Vaşinqton və Tokio Çinə qarşı ittifaqı gücləndirirlər

ABŞ ordusunun Çin ilə artan gərginliyin fonunda Layihə Birləşmə müharibə oyunları qitələrarası bir ssenaridə əməliyyat keçirməyə hazırlaşır. Bunlardan biri Qərbi Sakit Okeanın geniş məsafələrini və müasir müharibənin texnoloji problemlərini təkrarlamaq üçündür.
ABŞ Komandanlığına görə, “Project Convergence” oyunları süni zəka qabiliyyətli idarəetmə sistemini tətbiq etmək üçün bir öyrənmə kampaniyasıdır. Bu, həm də ordunun döyüş konsepsiyasının əsas prinsiplərindən biridir.
“Asian Times Breaking Defence” dərgisinə görə, bu müharibə oyunları ABŞ ordusunun adalar zənciri boyunca fəaliyyət qabiliyyətinin yaxşı bir sınağı olacaq. Söhbət Cənub-Şərqi Asiyadan Yaponiyaya təxminən 2500 mil məsafədə uzanan adalardan gedir. Planlaşdırılan oyunlara komandanlıq edəcək amerikalı zabit məqsədlərinin Sakit Okeanda döyüş imkanlarının yoxlanılması olduğunu vurğulayıb. 



Məsələ ilə bağlı “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu vurğulayıb ki, planlaşdırılan hərbi tədqiqatlar Çinə qarşıdır:

“Çin hərbi təyyarələri Tayvan üzərində uçuşlarını davam etdirirlər. Bu isə ABŞ-ı narahat edir. Tayvanın hava hücumundan müdafiə sistemləri Çin təyyarələrinin uçuşlarının intensivləşdiyini qeydə alırlar. Pekin Tayvanın müstəqilliyini qəbul etmir. Pekin Tayvana dəstək verən ölkələri də daima xəbərdar edir.

Bu arada, Yaponiyanın baş naziri Yoşihide Suqa ABŞ-a səfər edərək Ağ Evdə prezident Co Baydenlə görüşüb. Bəllidir ki, Bayden ABŞ-Yaponiya ittifaqına önəm verir. Ağ Ev sahibi Çini durdurmağın yolunun ABŞ-Yaponiya ittifaqının güclənməsindən keçdiyini düşünür. Co Bayden Yoşihide Suqa ilə görüşdə bunları deyib: “Görüşdə bir daha ABŞ-Yaponiya ittifaqına dəstəyimizi təsdiqlədik. Çindən gələn problemlərin öhdəsindən gəlmək üçün birlikdə çalışmağa qərar verdik”.

Bayden Yaponiya ilə ABŞ-ın bölgədəki iki güclü demokratiya olduğunu və insan hüquqları və qanunun aliliyi də daxil olmaqla ortaq dəyərləri qorumağa və inkişaf etdirməyə sadiq olduqlarını söylədi. O, Yaponiya ilə 5G telekommunikasiya, yarımkeçiricilər üçün təchizat zəncirləri, kvant hesablama və süni intellekt sahələrində əməkdaşlığı artıracaqlarını bildirdi.

Yaponiya baş naziri ilə görüş, Baydenin vəzifəsinə yanvar ayında başladığı gündən bəri ilk üz-üzə görüşməsidir. Görüşdə Çinlə yanaşı Şimali Korey təhlükəsindən də danışıldı. Şimali Koreyanın raket sınaqları Yaponiyanı ciddi narahat edir.

Liderlərin ortaq açıqlamasında Tayvan, Honkonq və uyğurlarla bağlı mövzulara da toxunulub: “Biz Tayvan boğazı boyunca barışıq və sabitliyin vacibliyini vurğulayırıq və problemlərin sülh yolu ilə həll olunmasını təşviq edirik.

Honq Konq və Sincan Uyğur Muxtar Bölgəsindəki insan haqları vəziyyəti ilə əlaqədar ciddi narahatlıqlarımızı bölüşürük”.

Açıqlamada dördlü blokdan da söhbət açılıb: “Avstraliya və Hindistanla birlikdə heç vaxt daha güclü olmamış blok vasitəsi ilə müttəfiqlər və tərəfdaşlarla birlikdə hamımızın axtardığı azad, açıq, əlçatan, müxtəlif və inkişaf edən Hind-Sakit okean qurmaq üçün çalışmağa davam edəcəyik”.

Vaşinqton Yaponiyada avqust ayında keçiriləcək yay olimpiya oyunlarını dəstəklədiyini bir daha bəyan edib. Məsələ burasındadır ki, pandemiyaya görə bəzi ölkələr idmançılarını olimpiadaya göndərməkdən çəkinirlər.

Beləliklə, ABŞ və Yaponiyanın liderləri ikili görüşdə müxtəlif mövzuları müzakirə etsələr də, əsas problemin Çinlə bağlı olması fikrində yekdildirlər. ABŞ və Yaponiya bu məsələdə Hindistan və Avstraliya ilə də ittifaqı gücləndirməyə çalışacaqlar”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu