Ermənistanın vəziyyətdən çıxış yolu regional əməkdaşlıqdır

Müharibədəki məğlubiyyət ölkənin siyasi-iqtisadi və sosial həyatını alt-üst edib

"Azərbaycan blokadanı götürür. Türkiyə də əməkdaşlığa hazır olduğunu açıqlayıb. Amma Ermənistanın üzərinə müəyyən şərtlər, öhdəliklər düşür"


Müharibədə ağır məğlubiyyətə uğramış və iqtisadiyyatı çökmüş Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Bu çıxış yolu 30 il ərzində dəfələrlə bəyan olunsa da, 44 günlük müharibədən, yəni Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra daha real səslənməkdədir. Hər nə qədər revanşist düşüncələr ön planda olsa da, zaman-zaman Ermənistan tərəfində də mövcud reallıqları dərk edərək bu yöndə açıqlama verən siyasətçilərə, deputatlara rast gəlinir. Ötən gün regional əməkdaşlıqla bağlı məsələ baş nazir Nikol Paşinyanın dilindən gündəmə gətirilib. Maraqlıdır ki, Paşinyan bu etirafı ölkə daxilindəki çıxışlarında deyil, Rusiyaya səfəri zamanı, Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı görüşdə dilə gətirib. Gizli görüşdən yayılan səs yazısında baş nazirin etirafları yer alıb. Təhlükəsizlik xidməti həmin görüşə qatılanlardan mobil telefonları və smartfonları əvvəlcədən yığıb. Görüşün qapalı olduğu onların nəzərinə çatdırılıb, məlumat sızmasının qarşısını almaq üçün digər tədbirlər görülüb. Buna baxmayaraq, Paşinyanın çıxışının bir hissəsini “Armvoice” telegram-kanalı tərəfindən yayılıb. Məlum olub ki, Ermənistanın baş naziri Qarabağda müharibənin başlamasına görə faktiki olaraq Rusiyanı günahkar sayır: “..Ona görə də birbaşa demək lazımdır ki, bizdə olan status-kvo o həddə qədər qaldı ki, onun mövcudluğu Rusiyanın maraqlarına uyğun gəlirdi. Konyuktura dəyişəndə hər şey dəyişdi və nəyə görəsə haqq ödəmək zamanı gələndə bəlli oldu ki, ya biz bunu edə bilmirik, ya ödəmək istəmirik, ya da ödəməyə heç nəyimiz yoxdur, çünki biz müflisik. Ola bilsin dövlət başçısından belə şeylər eşitmək yersizdir, amma hesab edirəm ki, elə situasiyadır ki, bir-birimizə bunu deməyə məcburuq. Mən dərindən əminəm ki, kommunikasiyaların açılması, əlbəttə, əgər biz buna nail ola bilsək, yəni Azərbaycanın Naxçıvana yolunu açmaqla, bu bizim böyük uğurumuzdur. Təsəvvür edin, bizim Rusiya və İranla dəmir yol əlaqələrimiz olacaq. Biz şirkətlərdən investisiya yatırmağı xahiş edirik, amma pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz, sənaye, metallurgiya, İT sahəsi olmalıdır”. 

Xatırladaq ki, Ermənistan baş naziri ötən həftə parlamentdə çıxışı zamanı regional əməkdaşlığa və 10 noyabr anlaşmasına zidd olan açıqlamalar vermişdi. Paşinyan iddia etmişdi ki, Ermənistan “Dağlıq Qarabağ” ərazisinin işğaldan tam azad edilməsi və sərhədlərinin keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” daxilində bərpa olunması məsələsini qaldırmalıdır. Onun sözlərinə görə, söhbət Hadrut rayonu və Şuşanın Xankəndinin (Stepanakert) nəzarəti altına alınmasından gedir. Paşinyanın qənaətincə, bu məsələ hərbi yolla deyil, siyasi yolla həll olunmalıdır. Göründüyü kimi, Paşinyan xəlvətdə əməkdaşlığın faydalarından danışsa da, aşkarda müharibə bəyanatları səsləndirir. Bir sıra ekspertlərin fikrincə, baş nazir əslində yeni reallıqları yaxşı dərk edir və ona görə xarici səfərlərdə bunu səsləndirir. Lakin ölkə daxilində sırf seçici auditoriyasına hesablanmış, ermənilərin “könlünü xoş edən” açıqlamalar verir. Həm də vurğulanır ki, iyunun 20-də növbədənkənar seçkilər var və baş nazirin indiki fəaliyyəti daha çox seçkilərdə qalib olmağa istiqamətlənib. Paşinyan ölkə ictimaiyyətinin bölgədə sülhə və qonşularla əməkdaşlığa hazır olmadığını bildiyi üçün ikili mövqe sərgiləyir. Reallıq isə odur ki, məğlubiyyətini qəbul edən və kapitulyasiya aktını imzalayan Ermənistan siyasi gərginlik fonunda günü-gündən daha çətin vəziyyətə düşür. Bütün siyasi qüvvələr arasında yaranmış gərginlik növbədənkənar seçkilər fonunda qarşılıqlı ittihamların səsləndirilməsinə gətirib çıxarıb. Paşinyan özündən əvvəlki Köçəryan-Sarkisyan hakimiyyətini ordunu düzgün təşkil etməməkdə, doğru-dürüst silahlarla təmin etməməkdə ittiham edir, ordunun vəziyyətinin yaxşı olmadığına dair faktlar səsləndirir. Baş nazir məğlubiyyəti özündən əvvəlki sələfləri ilə paylaşmaq istəyir. Seçkilərinin nəticəsinin nə olmasından asılı olmayaraq, Ermənistandakı gərginlik öz-özünə səngiməyəcək. Ölkədaxili qarşıdurmalardan və sosial çöküşdən qurtulmağın çarəsi Azərbaycan və Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq, qonşulara qarşı ərazi iddialarından əl çəkməkdən və üçtərəfli razılaşmanın şərtlərinə qeyd-şərtsiz əməl etməkdir. Əks halda Ermənistan öz dövlət müstəqilliyini də şübhə altına sala bilər. O baxımdan Ermənistan heç bir halda havadarlarının ismarıclarına və qisas çağırışlarına uymamalıdır. 

Aprelin 13-də Prezident İlham Əliyev “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda da Ermənistana və beynəlxalq aktorlara mühüm ismarıclar ünvanladı. Ali Baş Komandan çıxışında hazırda sülhün güclənməsinə mane olan məqamları və region qarşısında dayanan çağırışları beynəlxalq ekspertlərin diqqətinə yönəltdi. Prezident Azərbaycanın sülhə hazır olduğunu, gələcəyə baxmağın zəruriliyini, lakin Ermənistan rəhbərliyinin sülh razılaşmasının mümkünlüyü barədə hələ də bəyanat vermədiyini qeyd etdi:

“Biz burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Əlbəttə ki, Ermənistan tərəfi əgər bunu istəyirsə... Biz onların niyyətlərinin nə olduğunu bilmirik, bu işlənib hazırlanmayıb. Mən bir neçə dəfə aydın şəkildə bildirdim: - Biz hesab edirik ki, münaqişə səhifəsi artıq geridə qalıb. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən bununla bağlı hər hansı mesaj almamışıq. Ermənistan baş naziri sakitdir, Ermənistan xarici işlər naziri aqressivdir. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Onlar müharibədə nələrin baş verdiyini xatırlamalıdırlar”. Dövlət başçısının sözlərinə görə, inkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyacımız var: “Əsas narahatçılığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Beləliklə, bu, stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır”. 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “Şərq”ə deyib ki, Ermənistan dilemma qarşısındadır. Ekspertin sözlərinə görə, erməni cəmiyyətində gələcəyə doğru konkret baxış yoxdur:

“Ermənilər öz gələcəklərini müəyyən etməkdə çətinlik çəkirlər. Çox absurd iddialarla yaşayır, bütün qonşulara ərazi iddiası sürürlər. Həqiqət odur ki, ermənilərin indiyədək olan bütün sərsəm iddiaları, işğal və təcavüzə hesablanmış siyasətləri, özgə torpaqlar uğrunda mənasız davaları Ermənistanın siyasi-iqtisadi və sosial həyatlarını alt-üst elədi. Düşmən ölkədə müəyyən siyasi qüvvələr bundan sonrasını bir qədər fərqli görmək istəyirlər. Onlar ermənilərin sosial rifahının nədən ibarət olduğunu anlayır və ara-sıra bunu səsləndirirlər. Təəssüf ki, normal əməkdaşlıq təkliflərini dəstəkləyənlərin sayı Ermənistanda çox azdır. Etiraf edək ki, Paşinyan ölkənin baş naziri kimi Ermənistanı geriyə aparan neqativ məqamlardan xilas etməyi düşünür. Amma müharibədəki məğlubiyyətə və üzləşdiyi tənqidlərə görə çıxılmaz vəziyyətdədir. Baş nazir çalışır ki, Ermənistan regional əməkdaşlığa qoşulsun, nəqliyyat kommunikasiyaların bərpasında iştirak etsin. Eyni zamanda ölkə daxilindəki reputasiyasını qorumaq üçün addımlar atır. Əgər xarici siyasətdə atacağı addımlar Paşinyanı hakimiyyətdən edəcəksə, baş nazir bundan vaz keçmək məcburiyyətində qalacaq. Müharibədən öncə də Paşinyan özünü “sülh göyərçini” kimi təqdim etməklə yanaşı, ən provakativ addımları da atdı. Yəni Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən ikili oynayır. Bu, həm liderlərin psixoloji durumundan xəbər verir, həm də erməni cəmiyyətinin gələcəyə obyektiv yanaşmasının olmadığını göstərir”.   

Politoloq Qabil Hüseynli də “Şərq”ə vurğulayıb ki, ağıllı ermənilər gözəl bilirlər ki, regional kommunikasiyaların açılması ilk növbədə Ermənistanın xeyrinədir. Analitikə görə, Yerevan uzun müddət dünyaya car çəkirdi ki, Azərbaycan və Türkiyə erməniləri blokadaya alıb, iqtisadi əməkdaşlığa imkan vermir:

“Azərbaycan blokadanı götürür. Türkiyə də əməkdaşlığa hazır olduğunu açıqlayıb. Amma Ermənistanın üzərinə müəyyən şərtlər, öhdəliklər düşür. Biz müharibə vəziyyətini tam başa çatdırmamışıq. Paşinyanın özü daxil olmaqla “Qarabağ klanı”nın təmsilçiləri, Daşnaksütyun üzvləri revanşist ritorikadan birdəfəlik imtina etmirlər. Halbuki, “status” məsələsi sonsuzadək yığışdırılmalı, ermənilər separatçılıqdan əl çəkməli, iddialarına son verməlidirlər. Bunların hamısından vaz keçmək lazımdır. Paşinyan dolayı yolla dərk edir ki, indiki əsas məsələ regional əməkdaşlıqdır. Elə Ermənistanın da dirçəlməsi buna bağlıdır. Mehri dəhlizi sayəsində Ermənistan Rusiya və İranla iqtisadi əlaqələri inkişaf etdirə bilər. Yerevan özünü ağıllı apararsa, Azərbaycan Ermənistanı Bakı-Tbilisi-Qars dəmiryoluna da qoşa bilər. Məlumdur ki, Gümrüdən Qarsa dəmiryol xətti var. Ermənistan bu sayədə Avropaya və dənizə açılmaq imkanı da əldə edər”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu