Xankəndi və Xocalı Azərbaycan ərazisidir

"Rəsmi Bakının iradəsindən kənar torpaqlarımızda hansısa təlim-məşq, yaxud parad keçirilə bilməz"

"Əgər qarşısını almaq mümkün olmazsa, Azərbaycan Silahlı Qüvvələri elə parad formasında Xankəndinə daxil olmalıdır"


Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları 9 may qələbəsinə həsr olunan təntənəli keçid üçün məşqlərə başlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, məşqlərə sülhməramlıların əsas hissəsini təşkil edən 15-ci motoatıcı briqadanın şəxsi heyəti cəlb olunub. Həmçinin, təlimlərdə sülhməramlı kontingentin idarə qrupu, hərbi polis, maddi-texniki təminat bölməsinin bölmələri də iştirak edir. Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi qatılıb.

Qarabağdakı Rusiya sülhməramlılarının istənilən hərbi aktivliyi ictimaiyyətdə narahatlıq və narazılığa səbəb olur. Azərbaycan torpaqlarına xüsusi missiya ilə göndərilən rus hərbi birləşməsinin qələbə paradına xüsusi hazırlıq görməsi cəmiyyət tərəfindən etirazla qarşılanır.

Ekspertlərin fikrincə, rusların Xankəndi və Xocalıda separatçıların silahlı birləşmələri ilə birgə parad təşkil etməsi Azərbaycana qarşı Kremlin təzyiq mexanizmidir. Bu, ölkəmizin suverenliyinə Rusiya tərəfindən təhdiddir. Ona görə də rəsmi Bakı bununla bağlı Moskvadan izahat tələb etməli və sülhməramlı qüvvələrin özbaşına fəaliyyətinə son verilməsini tələb etməlidir. 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə bildirib ki, “sülhməramlı” adı ilə Qarabağın dağlıq hissəsinə yerləşdirilən rus hərbçiləri dəfələrlə öz səlahiyyətlərini aşan əməllər törədiblər. Partiya rəhbərinin sözlərinə görə, hərbi kontingentə rəhbərlik edən Rustam Muradov özünü Qarabağın “general-qubernatoru” kimi aparmağa başlayıb:

“Xankəndidə 9 may paradının keçirilməsi Bakıya “meydan oxumaq” cəhdidir. Rusiya silahlı qüvvələri parad keçirmək arzusuna düşübsə, bunu öz ölkələrində reallaşdıra bilərlər. Onsuz da Rusiyanın hər yerində 9 may qələbəsi təmtəraqlı qeyd edilir. Amma Xankəndi və Xocalı Azərbaycan ərazisidir. Rəsmi Bakının iradəsindən kənar torpaqlarımızda hansısa təlim-məşq, yaxud parad keçirilə bilməz. Bu, açıq-aşkar güc nümayişi, təzyiq vasitəsidir. Xocalıda parada hazırlıq məşqi isə şəhidlərimizin ruhuna böyük hörmətsizlikdir”. 

A.Əlizadə vurğulayıb ki, şübhəsiz ki, belə parad baş tutarsa, orada Azərbaycan tərəfindən heç kim təmsil olunmayacaq:

“Amma Rusiyadan hərbçilərin gəlməsi gözləniləndir. Eyni zamanda quldur separatçıların da paradda iştirakı istisna edilmir. Rusiya faktiki olaraq məsuliyyət dairəsində olduğu əraziyə “öz torpaqları” kimi baxır. Ona görə də bu təşəbbüsün qarşısı mütləq alınmalıdır. Rəsmi strukturlar məsələyə çox ciddi reaksiya verməlidir. Rusiyanın siyasi və hərbi rəhbərliyinə etiraz bildirilməlidir. İctimaiyyət onsuz da öz narazılığını ilk gündən ortaya qoyur. Əgər qarşısını almaq mümkün olmazsa, Azərbaycan Silahlı Qüvvələri elə parad formasında Xankəndinə daxil olmalıdır”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu