Ölümə tələsirlər:“Qoyun ölüm, amma keçidə getməyim”

Ötənlərdə Bakıda dəhşətli yol qəzası baş verib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Piyada keçidi olmayan və avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yerdən yolu keçməyə çalışan 28 yaşlı Gülnar və onun 9 yaşlı oğlu Yusmir maşın vurması nəticəsində vəfat edib. Bundan sonra sürücülər sosial şəbəkələrdə aksiya başladaraq piyada vurulmalarına görə sürücülərin cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinə çağırışlar etməyə başlayıblar. Vətəndaşlar qaranlıq vaxtı sürücünün piyadanı görüb qəzadan yayınmasının mümkün olmadığını bildirirlər. İddia olunur ki, sürücü piyadaları vurmamaq üçün hərəkət istiqamətini dəyişsə, daha böyük faciəyə səbəb ola bilərdi. Həmin yolda süni işıqlandırmanın zəif olması da sürücülərin piyadaları görməyini çətinləşdirir.

Sosial şəbəkə istifadəçilərinin digər qismi isə yüksək sürətli yollarda piyada keçidlərinin olmamasına irad bildirirlər. Vətəndaşlar qeyd edirlər ki, əksər yolda piyada keçidləri çox uzaqdadır, ya da ümumiyyətlə yoxdur.



Bədbəxt hadisə barədə “Sherg.az”a danışan “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yüksək sürətli yollarda qanunvericiliyin tələbərinə uyğun piyada keçirləri tikilməlidir. Ekspert qeyd edib ki, piyada keçidləri standartlara uyğun olaraq vətəndaşların istifadəsinə verilməlidir:

“Əslində Heydər Əliyev prospekti yaşayış məntəqəsi sayılır. Qanunvericiliyə görə, həmin ərazidə 300 metrdə bir piyada keçidi olmalıdır. Amma belə bir keçid yoxdur. Dünənki hadisə piyada keçidindən 500-600 metrdən kənarda baş verib. Burada piyada məsuliyyətsizliyi məsələsi də önə çıxır. Bir insan 500 metr məsafəni qət etməyi ölümdən daha ağır cəza kimi qəbul edir. Yəni, “qoyun ölüm, amma o yolu getməyim”. Lakin bu düzgün deyil. İnsanlar bilməlidir ki, “sonrakı peşmanlıq fayda vermir”. Bəzən yol polisləri ilə reydlər keçirəndə görürük ki, vətəndaş piyada keçidinə 5-10 metr qalsa da, ondan istifadə etmir. Nə üçün belə etdiklərini soruşanda isə deyir ki, “ayağım ağrıyır”, “gecikirəm” və.s. Əlil arabasında olanda isə nə ayağı ağrıyacaq, nə də harasa gecikəcək”.

E.Muradlı vurğulayıb ki, piyadalar məsuliyyətlərini dərk etmirlər:

“Bəzən yolda kimisə saxlayırsan deyir ki, şəhid qızıyam, qazi oğluyam. Hərə bir bəhanə tapır. 20 yanvar dairəsində reydlər zamanı piyadadan soruşuruq ki, niyə keçiddən istifadə etmir?

Cavabında bildirir ki, piyada keçidi uzaqdadır. İnsanlar ölümə tələsirlər. Yol hərəkəti təhlükəsizliyində kiçik bir səhv ölüm deməkdir. Piyadalar qayda-qanunlara əməl etməli, aidiyyəti qurumlar isə öz məsuliyyətlərini dərk etməlidirlər.

Dövlət Yol Polisi (DYP), Bakı Nəqliyyat Agentliyi (BNA), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əl-ələ verib səmərəli iş görməlidirlər. Ukrayna dairəsində bəzəkli bir piyada keçidi tikiblər, baxanda elə bilirsən ki, ticarət mərkəzidir. Belə keçid tikməkdənsə, Heydər Əliyev prospektində 3 piyada keçidi salınmalıdır. Dövlət vəsaitini səmərəli istifadə etmək lazımdır.

Aidiyyəti qurumlar məsuliyyətsizdir, kimin ağlına nə gəldi, onu da edir. 3 dövlət qurumu bir-biri ilə anlaşa bilmir. O deyir mən ağıllıyam, bu deyir mən çox bilirəm, digəri isə deyir ki, səlahiyyət mənimdir. Sadəcə səlahiyyət davası gedir. Lakin insanların təhlükəsizliyinə ciddi yanaşılmalıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu