Təhsildə yeni “nəfəs”: “Avropa və dünya təhsilinə inteqrasiya...”

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq. Bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.Ali təhsilin ikinci səviyyəsini təşkil edən bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramlarını tədris edən akademik heyət Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartının (ATKTS) 3-cü və 4-cü səviyyələri üzrə müvafiq kvalifikasiyaya malik olmalıdır.

Layihəyə əsasən, ali təhsilin bakalavriat səviyyəsinin məzunları elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində elmi-pedoqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər.  Bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramları maksimum 4 il (180-240 kredit)  müddətinə hesablanır və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun təşkil edilir.



Dəyişikliklə bağlı “Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov ölkəmizdə 3 bakalavriat dərəcəsinin olmasını doğru addım hesab edir:

“ “Ali təhsil haqqında” qanunda bu məsələnin öz əksini tapması Azərbaycan təhsilinin Avropa və dünya təhsilinə inteqrasiyası kimi vacib bir nüansdır. Dəyişikliyə əsasən, diplomlarda müəyyən istiqamətlər yazılacaq. Bu, həmçinin işə qəbul prosesində vahidlik prinsipini yaradacaq.

Yəni işə götürən şəxs məzunun hansı istiqamət və sahələr üzrə mütəxəssis olduğunu rahatlıqla müəyyənləşdirə biləcək. Digər tərəfdən bakalavr pilləsinə qəbul olmuş şəxslər təkcə 4 il ərzində təhsillərini başa vura bilməyəcəklər.

Onlar eyni zamanda daha qısa müddət ərzində təhsillərini tamamlamaq imkanına malik olacaqlar. Magistratura və doktorantura pilləsinə getmədən belə müəyyən tədqiqatyönümlü bakalavrların da məşğul olmasına icazə veriləcək. Bu, dünyada qəbul edilmiş bir tendensiyadır.

Tədqiqat araşdırmaları təkcə magistratura və doktorantura pilləsində olmur. Kimlər ki, elmi tədqiqatla məşğul olacaqlar, artıq onlar 4 il ərzində bunu davam etdirə biləcəklər. Həmçinin digər istehsalat sahəsinə qısa müddət ərzində getmək istəyən şəxslər 3il ərzində təhsil krediti götürməklə bu yükü yerinə yetirə biləcəklər.
Hesab edirəm ki, olduqca müsbət bir yenilikdir. Ümumiyyətlə, “Ali təhsil haqqında” qanun Azərbaycan ali təhsilinə yeni bir nəfəs gətirəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu