mövqelərin təmizlənməsidir. Ona görə də bu ərazilərdə texnika ilə deyil, əllə təmizləmə mexanizmindən istifadə olunur. Təhlükəli minalar yerində, az təhlükəlisi isə münasib yerə aparılaraq orada zərərsizləşdirilir”.

E.Cəfərov mütəxəssis kimi ermənilərin “bizdə minalanmış ərazilərlə bağlı xəritəsi yoxdur” iddiasına da münasibət bildirib. Vurğulayıb ki, bu cür açıqlama tamamilə yalandır və absurddur:

“Sxemsiz, plansız heç bir əraziyə minalar basdırılmır. Amma ermənilərə Ağdamdan çıxmaq üçün əlavə vaxt verilərkən qərəzli şəkildə hara gəldi mina basdıra bilərlər”. Mütəxəssis bəyan edib ki, bölgədə əsas işi ANAMA görsə də, digər qurumlardan da yardım alırlar: “Milli Ordunun İstehkam Xidməti qoşunları, o cümlədən türk qardaşlarımızın göndərdiyi xüsusi heyət də bizə dəstək verirlər”. 

E.Cəfərovun jurnalistləri bilgiləndirməsindən sonra heyətimiz vaxtilə Ağdam İcra Hakimiyyətində çalışan, hazırda YAP-ın Ağdam rayon təşkilatında aparat rəhbəri kimi fəaliyyət göstərən bələdçimiz - Zülfü Qasımova həvalə olundu.

Ağdamı qarış-qarış tanıyan Zülfü Qasımov marşrut boyu baş çəkdiyimiz hər yer haqqında ətraflı və maraqlı məlumat verdi. Ağsaqqal bələdçimizin geniş və bir qədər emosional izahatı Ağdamın qalıqları üzərində köhnə şəhəri gözümüzdə yenidən canlandırdı. Jurnalistlərlə tanış olan Z.Qasımovun ilk cümləsi “Ağdamı yenidən görəcəyimə heç inamım yox idi” oldu:

“Şükürlər olsun ki, Allah xoşbəxt günləri bizə yenidən yaşatdı. Dövlət başçımıza, Ali Baş Komandana xüsusi minnətdarlıq edirəm. Məhz ölkə rəhbərinin, qəhrəman Ordumuzun rəşadəti sayəsində 30 ildən sonra doğma yurdumuza, boya-başa çatdığımız rayona qayıtmaq bizə nəsib oldu. Ağdama girmək üzrəyik. Yol boyu sağa-sola baxsaz, çox güclü müdafiə istehkamları görəcəksiz. Əgər müharibə yolu ilə Ağdama girilsəydi, şəhidlərimiz hədsiz çox olardı. Şükür ki, Prezidentimiz sayəsində Ağdamı döyüşsüz geri ala bildik”.

Həqiqətən, yol boyu dəhşətli mənzərənin şahidi olduq. Avtobus hərəkət edərkən müəyyən məsafələrlə quraşdırılmış istehkamların, ardınca uçuq-sökük divarları qalmış, aralarını ot-alaq basmış yaşayış evlərinin, ictimai obyektlərin qalıqlarını izlədik. Erməni vandalizminin “əsərlərini” yerində görmək bütün media nümayəndələrini dərindən sarsıtdı. Barbar ermənilər sadəcə günahsız insanlara deyil, cansız daşlara belə divan tutmuşdular. Şəhər yerlə-yeksan edilib, vəhşicə talanıb və 27 il bərbad vəziyyətdə saxlanılıb.

Zülfü Qasımovun bələdçiliyi ilə yollandığımız ilk yerlərdən biri Ağdamdakı doğum binasının qalıqlarının qarşısı idi. Doğum evinin yanında uşaq poliklinikası da varmış:

“Ağdam şəhəri 50 küçədən ibarətdir. 5 kənd sahəsi və 2 məhəlləsi var. 81 nömrəli məhəllədə 640 ev tikilmişdi. O evlərin cəmi 18-i qeydə alınmışdı. Olduğumuz yerdə 11 beşmərtəbəli bina var idi. Yan tərəfdə 6 nömrəli məktəb və sərnişin avtobazası yerləşirdi. Digər tərəfdə isə iki mərtəbəli binalar tikilmişdi. Gördüyünüz bu kanalın içi suyla dolu olurdu, amma indi quruyub. 

Sonrakı ziyarət məntəqəmiz Ağdamın məşhur “İmarət” deyilən yeri oldu. İmarət deyilən yerdə həm qəbiristanlıq, həm də məşhur stadion vardı. İmarət Qərvənd qəbiristanlığı Qarabağ xanının və onun yaxınlarının məzarları olan məqbərə-kompleksdir. Pənahəli xanın məqbərəsi də Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin giriş qapısı tağvari quruluşa malikdir.

Ermənilər içi samanla dolu olan türbədən mal-qaranın yem anbarı kimi istifadə ediblər. Türbələrin önündə xan qızı Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ağdam şəhəri işğaldan azad olunandan sonra məlum olub ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılıb, qəbri təhqir olunub və sümükləri də çıxarılıb. Türbələrlə üzbəüz isə 1952-ci ildən 1993-cü ilə qədər fəaliyyət göstərmiş stadion vardı. Stadion işğal zamanı mərmi zərbərlərinə məruz qalaraq, yararsız vəziyyətə düşüb. Z.Qasımov tarixi oyunlara şahidlik etmiş stadionun yenidən bərpa olunacağını dedi: “Buranın İmarət adlanmasının səbəbi burada Pənahəli xanın sarayının, imarətinin olmasıdır. Sarayda divanxana da olub. Abidə kompleksi XVIII əsrə aiddir. 1980-ci il may ayının 2-də Natəvan qızlar bayramı və Xarı bülbül ümumdünya festivalı keçirilirdi. Təsəvvür edirsiniz, 1989-1990-cı ildə Xarı Bülbül Festivalına Amerikadan, Türkiyədən, Meksikadan, Orta Asiya respublikalarından iştirakçılar gəlirdilər. Həmin festivalı Abdulla Qurbani hazırlayırdı. Bir tribunada 1000 nəfər eyni vaxtda xor oxuyurdu. 1500 nəfərə qədər stadionda oynayırdı. Festival çox gözəl olurdu”. Xanın saray və divanxanası dağıdılmamış vəziyyətdə saxlansa da, hər iki tikili bərbad görünürdü. Sarayın otaqları və divanxananın  içərisi zibil və peyinlə doluydu. Çox güman, ermənilər burada mal-qara, bəlkə də donuz saxlamışdılar. Növbəti dayanacağımız Ağdamın birinci Şəhidlər Xiyabanı, daha dəqiq desək, məzarlığın qalıqları idi. Sonradan üzə çıxarılmış üç-beş məzar istisna olmaqla ermənilər Xiyabanın altını üstünə çeviriblər. Əksər qəbirlər qazılmış, içi boş halda idi. Dəfn olunanların sür-sümükləri belə yoxa çıxmışdı. Sadəcə içərisi zir-zibillə dolu çuxurlar qalmışdı. Bələdçimiz vurğuladı ki, Ağdamda şəhidlərin dəfn olunduğu üç qəbiristanlıq olub. Birinci, ikinci və bir də Qarahacı məzarlığı: “Bu məzarlıqda təxminən 1000-dən artıq şəhid basdırılmışdı. Görürsüz, sağ qəbir qalmayıb. Vəhşiliyin dərəcəsinə baxın. O vaxt Allahverdi Bağırovun Vitalik adında erməni ilə əlaqələri olub. Meyitləri, əsirləri, girovları dəyişdirirdilər. Onlar Qarabağ futbol komandasında bir yerdə oynamışdılar. Allahverdi Bağırov Vitaliklə bu əlaqələrdən istifadə edərək, o vaxt Xocalıda 1500-ə qədər əsir, girov və meyitləri dəyişdirə bilmişdi. O vaxt ermənilər Allahverdi Bağırovun qəbrini saxlamışdı. Sonra dağıtdılar. İndi qəbrin yerində qırıq daşları qalıb. O daşlara görə də müəyyənləşdiriblər ki, orda Allahverdi Bağırovun qəbri var”. 

Birinci Xiyabandan sonra Qarahacı deyilən məzarlıq yerinə yollandıq. Bələdçimiz İkinci Xiyabanın yerinin bilinmədiyini söylədi. Qarahacı məzarlığında isə demək olar ki, heç bir qəbir yeri qalmamışdı. Ermənilər Xocalı soyqırımında şəhid edilmiş insanların da dəfn edildiyi məzarlığı şumlayıb, bəzi yerlərini “əkib-becərmişdilər”.

Qarahacı qəbiristanlığından Əsgəranın erməni kəndləri açıq-aydın görünürdü. Düşmənlə aramızda isə Rusiya sülhməramlılarının nəzarət məntəqəsi qurulmuşdu. Məzarlıqdan sonra növbəti ziyarət bölgəmiz Ağdamın məşhur cümə məscidi oldu. Ağdam məscidi ermənilər tərəfindən işğal edildiyi dövrdə çox ciddi dağıntılara məruz qalıb. Məscid erməni işğalından bir ay sonra üzərinə benzin tökdürülərək yandırılıb. Minarələr daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub. Daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub, tamamilə yararsız hala salınıb. Məscidin bəzək əşyaları qarət edilərək Ermənistana daşınıb. Divarlar üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazılıb. Ermənilər məscidin ibadət zalında mal-qara və donuz saxlayıblar, məsciddən tövlə kimi istifadə ediblər. Allaha sonsuz şükürlər olsun ki, Ağdamla bərabər cümə məscidi də azadlığına qovuşdu, düşmənin təhqirlərindən xilas oldu. 
Sonuncu dayanacağımız Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş məşhur Şahbulaq qalası idi. Bələdçimizin dediyinə görə, ehtimal ki, qalanın adı burada yerləşən gursulu bulağın adından – Şahbulağından götürülüb: “Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır. Qala Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. İşğaldan azad olunanadək ermənilər qaladan kilsə, muzey və restoran kimi istifadə ediblər”. 

Səfərimizin sonunda Zülfü Qasımov Ağdamın yeni baş planının hazırlandığını dedi. Bildirdi ki, əsas görkəmi və simvolları saxlanacaq:

“Şəhərin salınması üçün hamısı təzədən qurulmalıdır. Şəhər müasir plan əsasında müasir qaydada olacaq. İnşallah, əvvəlkindən daha gözəl Ağdamımız olacaq”. 
Səfərimiz Şahbulaqda başa çatdı və bir qədər dincəldikdən sonra Ağdamı yenidən, təbii ki, daha gözəl vəziyyətdə görmək arzusu ilə rayondan ayrıldıq. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu