Bayquş uğursuzluq və ölüm xəbərçisidirmi?

"Lakin tarixi incələdikdə qədim türklərin bayquşa böyük üstünlük verdiyi məlum olur"

Adı üstündədi bu quşun; Bəyquş – Bayquş. Əsl türk sözüdür. Dilimizdə bəy sözü hansı anlamı verirsə, bəzən “meşənin bəyi” adlandırılan bayquşun kökündəki “bay” kəlməsi də eyni anlamı daşıyır. Əsil, zəngin, vüqarlı, soy-köklü... Qısası, Bəy ki Bəy! Amma nədəndir görəsən, bu cür sanballı ad sahibi quş nağıllarda, əfsanələrdə, mifologiyada, hətta el arasında da bəzən bədbinlik, kədər, uğursuzluq rəmzi kimi canlandırılır? Dahi Nizamidən bilirik; “Bayquşların söhbəti”ni. 

"Qızı”na “oğlan evi”nin kefi istədiyi qədər xarabalıq cehiz verə biləcəyini deyən “ata” bayquşu məktəb illərindən “tanıyırıq”. Elə bilirik, bayquşların məskəni xarabalıqlardır. Bayquş səsi uğursuzluğun əlaməti sayılır. Ağlağan körpələrə də  bəzən “bayquş kimi ulama!” çığırırlar. Mifologiya, əsatirlər öz yerində, bəs əslində bayquş necə bir canlıdır?  

“Şərq” Türkiyə mediasına istinadən bildirir ki, türk mifologiyasında aslan, qurd, qartal kultları məlumdur. Bu kultlar millətin təfəkkür tərzini inkişaf etdirmiş, millətin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Türk mifologiyasında bayquşun yeri hardadır?

Hansı səviyyədədir? Baxaq. Bayquşa çox da yaxşı gözlə baxılmır. Lakin tarixi incələdikdə qədim türklərin bayquşa böyük üstünlük verdiyi məlum olur. Qədim türklər bayquşu “Ugi” adlandırırdı və onu hər elmə bələd, müdrik quş, həmçinin fədakarlığın rəmzi hesab ediblər. Hətta bu quş o qədər dəyər qazanıb ki, qırğız xalqının möhtəşəm “Manas” dastanında “bayquş ana” obrazı da yer alıb.

Bu da bayquşun türk xalqları üçün necə böyük dəyər daşıdığını göstərir. Bayquşun ana ilə eyniləşdirilməsinin səbəbi isə bu quşun balalarını əsl ana fədakarlığı ilə bəsləməsidir.

Balalar ana bayquşun başı üstünə çıxır, yuvaya atlanırlar. Bu zamansa balaların dırnaqları ana bayquşun gözünə batır, gözlərini kor edir. Lakin bayquş balalarına görə gözlərindən keçir. Bayquşun bu fədakarlığı ana fədakarlığının ən gözəl nümunəsidir.

Ona görə də bayquş həm də “ana quş ” adı alıb. Bayquşun müdrikliyi də yenə türk şamanlığından gəlir. Şamanlar geyimlərində bayquş pəncələrindən istifadə edib, papaqlarına bayquş tükü taxarmışlar.

Türk folklorunda atalar sözü var: bayquşun qisməti ayağına gələr. Bunun da maraqlı tarixi var. Deyilənə görə, Allahın izni ilə bütün canlıların dilini bilmək üstünlüyünə malik Süleyman peyğəmbər bayquşu mükafatlandırıb və ona “sən bundan sonra daha qida axtarmayacaqsan” deyib. Odur ki, qidası bayquşun önünə gəlir.

Bayquşun uğursuzluq və ölüm xəbərçisi olması inancı bəs hardan qaynaqlanır? Bunu belə izah etməyə çalışırlar ki, bayquşun gözləri qaranlıqda parıldayır deyə, böcəklər, kiçik həşəratlar bu işığa doğru gedir, nəticədə isə bayquşun ovuna çevrilirlər. Yəni bayquşun olduğu yer ölüm məkanıdır. Lakin bu, əsaslı izah hesab edilmir.

Bu anlayışın elmi və dini əsası olmadığından xurafat, uydurma hesab edilir. Eynilə qara pişiyin uğursuzluq rəmzi olması kimi. Osmanlı tarixində bayquşun özünəməxsus yeri olub. Türk memarlığının rəmzi hesab edilən Memar Sinan inşa etdiyi camelərdə bayquş fiqurundan tez-tez istifadə edib.

Bunun bir səbəbi də türk mədəniyyəti ilə yanaşı, qədim Misir və yunan mədəniyyətlərində də bayquşun müdriklik rəmzi hesab edilməsidir. Memar Sinan Universitetinin loqosu da bayquşdur. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu