Ankara arxivləri açmağa hazırdır

Ermənilər qondarma soyqırım üzərindən yenidən revanş götürməyə cəhd edirlər

"Azərbaycan və Türkiyə yenə də öz ədalətli mövqeyini sərgiləməli və tarixi sənədlərlə, arxiv materialları ilə ermənilərin uydurmalarını ifşa etməlidir"


Azərbaycan dövlətinin humanizm prinsiplərindən çıxış etməsinə baxmayaraq, Ermənistandakı revanşistlər, həmçinin Qarabağa və Türkiyə torpaqlarına iddiaların arxasında gizlənən erməni lobbisi qondarma soyqırımla bağlı əsassız mövqelərindən əl çəkmək istəmirlər. Erməni və bir sıra xarici kütləvi informasiya vasitələri artıq 24 aprel qondarma soyqırım tədbirləri ilə bağlı dünyanın aparıcı dövlətlərində kino və teatr zalları, açıq havada olan tədbir üçün nəzərdə tutulan sahələri kirayələməyə başlayıblar. Onların məqsədi müxtəlif tədbirlər, xeyriyyə konsertləri, tamaşalar keçirərək uydurma təbliğat aparmaq və ianələr toplamaqdır.

Xüsusən, Co Baydenin ABŞ prezidenti seçilməsindən sonra ermənilər aşkar şəkildə yeni administrasiyanı tamamilə ermənipərəst etmək üçün əllərindən gələni edirlər. Məsələ ondadır ki, Bayden administrasiyasında Kamala Harris kimi ermənipərəst vitse-prezident təmsil olunur. Bayden hökuməti Türkiyəyə qarşı aqressiv və qərəzlidir. Bu arada Türkiyə 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib. Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, həmin hadisələri bir sıra dövlətlər öz maraqları çərçivəsində siyasiləşdirir. O əlavə edib ki, Türkiyə dəfələrlə bu hadisələrin araşdırılması məqsədilə arxivlərin açılması üçün çağırışlar edib: “Prezidentimizin də dəfələrlə səsləndirdiyi bu çağırışlar, arxivlərin açılması təklifi həqiqətə uyğun çağırışdır. Siyasi liderlərin qondarma erməni soyqırımı ilə bağlı dediklərinin önəmi yoxdur. 1915-ci ildə nə olduğuna dair 100 ildir iddialar hələ də davam edir. Kimlərsə hadisəni siyasiləşdirib bunu imperialist güclərin məqsədləri üçün istifadə edir. Amma Türkiyə Cümhuriyyətinin hər sahədə əsas məqsədi həqiqət və ədalətə xidmətdir”.

Qondarma təbliğat kampaniyası ilə bağlı “Şərq”ə danışan türkoloq-alim, Bütöv Azərbaycan Ocaqları sədrinin türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli bildirib ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış ermənilər qondarma soyqırım üzərindən yenidən revanş götürməyə cəhd edirlər. Alimin sözlərinə görə, erməni lobbisi ABŞ, Rusiya, İran və Avropa ölkələrində bu məsələni ciddi şəkildə gündəmə daşıyırlar:

“Türkiyə Azərbaycanı ən yüksək səviyyədə dəstəkləyən qardaş ölkədir. Qazandığımız möhtəşəm zəfərdə Türkiyənin rolu hər kəsə, o cümlədən ermənilərə də bəllidir. Ermənilər təkcə Azərbaycandan deyil, Türkiyədən də geniş çaplı “qisas” almaq məqsədi ilə qondarma soyqırıma bu il daha çox diqqət cəlb etməyə çalışacaqlar. Türkiyə bu məsələdə daim öz soyuqqanlığını, təmkinini qoruyub. Ankara hökuməti hər il İrəvana rəsmən müraciət edir ki, arxivləri açmağa hazırdır, amma bir şərtlə ki, Ermənistan da öz arxivlərini açsın. Təklif edib ki, birgə komissiya yaradılsın, hətta ayrı-ayrı dövlətlərin nümayəndələri, təşkilatlar da ortaq komissiyada iştirak etsinlər. Proseslərə ədalətli baxış olsun və aydınlaşsın ki, həqiqətən 1915-ci ildə nə baş verib. Əslində 1915-ci ilin aprelində yaşanan olaylar dəqiq araşdırıldıqda ortaya çıxır ki, ermənilərin “1 milyon erməni qətlə yetirilib” iddiası tamamilə uydurma və yalandır. Həmin dövrdə Qərb dövlətləri tərəfindən oyuna gətirilən ermənilərin məqsədi Osmanlını arxadan vurmaq və Şərqi Anadoluda “Ermənistan” dövləti yaratmaq idi. Osmanlı zamanında ermənilər “milləti sadıka” (sadiq millət – red) adlandırılırdı, hətta dövlətdə yüksək vəzifəyə sahib ermənilər də var idi. Ermənilərin Osmanlıya arxa çevirməsi birdən-birə, qəfildən baş vermədi. Ermənilər uzun müddət Qərb ölkələri tərəfindən təhrik edildilər, maliyyələşdilər, terrorçu təşkilat yaradıldı və s. Nəticədə erməni terror təşkilatlarının başının çəkdiyi bu xəyanət təşəbbüsü ermənilərin öz başında çatladı”.

Alim vurğulayıb ki, Osmanlı dövlətinin məqsədi erməni xainləri ilə məsələni dinc yolla həll etmək idi:

“Hökumət aldığı qərarla dövlətə xəyanət etmiş erməniləri Suriya, Livan və digər bölgələrə göndərmək, onların əməllərinə mane olmaq istəyirdi. Əslində bu addım xainlər üçün ən humanist addım sayılırdı.

Əlbəttə, köç zamanı üç-beş xəstə erməni başqa səbəblərdən həyatını itirə bilərdi. Amma məsələ ondadır ki, 1915-ci ildən əvvəl və sonralar ermənilərə məxsus terrorçu, quldur dəstələr Cənubi Qafqazda, Güney Azərbaycanda, Anadoluda qətliamlar edirdi. Vəhşi ermənilər Vanda, Ərzurumda, Qarsda, Ərzincanda, İğdırda uşaq, yaşlı, qadın demədən türkləri öldürür, işgəncə verir, təhqir edirdilər. Ermənilər Türkiyənin şərq torpaqlarını öz havadarlarına güvənərək ələ keçirmək istəyirdilər.

Osmanlı dövləti də ermənilərin çirkin niyyətindən xəbərdar idi. Əslində qondarma soyqırımı gündəmə gətirməklə ən böyük zərbə alan, ifşa olan məhz ermənilərdir.

Əsl həqiqətlər üzə çıxdıqca məlum olur ki, o dövrdə ermənilərin iddia etdiyi kimi onlar deyil, türklər soyqırımlara məruz qalıblar. Bax, bu cür xəstə təfəkkürlü yanaşmaya və düşmən mövqeyə görə, ermənilər heç zaman öz qonşuları ilə normal ünsiyyət qura, əməkdaşlıq edə bilmirlər.

İstənilən halda zərbə alan tərəf yenə Ermənistan olacaq. Azərbaycan və Türkiyə yenə də öz ədalətli mövqeyini sərgiləməli və tarixi sənədlərlə, arxiv materialları ilə ermənilərin uydurmalarını ifşa etməlidir”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu