“Normandiya dördlüyü” toplanır:“Rusiyaya qarşı koalisiya...” – Təzyiq!

“Odur ki, Rusiya rəsmi Vaşinqtonun həmlələrini dayandırmaq niyyətindədir”

“Fikrimcə, ABŞ təzyiqlərinə ara vermədiyi müddətcə tərəflər arasında hansısa ciddi siyasi razılaşma olmayacaq”


 Almaniyanın Xarici İşlər naziri Heyko Maas Avropa İttifaqı xarici işlər nazirlərinin (XİN) video konfransından sonra açıqlama verib. O,  “Normandiya Formatı” Ukraynanın şərqindəki vəziyyətin de-eskalasiyasıyasına nail olmaq üçün uyğun bir platforma olaraq qaldığını deyib.  “Normandiya formatı” gərginliyin azaldılmasına nail olmaq üçün əlverişli bir formatdır”, - deyə o əlavə edib.

 Maas, həmçinin  bildirib ki, “Normandiya sammiti”nin nə vaxt keçiriləcəyi hələ bilinmir, ancaq bu məsələ Fransa prezidenti Emmanuel Makron, Ukrayna lideri Vladimir Zelenski və Almaniya kansleri Angela Merkel arasındakı son danışıqlarda müzakirə olunub.

Maas Moskvanı Ukraynanın şərqindəki vəziyyətdə Qərbin ifadə etdiyi “təxribatlardan əməkdaşlığa” keçməyə çağırıb.



Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında Avropanın məqsədini açıqladı:

 “Normandiya dördlüyü” toplanmazdan əvvəl Qərb Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmayacağını bəyan etdi. Əlbəttə, bu, təsadüfi deyildi. Çünki Avropa Birliyi, xüsusilə Almaniya və Fransa Rusiyanı Ukraynaya hücum etməməyə razı salmaq niyyətindədir. Avropa öz sərhədlərində, ələlxüsus Rusiya ilə Ukrayna arasında yeni müharibə istəmir. Qərbin niyyəti məsələni dinc yolla həll etməkdir. Çünki potensial savaşda rəsmi Kiyevin uduzması Avropa Birliyi üçün böyük itkilərlə nəticələnə bilər. Qərb bunu yaxşı bilir və indidən müvafiq addımlar atır”.

N.Miri, həmçinin rəsmi Moskvanın planları barədə də danışdı: 

“Bilirsiniz ki, Rusiya Ukrayna ilə sərhədə yüz min nəfərlik canlı qüvvə yığıb. Beləliklə, hərbi böhran yaradır. Əslində, bu, Rusiyanın xarici siyasəti üçün ənənəvi taktikadır. Kreml bu cür hərbi böhranlar yaradaraq öz geosiyasi məqsədlərinə çatmağa çalışır.

Biz bunu dəfələrlə görmüşük. İndiki halda Rusiya müxtəlif təzyiq vasitələri, o cümlədən hərb və informasiya cəbhəsindəki addımları ilə həm Ukraynanı, həm də Ukraynanı dəstəkləyən bəzi Qərb dövlətlərini güzəştə getməyə vadar etmək istəyir.

Başqa sözlə desək, Kremlin məqsədi özünə qarşı qlobal kampaniyaların qarşısını almaqdır. Əlbəttə, sözügedən koalisiyaya ABŞ rəhbərlik edir.

Odur ki, Rusiya rəsmi Vaşinqtonun həmlələrini dayandırmaq niyyətindədir. Fikrimcə, ABŞ təzyiqlərinə ara vermədiyi müddətcə tərəflər arasında hansısa ciddi siyasi razılaşma olmayacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu