Rusiya və ABŞ bir-birini informasiya "bombardmanına tutub" - Politoloq  

"Qlobal informasiya məkanında populyar olan bütün dillər piar aləti kimi seçilib"

"Hazırda faktiki olaraq Rusiya və ABŞ arasında  İkinci soyuq müharibə müşahidə edilir. İndi klassik soyuq müharibə dövründən sonrakı ən aqressiv informasiya savaşına (kəşfiyyat, təxribat, təbliğat və s.) şahidlik edirik. Qlobal situasiya ilə yanaşı, bir neçə nüans hazırkı informasiya qarşıdurmasını əvvəlkindən fərqləndirir".

Bu fikirləri "Şərq"ə açıqlamasında  politoloq Nurlan Qələndərli deyib. 



Onun sözlərinə görə,  tərəflər piarın qara deyil, daha çox boz növünə üstünlük verirlər:

"Yəni qarşı tərəflə əlaqədar neqativ imic yaratmaq üçün təkcə dezinformasiyadan deyil, daha çox real məlumatlardan ittiham və tənqid vasitəsi kimi istifadə olunur. Eyni zamanda, həm ABŞ, həm də Rusiya bir-birinin daxili auditoriyasına istiqamətlənmiş xüsusi təbliğat mexanizmi formalaşdırıblar. Burada çap mətbuatı və elektron informasiya resurslarının xidmətlərindən yararlanılır. ABŞ Rusiyada fəaliyyət göstərən bir sıra media orqanlarında anti-Rusiya təbliğatına xidmət edən məlumatlar və analitik materiallar yayımlanmasına çalışır. Eyni addım Rusiya tərəfindən də atılır. Paralel olaraq tərəflər bir-birinin sosial media platformasını informasiya bombardmanı vasitəsilə qlobal ictimai rəydə dəyişikliklər etməyə çalışırlar. Bu prosesdə əsas zərbə gücü kimi videomateriallardan istifadə edilir. Nəhayət, indiki situasiyada təbliğatın vahid dili yoxdur. Qlobal informasiya məkanında populyar olan bütün dillər piar aləti kimi seçilib". 

Politoloq əlavə edib ki, nəticədə bəşəriyyət vahid qlobal informasiya məkanında şiddətli toqquşma və mübarizə prosesinə şahidlik edir:

"Proseslərin zaman-zaman artan və azalan dinamika ilə davam edəcəyi şübhəsizdir. Ən əsası, bütün bunlar III Dünya müharibəsi axtarışında olanlar üçün real faktlar və həqiqət anıdır".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu