Laqeydlik zənciri qırılmır

Bağlı qapılar arxasında faciələr yaşanır

Bir zənglə hansısa bədbəxt hadisənin önünü ala bilərik


İstedadlı rejissor, mərhum Rasim Ocaqov 1981-ci ildə “Bağlı qapı arxasında” filmini çəkdi. Filmin məzmunu insanlar arasındakı laqeydlik idi. Lakin bir nəfər – Murad laqeydlik zəncirini qırır və qonşuların artıq eşitməyə adət etdikləri, arxasından fəryad səslərinin eşidildiyi qapını açmağa qərar verir. Doğrudur, buna görə milisə (polisə) düşür, amma bu dəfə qonşular ondan artıq dərs almış vəziyyətdədilər və Muradı müdafiə edirlər. Günümüzdə də bağlı qapılarla bağlı tez-tez xəbərlər verilir: FHN-nin xüsusi xilasetmə qrupu bağlı qapı arxasında qalmış azyaşlını xilas etdi... Köməksiz vəziyyətdə qalmış bir nəfərə yardım göstərildi... Vətəndaş huşsuz vəziyyətdə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib... Xatırlayırsınızsa, Xaçmaz şəhərində 44 yaşlı müəllimə hamam otağında ölü vəziyyətdə tapılmışdı.

Tək yaşayırmış. Bir neçə həmkarı işə gedərkən yolüstü müəllimənin evinə gəlib, qapını döyüblər, səs çıxmayıb, narahat olub polisə zəng ediblər. Məlum olub ki, müəllimə hamam otağında qaz sızmasından keçinib. Belə bədbəxt hadisələr çox olur. Bəzən azyaşlı evdə tək qalır, təhlükəli oyunlara əl atır, bəzən valideyn uşağı evdə qoyub gedir, açarları da evdə unudur. Bəzən günlərlə görmədiyimiz qonşumuzun harada olması bizi maraqlandırmır. Onun başına hansısa bədbəxt hadisənin gələ biləcəyini təxmin etmirik. Hətta günlərlə çığır-bağır sədaları gələn qonşu evdə də nə baş verdiyini öyrənmək istəmirik. “Nə işimə!” deyib keçib gedirik. Halbuki, bizim ayıq-sayıqlığımız bədbəxt hadisələrin, faciələrin önünü ala bilər. Nədir bizi səhlənkar edən? Məsuliyyəti anlamamaq, başqasının şəxsi işinə müdaxilə etməmək qərarı, bəlkə polisə müraciətdən çəkinmək – “polisə müraciət “xəbərçilik”dir, yanaşması?  

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında burada həm valideyn məsuliyyətsizliyi, həm vətəndaş səhlənkarlığının olmasını önə çəkdi: 

- Azyaşlıların evdə tənha qalması, birbaşa valideyn məsuliyyətsizliyinin göstəricisidir. Necə ola bilər ki, yetkinlik yaşına çatmamış, müstəqil və doğru qərar vermək iqtidarında olmayan uşağı, azyaşlını evdə qoyub gedəsən?!. Valideynlər buna hər cür izah verməyə səy edir. Guya övladlarını “yaxşı” tərbiyə ediblər, onlardan icazəsiz heç nəyə əl vurmur, qapını açma, tapşırıblarsa, açası deyil, qaz plitəsini yandırası deyil və sair. Lakin gündəlik həyatda rastlaşdığımız və təəssüf ki, bir çox hallarda faciələrlə nəticələnən hallar məhz valideyn məsuliyyətsizliyindən baş verir. Uşaqdır, yemək istəyir, düşünür ki, anası xörək hazırlayanda qaz plitəsini yandırır, xörəyi isidir, o da həmin hərəkəti təkrar etməlidir və qaz plitəsini yandırmaq istəyir. Kibrit, od, atəş ən təhlükəli vasitələrdir. Bəzən mənzildə yanğın baş verir, yaxud qaz sızması əmələ gəlir, uşaq çaydanı, qazanı üzərinə aşırır. Mənzildə uşağa real təhlükə yaradacaq saysız-hesabsız əşyalar və hallar var. Bəlkə uşaq qapını açıb həyətə düşmək istəyir, sonra da qapını bağlaya bilmir, qapı örtülür və uşaq da saatlarla küçədə, həyətdə qalır. Evin içində də yalnız vəziyyətdə qalmış uşaq üçün real təhlükələr yetərincədir. Divandan hoppandığı üçün qolu, ayağı sınan uşaqlar olur. Təsəvvür edirsinizmi, bu uşağın ana-atası gələnədək o vəziyyətdə qalması nə deməkdir? Bu, uşağın gərgin psixoloji travma keçirməsi deməkdir. Uşaq şokdan həyatını itirə də bilər. Ona görə də valideyn hər bir təhlükəni nəzərə almalı və heç vaxt azyaşlını, yetkinlik yaşına çatmamış uşağı evdə tək qoyub harasa getməməlidir. Ümumiyyətlə, evdə tək qalmaq uşaqların psixikasına mənfi təsir göstərir. Hazırda valideynlər “çıxış yolu”nu uşağın əlinə smartfon verməkdə görür, lakin nəzərə alsınlar ki, mobil telefonlardakı oyunlar, məlumatlar hazırda ən böyük təhlükədir. 

E.Nurəliyev ahıl, xəstə insanların bəzən evdə tənha qalması, ölümlərindən qonşuların xəbər tutmasını vətəndaş məsuliyyətinin az olması ilə izah etdi: 

- Bu, artıq hər birimizi düşündürməli olan mövzudur. Həyət evlərində belə hallar adətən yaşanmır. İstər-istəməz qonşular biri-birindən xəbərdar olur, hal-əhval tuturlar. Amma yaşayış komplekslərində, binalardakı qonşuların hətta eyni blokda kimin yaşamasından da xəbəri olmur. Bu, günümüzün reallığıdır. Və əlbəttə ki, acı reallıqdır. Ona görə də bəzən belə xəbərlər eşidirik ki, kimsə evində ölmüş vəziyyətdə tapılıb. Həm də 2-3 gün sonra. İnsanlar nə qədər laqeydləşiblər ki, qonşuluqda yaşayan insanı 1 gün, 2 gün görmürlər, maraqlanmırlar ki, bu adam hardadır, niyə görünmür?! İnsanlarda biri-birinə qarşı mərhəmət hissi olmalıdır. Mərhəmət hissindən çıxış edərək də biri-birinin əhvalını soruşmalı, problemi ilə maraqlanmalıdırlar. Qaldı ki, polisə müraciət məsələsinə, bəli, təəssüf ki, belə “ənənə” var – polisə xəbər verərəm, deyərlər, sənin nə işinə qalıb?!. Yazılmamış mental dəyərlər təhlükəni önləməyə mane olur. Halbuki, hüquq-mühafizə orqanlarına zamanında edilmiş müraciət, bir zəng hansısa faciənin önünü ala bilər. Biz məsuliyyətdən yayınmaqla kimisə cinayətə, bəd əmələ, hətta ölümə tərk etmiş oluruq. Məsələn, küçəylə hərəkət edirik, şübhəli bir əşya gözümüzə sataşdı, yaxud kiminsə hərəkəti şübhəli göründü, “mən keçib gedəcəm, amma digərləri üçün təhlükə ola bilər” düşüncəsiylə hüquq-mühafizə orqanlarına müraciət etməliyik. “112” Qaynar xəttinin mövcudluğunu vətəndaşlarımızın əksəriyyəti bilir. Zəng vurmağa tənbəllik etməsinlər. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu