Hələ də peyvəndə inanmayanlar var

Bizdə də Türkiyədəki kimi qruplar yaradıb maarifləndirmə işi aparılmalıdır

Mərdan Əliyev: "Mən çox şad olardım ki, bizdə də belə xüsusi həkim briqadaları yaradılsın, onlar yerli poliklinika şöbələrinin həkimləri, ərazi üzrə həkimlərin iştirakı ilə vətəndaşlarla görüşsünlər və onlara peyvəndin vacibliyi haqda danışsınlar"


Peyvənddən çəkinənlər var. Səbəbləri də müxtəlif göstərirlər. Yaşlılar “bundan sonra peyvənd nəyimə lazımdır?!”,  gənclər “peyvəndə ehtiyacımız yoxdur”, yoluxub sağalanlar “onsuz da yoluxub qurtarmışıq” deyib peyvənddən imtina edir. Bəzi xroniki xəstəlikləri, peyvəndləmə dair tibbi göstəriş olmayanlar da mövcuddur. Amma bunlarla yanaşı, çəkingən tipli insanlar var ki, peyvənd vurdurmaqdan qorxduğunu açıq etiraf edir. Peyvəndin orqanizmdə hansısa fəsadlar yarada biləcəyinə inandırılıb və əksini sübut edən, başa salan da yoxdur.

Bu isə "COVİD-19"-a qarşı peyvəndləmədə ümumi mənzərənin müsbətə dəyişməsinə mane olur. Tibb mütəxəssisləri bildirir ki, ölkə üzrə peyvəndləmə 80 faiz təşkil edəcəyi halda kollektiv immunitetin yaranmasından danışmaq olar. Və yalnız bu zaman karantin qaydalarında yumşalmaya gedilə bilər. Bəs, insanları necə inandırmalı? Qardaş Türkiyədə bir üsul düşünüblər. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, xüsusi həkim heyətləri yaradılacaq, onlar ailə həkimləri ilə birlikdə qapı-qapı gəzəcək, vətəndaşlara peyvəndin zəruriliyini anladacaq, peyvənd vurdurmanın sağlamlıq baxımından vacib olduğuna inandırmağa çalışacaq. Maarifləndirmə və təşviqetmə işləri aparmaqla daha çox vətəndaşın peyvənd olunmasına səy göstərəcəklər. 

Bizim ölkədə də belə xüsusi həkim briqadaları yaradılmalıdırmı? Məsələ ilə bağlı “Şərq”ə danışan həkim-infeksionist, hazırda Şamaxı Diaqnostika Mərkəzində əhaliyə tibbi xidmət göstərilməsində iştirak edən Mərdan Əliyev qeyd etdi ki, bu, çox müsbət təşəbbüsdür: 

- Qardaş ölkədə tətbiqinə hazırlaşılan təşəbbüs çox yaxşıdır və peyvəndləmə işində  müsbət təcrübəyə yol aça bilər. Şəxsən mən bu təcrübədən bizdə də istifadə edilməsini arzulayıram. Çünki bizim ölkədə də peyvənd olunmaqdan çəkinənlər var. Bilirik ki, peyvəndlərlə bağlı müxtəlif şayiələr, əsassız söz-söhbətlər yayılır. İnsan da mənfi xəbərlərə inanmağa daha çox meyillidir. Pisə daha çox inanır, nəinki yaxşı, müsbət məlumata. İnsanları inandırmaq lazımdır, bunun üçün də maarifləndirmə mütləqdir. Hazırda biz Şamaxı şəhər Diaqnostika Mərkəzində çalışırıq. Burda peyvəndləmə ilə bağlı o qədər də problem yaşanmır. İnsanları başa salırıq, ailəsində, yaxın ətrafında, qohum-əqrəbada koronavirusa tutulanlar, sağalanlar, təəssüf ki, həyatını itirənləri misal çəkirik, insanlar özləri də artıq ətrafda baş verənləri daha çox anlayır, inanır və peyvənd olunmağa gəlirlər. Amma dediyim kimi, inanmayanlar da var və əsas vəzifə, əsas iş onları inandırmaqdır. Yalnız bu halda biz kütləvi peyvəndləməyə nail olduğumuzu söyləyə biləcəyik. Mən çox şad olardım ki, bizdə də belə xüsusi həkim briqadaları yaradılsın, onlar yerli poliklinika şöbələrinin həkimləri, ərazi üzrə həkimlərin iştirakı ilə vətəndaşlarla görüşsünlər və onlara peyvəndin vacibliyi haqda danışsınlar. Bir var, insan hardansa eşidir, məlumat oxuyur, bir də həkimin dilindən eşidir. Həkimə inam daha böyükdür. 

M.Əliyev qeyd etdi ki, hazırda peyvəndləmə işi nizamlı şəkildə davam etdirilir, lakin problem vaksinlərin ölkəyə çatdırılmasındadır: 

- Azərbaycan hökuməti indiyədək “CinoVac” və bir də “AstraZeneka” peyvəndlərinin ölkəyə idxalına nail olub. Yaxın zamanda “Pfizeyr”, həmçinin  Rusiyadan “Sputnik V” vaksinləri də Azərbaycana göndəriləcək. Deyərdim ki, problem peyvənddən imtina ilə yox, daha çox vaksin çatışmazlığı ilə bağlıdır. 

Həkim bildirdi ki, hazırda əhalinin 40 yaşdan yuxarı hissəsinin peyvəndlənməsi aparılır. Uşaqlar hələ ki, vaksinasiyaya cəlb edilməyib. Eləcə də gənclər. Gənclər arasında peyvəndləməyə başlanılarsa, böyük ehtimalla 18 yaşdan yuxarı onlara vurulacaq. Ahıl vətəndaşlara isə, zərurət olduqda, dövlət proqramı çərçivəsində adətən evlərində xidmət göstərilir. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu