5 ay öncə belə deyildi: İndi Rusiya həmsədrlərin "offsayd"da qalmasını istəmir

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı son bəyanat hər nə qədər mənasız və məzmunsuz olsa da, gözlənilən idi”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, Prezident İlham Əliyevin son çıxışlarında həmsədrlərin ünvanına səsləndirdiyi haqlı tənqidlərdən sonra Minsk Qrupu “qış yuxusundan” ayılıb: 

“Rusiya-Türkiyə formatının ortaya çıxmasından sonra faktiki olaraq işsiz qalan həmsədrlərin gecəyarısı verdiyi bəyanatı “mən də varam” ismarıcından başqa bir şey deyil. Amma bu ismarıc müəyyən hiyləgər planlardan da xəbər verir. Məlum məsələdir ki, ABŞ və Fransanın timsalında Qərb yenidən prosesə qayıtmaq istəyir. Qərb Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdən kənarda qalması ilə heç cürə razılaşa bilmir. Ancaq hazırda Minsk Qrupunun indiki formatda regionda görə biləcəyi elə də mühüm bir iş qalmayıb. Düzdür, Rusiya hansısa məqamda Azərbaycanı güzəştlərə məcbur etmək və ya Türkiyəni neytrallaşdırmaq üçün Minsk Qrupu həmsədrləri formatının yenidən tam gücüylə canlandırılmasına təşəbbüs göstərə bilər. Elə sözügedən sonuncu bəyanatı imzalayanların arasında rusiyalı həmsədr İqor Popovun da imzasının olması onu göstərir ki, 5 ay öncəki situasiyadan fərqli olaraq hazırda Rusiya Minsk Qrupu həmsədrlərinin "offsayd"da qalmasında yox, yenidən fəallaşmasında maraqlıdır. Lakin həmsədrlər fəallaşıb da nə edəcəklər, hansı işi görə biləcəklər, bax, bu suala hələlik onların özləri də düz-əməlli, qane edici bir cavab tapa bilmirlər”. 

Partiya sədrinin fikrincə, həmsədrlərin postmünaqişə dönəmində hansısa humanitar missiyalarda iştirak etmələri mümkündür: 

“Həmsədrlər məcburi köçkünlərin öz evlərinə qayıtması, işğalçı ölkənin Azərbaycana təzminat ödəməsi, müharibə canilərinin məhkəmə qarşısına çıxarılması kimi məsələlərdə aktivlik göstərə bilərlər. Amma bütün bu kimi təklif və ideyalar öncə rəsmi Bakıya təqdim edilməli, hər bir detal Azərbaycanın dövlət başçısı ilə razılaşdırılmalıdır. Eyni zamanda Prezident İlham Əliyevin Belarus rəhbəri Aleksandr Lukaşenko ilə birlikdə mətbuata bəyanatla çıxış edərkən Minsk Qrupu ilə bağlı verdiyi tövsiyyəni həmsədrlər özləri üçün "yol xəritəsi" hesab edərək yeni və tutarlı təkliflərlə, ideyalarla çıxış etməlidirlər. Hesab edirəm ki, İlham Əliyevin həmin açıqlamasını həm həmsədrlərin özlərinə, həm də onların təmsil etdikləri ölkələrin liderlərinə xatırlatmaqda fayda var”.

Ə.Hüseynov vurğulayıb ki, rəsmi Bakı bu mövzunu qapada bilər, həmsədrlərin vasitəçilik missiyasından ümumiyyətlə, tamamilə imtina da edə bilər: 

“Lakin Bakı siyasi müdriklik və diplomatik çeviklik nümayiş etdirir. Prezident İlham Əliyev həmsədrləri münaqişədən sonra yaranmış yeni vəziyyətdə, yeni reallıqlarda nə kimi işlər görə biləcəkləri barədə düşünməyə və müzakirələrə dəvət edir. Yəni ki, bununla Azərbaycan olaraq bir daha müzakirələrə açıq olduğunu, sülhün bərqərar olmasına xidmət edə biləcək hər bir faydalı təklifi dəyərləndirməyə hazır olduğumuzu hər kəsə nümayiş etdirir”.