Azərbaycanda çevik informasiya siyasəti qurulur

Artıq beynəlxalq platformalara çıxışımız asanlaşacaq

"Türk ölkələrinin Media Koordinasiya Komitəsinin yaradılması, ölkədə informasiya işinin təşkilinə və informasiya təhlükəsizliyinə çox ciddi töhfəsi olacaq"


Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin Bakıda 3-cü toplantısı keçirilib. Toplantıda türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunub.

Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır: “Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir”.

Bir çox media ekspertləri hesab edir ki, türk ölkələri arasında media sahəsində belə bir komitənin yaradılması Türk dövlətlərinin hər biri üçün çox faydalı olacaq. Bu, həmçinin, türk dövlətləri və xalqları arasında informasiya sahəsində koordinasiya yaradacaq. Ümumiyyətlə, media ekspertlərinin fikrincə, Türk dövlətləri arasında koordinasiyanın olması olduqca vacibdir.

Çünki 44 günlük Vətən savaşı günlərində türk dövlətləri ilə koordinasiyanın yoxluğu özünü açıq şəkildə göstərdi. Buna görə də Azərbaycan və digər türk dövlətlərinin qarşılıqlı olaraq informasiya sahəsində əməkdaşlıq etmələri məqsədəuyğundur. Ümumiyyətlə, media mənsubları hesab edir ki, Türk dövlətlərinin nüfuzunun artırılması, bölgədə sözünün keçməsi, ətraf təzyiqlərin qarşısında tab gətirməsi üçün belə bir birliyin yaradılması olduqca vacibdir. Həm də bu, türk dövlətlərinin biri-birini anlaması üçün də əhəmiyyətlidir. Bundan başqa, komitənin yaradılmasının əsas özəlliklərindən biri media nümayəndələri istər Azərbaycan, istərsə də türk dünyası dövlətləri haqqında həqiqətləri dünyaya daha rahat, çevik və doğru çatdıra biləcəklər. Təbii ki, bu gün belə bir layihənin reallaşması türk xalqlarının biri-birinə yaxınlaşmasından xəbər verir. Ümid edirik ki, bu yaxınlaşma davam edəcək və gələcəkdə də bu istiqamətdə mühüm addımlar atılacaq. Bəs, belə bir Koordinasiya Komitəsinin yaradılmasının nə kimi müsbət effekti olacaq? 

Sualımızı cavablandıran Güney Azərbaycan Televiziyasının (Günaz.TV) əməkdaşı Elman Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, son illər türk dövlətləri və topluluqları arasında inteqrasiya sürətlənib.  E.Cəfərli qeyd edib ki, Türk Şurası çərçivəsində əməkdaşlıq daha da genişlənib:

"44 günlük Vətən savaşından sonra Türkiyənin türk dövlət və topluluqları üçün önəmi artıb. Ona görə də Türk dövlətləri Türk Şurası çərçivəsində əməkdaşlığa diqqəti artırıblar. 44 günlük Qarabağ savaşı göstərdi ki, informasiya savaşı çox önəmlidir. Ötən ilin iyul hadisələrindən sonra və 44 günlük savaş boyunca Türkiyə mediasının dəstəyini hiss etdik. Ancaq təəssüf ki, Birinci Qarabağ savaşında belə olmamışdı. Sanki türk cəmiyyəti bizi, biz də onları yaxşı tanımırdıq. 30 illik zaman öz sözünü dedi. Türk xalqları arasında inteqrasiya dərinləşdi. Hesab edirəm ki, indi eyni proses digər türk dövlətləri arasında da getməlidir".

E.Cəfərli diqqətə çatdırıb ki, Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsinin yaradılması ideyası çox faydalıdır:

"Təklif edərdim ki, Türk Şurası dövlətləri arasında media əlaqələri daha sıx inkişaf etdirilsin. Türkdilli dövlətlərin, xüsusilə Mərkəz Asiya ölkələrinin televiziyaları Azərbaycanda yayınlanmalıdır. Bakıda Türk dövlətlərinin istehsalı olan filmlərin festivalı keçirilməlidir. Bir sözlə, dil maneəsi aradan qaldırılmalıdır. Həmçinin, jurnalist təşkilatları arasında əlaqələr intensivləşməlidir. Münasibətlər o səviyyəyə çatmalıdır ki, Mərkəzi Asiya mediası da türk mətbuatı kimi ermənilərlə informasiya savaşında bizə mənəvi dəstək versin”.

"Türküstan” qəzeti və saytının baş redaktoru Aqil Camal "Şərq"ə açıqlamasında vurğulayıb ki, media sahəsində əməkdaşlıq əvvəlcə Azərbaycanla Türkiyə arasında nəzərdə tutulurdu. O əlavə edib ki, hətta bununla bağlı rəsmi razılaşmalar da var:

"Amma sevindirici haldır ki, bu əməkdaşlığın əhatə dairəsi genişləndi. Bu da Türk dövlətləri arasında dövlət başçıları səviyyəsində əməkdaşlığın güclənməsindən irəli gəlir. Düzdü, onların media sahəsində əməkdaşlıqları son 10 ildə aktuallaşıb. 2012-ci ildə Ankarada, sonrakı illərdə Azərbaycanda, Qazaxıstanda Türk ölkələri Media Forumları keçirildi. Hətta hər ölkədən təmsilçilərin olduğu icra qurumu da yaradılmışdı. Amma bu gün görünən odur ki, nə həmin təşəbbüslər, nə də yaradılmış icra qurumu uğurlu fəaliyyət göstərib. Bu baxımdan, məsələnin yenidən gündəmə gətirilməsinə zərurət yarandı. Hazırda ölkələrin müvafiq dövlət qurumları ilə yanaşı, ictimai sektor, media camiəsi də bu prosesə maraq göstərir. Təbii ki, bu hal sevindiricidir. Bizim 2012-ci ildə təsis etdiyimiz və bir neçə tədbirini keçirdiyimiz Türk Dünyası Media Platforması yeni şəraitdə öz fəaliyyətini qurmağı hədəfləyir". 
A.Camal hesab edir ki, informasiya savaşının hədsiz aktuallaşdığı hazırkı dövrdə qarşılıqlı media fəaliyyəti olduqca vacibdir: "Həyatın bütün sahələrində olduğu kimi, media sahəsində də dərin işbirliyi və inteqrasiyaya getmək günümüzün tələbidir. Bu müstəvidə sıraların genişlənməsi hər bir dövlətin maraqlarına cavab verəcək. Bu məsələdə sadəcə, bir mühüm məqam var. Ortaq xəbər siyasəti həyata keçirərkən ölkələr yalnız öz maraqlarını və problemlərini qabartmamalıdır. Bu gün media dəstəyinə ehtiyacı olan türk toplumları var ki, onların da səsi olmalıyıq. Bu baxımdan, medianın sərbəstliyi, inzibati yönləndirmədən uzaq tutulması lazımdır".

Fake xəbərlərin qarşısının alınmasına gəlincə, media eksperti qeyd edib ki, bu kimi problemlərə demək olar ki, bir çox ölkələrdə rast gəlmək mümkündür:

"Hətta bu tip xəbərlərə nəinki Azərbaycan, eləcə də Türkiyə mediasında rast gəlmək mümkündür. Hesab edirəm ki, koordinasiya mərkəzinin formalaşdırılması bu kimi halların qarşısının alınmasında da rol oynayacaq. Hansısa yanlış məlumatın daha operativ şəkildə təkzib edilməsinin, bununla da yayılmasının qarşısını alacaq".

Tanınmış jurnalist və media eksperti Qulu Məhərrəmli "Şərq"ə açıqlamasında bildirib ki, Türk ölkələrinin Media Koordinasiya Komitəsinin yaradılmasının Azərbaycanın informasiya işlərinə də böyük töhfəsi  olacaq. Media eksperti hesab edir ki, bunun reallaşdırılması Azərbaycanın özünün informasiya siyasətində və informasiya təhlükəsizliyində çox önəmli rol oynayacaq:

"Xüsusən daha çevik yanaşma və baş verən hadisələri dünya mediasına çatdırmaq, eləcə də bu prosesdə müəyyən peşəkar vərdişlərə yiyələnmək baxımından, belə bir qurumun olması olduqca əhəmiyyətlidir. Belə bir koordinasiyada təmsil olunmağımız bütövlükdə xeyrimizədir. Çünki Azərbaycan artıq elə bir geopolitik şəraitdə yaşayır ki, bu, bizi informasiya siyasətini yenidən qurmağa sövq edir. Qeyd edim ki, Media Koordinasiya Şurasının yaradılması türkdilli dövlətlərin ümumi maraqlarının ifadəsi olan vahid informasiya siyasətini yürütmək baxımından çox aktualdır. Bu günləri Orta Asiya ölkələrinin informasiya siyasətində müəyyən axsamaların şahidi oluruq. Belə bir Media Koordinasiya Komitəsinin yaradılması ilk növbədə beynəlxalq platformalara çıxışı təmin edəcək. Habelə, öz həqiqətlərimizi dünyaya çatdırmaqda mühüm rol oynayacaq. Təbii ki, bu, beynəlxalq mediada təmsil olunmaq cəhətdən də özünü açıq-aydın şəkildə büruzə verəcək. Hesab edirəm ki, media sahəsində ciddi təcrübəsi olan Türkiyə ilə birlikdə vahid koordinasiya mərkəzinin olması müsbət addımdır”.

Q.Məhərrəmlinin sözlərinə görə, Türk ölkələrinin Media Koordinasiya Komitəsinin yaradılması həm də bizim peşəkarlıq, informasiyayla idarə olunma məsələlərimizə də müsbət təsirini göstərəcək:

"Hazırda bu sahədə bir sıra işlər görülməkdədir. Fikrimcə, bunlar davam edəcəksə, komitənin Azərbaycan mediasına, xüsusən ölkədə informasiya işinin təşkilinə və informasiya təhlükəsizliyinə çox ciddi töhfəsi olacaq”.

Avropa.info xəbər portalının direktoru, jurnalist Ruslan Bəşirli bildirib ki, Türk Şurasında Media Koordinasiya Komitəsinin qurulması türk dövlətlərinin media siyasətini koordinasiya etmək baxımından ciddi fayda verə bilər. O qeyd edib ki, eyni zamanda bu, türk dövlətlərinin siyasi, iqtisadi, mədəni sferada birləşməsi üçün də zəmin formalaşdıra bilər:

"Əlbəttə, qardaş ölkələrin media strukturları fəaliyyətlərini koordinasiya edərlərsə, bu, qismən də olsa feyk xəbərlərin qarşısının alınmasına da səbəb ola bilər. Türk dünyası olaraq artıq mediamızı, siyasətimizi birləşdirməyin zamanı gəldiyini düşünürəm. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə mediası Azərbaycanın haqq işinə ciddi dəstək verdi. Təəssüf ki, digər türk dövlətlərinin media orqanlarından bu dəstəyi müharibə zamanı ciddi mənada görə bilmədik. Lakin 44 günlük İkinci Qarabağ savaşı siyasi reallıqların da dəyişməsinə səbəb oldu. Azərbaycan və Türkiyənin regionda yeni siyasi reallıqlar formalaşdırması, digər qardaş türk dövlətlərin əl-qolunu açdı. Artıq bundan sonra media olaraq da biri-birimizə dəstək verməkdən çəkinməməliyik. Bu yolda qarşımıza çıxan bütün maneələri aradan qaldırmalıyıq. Koordinasiya Komitəsinin bu mənada da ciddi avantajı ola bilər".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu