Navalnını Nemtsovun taleyi gözləyir


Rusiyaya sanksiyalar tətbiq etməsi Vaşinqtonun Moskvanı tələyə saldığını göstərir

ABŞ tərəfi hesab edir ki, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının həbsxanada başına gələcəyi hadisələrə görə məsuliyyəti rəsmi Moskva daşıyır. Bunu ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan bəyan edib: “Navalnı təcridxanada öləcəyi təqdirdə Rusiya beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıyacaq. Görə biləcəyimiz konkret tədbirlər barədə demək istəyirəm ki, müxtəlif yolları nəzərdən keçiririk, hazırkı mərhələdə bunlar barədə açıq danışmayacağam, ancaq Navalnının öləcəyi təqdirdə nəticələrin olacağını bildirdik”. Qeyd edək ki, sabah da Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri Aleksey Navalnı ətrafında vəziyyəti müzakirə edəcəklər.

Mövzu ilə bağlı siyasi-şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında bildirib ki, bu məsələdə ilk diqqətçəkən məqam Navalnının indi aclıq aksiyasına başlamasıdır. Analitik qeyd edib ki, Baydenin Putinə “qatil” deməsindən sonra qızışan ABŞ-Rusiya qarşıdurması Ukraynada pik həddinə çatıb:

"ABŞ-ın Qara dənizə iki döyüş gəmisini göndərmək açıqlamasından sonra Rusiyanın Xəzər donanmasını Qara dənizə göndərməsi, lakin ABŞ-ın qərarını dəyişdirməsi və ardınca Rusiyaya sanksiyalar tətbiq etməsi Vaşinqtonun Moskvanı tələyə saldığını göstərir. Ukraynada böyük müharibənin olacağı ehtimalı azdır. Lokal toqquşma ola bilər, əsas hədəf bu bölgədə daim gərginliyi saxlamaq, Rusiyanın diqqətini bura cəlb etmək və ona qarşı sanksiyalar tətbiq etməyə zəminlər hazırlamaqdır. Donbass ətrafında gərginliyin artırılması ABŞ üçün ilk zəmin yaratdı. Navalnı ilə bağlı baş verənlər isə növbəti sanksiyalara zəmin yaratmaq məqsədi kimi görünür. Navalnının məhz Vaşinqton-Moskva qarşıdurmasının pik həddində aclıq aksiyasına başlaması bu kontekstdə dəyərləndirilməlidir. Burada iki məqam var. Birincisi, Navalnı bu qarşıdurmadan istifadə edərək, diqqəti üzərinə çəkmək və ən azı ev dustaqlığına çıxmağa nail olmaq istəyir. İkincisi, mümkündür ki, ABŞ-dan Navalnıya aclıq aksiyasına başlaması üçün mesaj göndərilib".

A.Nərimanlı qeyd edib ki, hər iki halda tərəflər biri-birinin əlinə oynayır və hədəf Rusiyaya növbəti sanksiyaların tətbiq edilməsidir:

"Navalnının vəkilinin müvəkkilinin vəziyyətinin kritik olması haqda dedikləri, Sallivanın isə “Navalnı ölərsə, Rusiya beynəlxalq ictimaiyyət önündə məsuliyyət daşıyacaq” xəbərdarlığı, ardınca “müxtəlif addımları nəzərdən keçiririk” mesajı məsələ ətrafında ajiotajın yaradılmasına hesablanıb. Prosesin üç senari üzrə inkişafı gözləniləndir. Birincisi, ABŞ Rusiyanın Navalnını həbsdən buraxmayacağını anlayır və bu, sanksiyaların genişləndirilməsinə asanlıqla imkan yaradır. İkincisi, Navalnı azadlığa buraxılarsa, yenidən hakimiyyətə qarşı təhlükə yaradacaq. Navalnının elektoratı zəif olsa da, Rusiyadakı sosial problemlər aksiyaların genişlənməsinə imkan yaradır. Navalnının azadlığı tələbi ilə keçirilən aksiyalara qatılanların çoxu sosial etirazçılar idi. Üçüncüsü, Navalnı ev dustaqlığına buraxıla bilər, lakin Rusiya hakimiyyəti bununla onun avtoriteti qarşısında geri çəkilmək olacağını anlayır. Rusiyanın sanksiyalarla üzləşsə də, geri çəkilməyəcəyi görünür. Moskva ictimai rəydə “xarici düşmən” obrazını gücləndirmək, həm diqqəti daxili problemlərdən yayındırmaq, həm də hərbi addımlarına haqq qazandırmaq üçün bu qarşıdurmada maraqlıdır. ABŞ-ın Navalnıdan qarşıdakı dövrdə sanksiyaların genişləndirilməsi üçün istifadə etməklə yanaşı, əsas niyyəti Rusiya və Avropa arasında çatları dərinləşdirməkdir. Bilirik ki, Navalnının zamini kimi Almaniya çıxış edir. Bayden hakimiyyətə gələn kimi “Şimal axını – 2” layihəsinə qarşı addımlar atdı, almanlar bu addımlardan narazıdırlar. Lakin Berlinlə Moskva arasında ilk fikir ayrılığı da Navalnının “Noviçok”la zəhərlənməsi, daha sonra Moskvaya qayıdan kimi həbs edilməsi oldu. Vaşinqtonun ana hədəfi də Avropanın Rusiyaya qarşı cəbhədə yer almasını təmin etməkdir. Ukrayna böhranının yenidən dərinləşdirilməsinin səbəblərindən biri də budur. Bütün bunların fonunda ən son senari önə çıxır. Navalnı Nemtsovun taleyini yaşaya bilərmi?! Nemtsovun Kremlin divarlarının dibində qətli ABŞ-ın əlini gücləndirməklə yanaşı, Rusiya daxilindəki qruplaşmaların toqquşmasını da ortaya çıxardı. Navalnı ətrafında baş verənlər də diqqəti bura çəkir. Bu baxımdan, Navalnının Nemtsovun taleyini yaşaması istisna deyil".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu