Absurd: “İnformatika müəllimliyi”nə kimyadan imtahan verirlər”

“Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biri: “İnformatika müəllimliyi” ixtisasını seçənlərin informatikadan deyil, kimyadan qəbul imtahanı vermələridir”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Ekspert məsələ barədə daha ətraflı “Sherg.az”a danışdı:

“Son zamanlar rəqəmsal sektorda uzun illər həllini gözləyən problemləri bir daha xatırladıram. Baxıram ki, bizim rəqəmsal problemlərimiz də xeyli “qocalıb”. Uzun illərdir ali məktəblərə qəbulda  “informatika, yoxsa kimya” problemi də öz həllini tapa bilmir. Dəfələrlə bu məsələ DİM və Təhsil Nəzirliyi qarşısında qaldırılıb. Uzun-uzadı müzakirələr aparılıb. Belə görünür ki, bu il də İKT  yönümlü ixtisası, o cümlədən informatika müəllimliyini, proqramlaşdırma ixtisaslarını seçənlər informatika  əvəzinə, kimyadan qəbul imtahanı verəcəklər. Deməli, hələ də DİM və TN bununla bağlı daxili problemlərini həll edə bilməyiblər”.

Onun fikrincə, iki qurum arasında fikir ayrılığı var:

“DİM deyir ki, texnoloji ixtisaslara informatikadan imtahan götürülərsə, əksəriyyət kəsiləcək. DİM  düşünür ki, bu, nazirliyin problemidir, məktəblərdə  informatikanın tədrisi yetərli olmadığına görə şagirdlərin bilik və bacarıqları da qənaətbəxş deyil.

Nazirliyin kontur-arqumenti isə belədir: bu, DİM-in problemidir, gərək DİM informatikanı imtahan olaraq daxil etsin ki, məktəblərdə, valideynlərdə və şagirdlərdə bu fənnə diqqət artırılsın. Əlbəttə, DİM-in elmi-statistik təhlillərindən görünür ki, məktəblərdə nəinki informatikanın, elə riyaziyyatın da tədrisində ciddi problemlər var.

Amma MİQ müsabiqələrindən  sonra informatikanın tədrisinin məktəblərdə xeyli yaxşılaşdığını nərərə almalıyıq.

Beləliklə,  iki dövlət qurumunun ortaq məxrəcə gələ bilməməsi səbəbindən uzun illərdir  problem  həll olunmadan qalır. Bir müddət öncə DİM riyaziyyatdan bəzi imtahan tapşırıqlarının informatika fənni üzrə ola biləcəyini açıqlamasına rəğmən, sonradan bunlar da unuduldu”.

O. Gündüzün sözlərinə görə, qərarlar tələblərə uyğun verilməlidir:

“Ötən illərdə hökumət İKT yönümlü ixtisasların təsnifatını xeyli təkmilləşdirib. Yeni İT ixtisaslar, mexatronika və robototexnika, radiotexnika, aerokosmik, elektronika və telekommunikasiya mühəndisliyi və s. bu kimi ixtisaslar var. Məncə, hökumət DİM və Təhsil Nazirliyini, rəqəmsal inkişafa cavabdeh olan dövlət qurumlarını bir araya gətirərək, normal müzakirələr təşkil etməli və 4-cü sənaye inqilabının çağırışlarını, rəqəmsal transformasiyanın tələblərini nəzərə alarq  İT yönümlü ixtisasların olduğu 1-ci  Qrupun imtahanlarında  kimya fənnini informatika ilə əvəzləməlidir”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu