Rusiya-ABŞ gərginliyi savaşla başa çatmayacaq


Baydenin açıqlamaları daha çox daxili auditoriyaya yönəlib


ABŞ-Rusiya qarşıdurması dərinləşir. Amerika hazırda Rusiyaya qarşı psixoloji və informasiya hücumuna keçib, sanksiyalar tətbiq etməkdədir. Rusiya diplomatları Amerikadan, Polşadan, Çexiyadan qovulub. Rusiya da adekvat addımlar atır. Ötən gün Çexiyanın Moskvadakı səfirliyinin 20 diplomatı “persona non grata” elan edilib. Böyük Britaniya və Fransa da gərginliyi artıracaq addımlar atmaqdadır. ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinə yayda Avropada sammit keçirməyi təklif edib. O deyib ki, Putinlə danışarkən aralarındakı şəxsi, birbaşa təmasın xüsusilə daha effektiv münasibətlər üçün çox vacib olduğuna əmin olub:

“O da bununla razılaşdı. Bu baxımdan, ölkələrimiz qarşısında duran bir sıra məsələləri müzakirə etmək üçün bu yay Avropada sammit çərçivəsində şəxsən görüşməyi təklif etdim”. Onun sözlərinə görə, “hazırda komandalar bu fürsətin mümkünlüyünü müzakirə edirlər”. Ağ Evin rəhbəri yüksək səviyyəli görüş çərçivəsində strateji sabitliklə bağlı dialoqa başlamağı da təklif edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiyaya qarşı informasiya müharibəsinin arxasında Vaşinqton dayanır. Onun fikrincə, indiki gərginliyin məqsədi Qərb ölkələrində yığılıb qalan problemlərdən yayınmaqdır: “Rusiya - həmin bu kimi hallarda dövriyyəyə buraxılmış, sınanmış bir alətdir. Əlbəttə, bunların arxasında sözsüz ki, ABŞ dayanır. NATO-da hər kəs üzərində rəhbərlik edən ölkə...”. Ekspertlərə görə, Co Bayden Moskvanı informasiya savaşı və psixoloji təzyiqlərlə məğlub etmək fikrindədir. Formalaşan ABŞ-NATO koalisiyasının da əsas məqsədi Rusiyanı çökdürmək, məğlubiyyətin eşiyinə gətirməkdir. 

İki cəbhənin qarşıdurmasını “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu Rusiya-ABŞ gərginliyinin savaşla başa çatacağını düşünmür. Analitikin qənaətincə, bu ölkələrin əməkdaşlıq üçün müstəviləri çoxdur:

“İki ölkənin iqlim dəyişiklikləri, Yaxın Şərqdəki proseslər və "COVİD-19"-la mübarizədə əməkdaşlıq imkanları var. Sadəcə, Bayden Putinin nəzərinə çatdırır ki, Rusiyanın ABŞ-dakı ötən prezident seçkilərinə müdaxiləsini bağışlamayacaq. Vaşinqton münasibətlərin inkişafında maraqlıdır, lakin özünü elə göstərir ki, guya, yeni administrasiyanın Moskva ilə körpü qurmaq niyyəti yoxdur. Lakin Baydenin bəyanatları daha çox daxili auditoriyaya yönəlib. Bu gün hamını düşündürən bir sual var: - Baydenin açıqlamasının qarşılığında Kreml hansı yollara əl atacaq?”.

A.Rəşidoğlu bildirib ki, Böyük Britaniya və ABŞ eyni anda Çin və Rusiyaya qarşı yeni planlar hazırlayırlar:

“ABŞ-ın müttəfiqi Britaniya da gələcək illər üçün planlaşdırılan yeni hərbi-siyasi doktrinasını açıqlayıb. Baş nazir Boris Conson xarici və daxili siyasətlə bağlı ölkəsinin yeni doktrinasını elan edib. Sənəddə Conson Çini Britaniya üçün sistem çağırışı, Rusiyanı isə təhdid adlandırıb. Sənəddə qeyd edilib ki, Moskva Böyük Britaniya üçün kəskin və birbaşa təhdid olaraq qalmaqda davam edir və çox güman ki, Avropadakı fəaliyyətinin qısa müddətdə artması ehtimalı var. Vəziyyət dolaşıqdır. Lakin Rusiya və ABŞ-ı savaşa sövq edəcək qədər deyil”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu