Büdcə böhranı gözlənilmir

"Çünki Azərbaycanın Neft Fondu var. Azərbaycanın büdcəsinin 80 faizi belə deyək ki, neft pulları hesabına dolur"

2021-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsirinin ümumi daxili məhsula nisbəti 5,2 faiz səviyyəsində proqnozlaşdırılır. Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə "Regional Economic Outlook" hesabatına istinadən məlumat verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azdır. Fondun proqnozlarına əsasən, 2022-ci ildə dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 2 dəfədən çox azalacaq və 2,3 faiz təşkil edəcək.

Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov qeyd edib ki, müxtəlif beynəlxalq agentlik və maliyyə qurumlarının müxtəlif ölkələrdə iqtisadi göstəricilərlə bağlı proqnozları absurd xarakter daşıyır:

“Çünki əvvəla, həmin ölkələrdə həyata keçirilən islahatların nəticəliyini hesablamaq həmin təşkilatlar üçün asan məsələ deyil, real olmayan işdir. Azərbaycanla, ümumiyyətlə, dünyanın iqtisadiyyatı ilə bağlı mütəmadi periodik olaraq söylədikləri proqnozlarının hamısı absurd və mücərad xarakteri daşıyır. Belə təşkilatlar hazırda real şəraitin fonunda Azərbaycan iqtisadiyyatındakı mövcud vəziyyəti nəzərdən keçirməklə belə bir proqnoz irəli sürürlər. Qlobal iqtisadiyyatda vəziyyət cüzi olaraq dəyişən kimi iki ay keçməmiş həmin o qurumların verdiyi proqnozlar yenidən təkrarlanır. Onlar yenilənir və bu dəfə rəqəmlər dəyişir.

Azərbaycanda büdcənin icrası ilə bağlı bu neçə illər ərzində elə də ciddi böhranlı vəziyyət yaranmayıb. Sadəcə olaraq, 2014-2015-ci illərdə neftin dünya bazar qiymətinin düşməsi ilə əlaqədar olaraq büdcənin icrasında fövqəladə vəziyyət yaranmaq ehtimalı ortaya çıxdı. Amma təbii ki, bu baş vermədi.

Əvvəla qeyd edim ki, Azərbaycanın dövlət büdcəsi ilə bağlı çətinliyin ortaya çıxacağı, yaxud da, gəlirlərin xərcləri ödəyə bilməyəcəyi kimi bir hadisənin baş verəcəyi ehtimalı sıfıra bərabərdir.

Nəyə görə? Çünki Azərbaycanın Neft Fondu var. Azərbaycanın büdcəsinin 80 faizi belə deyək ki, neft pulları hesabına dolur, yəni xəzinəni neft pulları təşkil edir. Qeyri-neft sektorunun ixracından əldə olunan valyuta gəlirləri və digər vergi yolu ilə daxil olan mədaxillər azlıq təşkil edir".

P.Heydərov diqqətə çatdırıb ki, Azərbaycanda yaxın gələcəkdə çətin büdcə probleminin ortaya çıxa biləcəyi ehtimalı sıfıra bərabərdir:

"Qeyd edim ki, 2019-cu ildə ölkəmizdə iki dəfə minimum əmək haqqı qaldırıldı. Həmçinin minimum pensiya məbləği və büdcə təşkilatlarında çalışanların maaşları iki dəfə artırıldı. Yəni 2019-cu ildə əvvəlki illərdən fərqli olaraq geniş maliyyələşdirilmə həyata keçirildi. Nəyin hesabına? Həmin ildə vergi məcəlləsinə dəyişiklik edildi və orda mövcud vergi dərəcələri, vergi yığımı mexanizmi də dəyişildi. Bunun nəticəsində həmin il ərzində büdcədən kənar vəsaitlər  dövriyyəyə cəlb olundu. Habelə, 2019-cu ilin yekununda vergi və gömrük xətti ilə 1 milyarddan artıq vəsait dövlət büdcəsinə daxil oldu.

Həmin ildə ciddi islahatlar aparıldı deyə büdcənin gəlirləri artırıldı. Dövlətimiz hər zaman büdcə məsələsinə ehtiyatla yanaşıb. Ona görə də hesab edirəm ki, Azərbaycanda bu il büdcə probleminin ortaya çıxacağı ehtimalı sıfıra bərabərdir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu