Dövranı Azərbaycan əsgəri dəyişdi

44 günlük savaşdan bütün beynəlxalq təşkilat dərs çıxarmalıdır

Avropa Şurası nüfuzunu itirməkdənsə haqqın, ədalətin yanında yer almalıdır


"Ötən il Dağlıq Qarabağda baş verənlər "dondurulmuş" münaqişənin olmadığını bizlərə xatırlatdı. Biz sülhün yaradılması üçün bütün səylərimizi səfərbər etməliyik". Bu fikirləri Avropa parlamentinin prezidenti David Sassoli Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ötən il Avropa Şurasının iki üzv dövləti arasında müharibə oldu:

"Hər iki ölkə böyük itkilərə məruz qaldı. Bu bizə xatırlatdı ki, heç bir "münaqişə dondurulmuş" qala bilməz. Biz bu halların baş verməməsi üçün sülh naminə bütün səylərimizi səfərbər etməliyik".

Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi-şərhçi Tural İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Avropa Şurası 44 günlük Vətən müharibəsi dövründə özündən gözlənilən hansısa siyasi təsir vasitələrindən istifadə etmədi. Politoloq qeyd edib ki, 30 il ərzində Azərbaycan torpaqlarının işğalda qalmasına səssiz qalan Avropa Şurası da daxil olmaqla, Qərbin bir sıra aparıcı beynəlxalq təşkilatları doğru və dürüst mövqe ortaya qoymadılar:

"Avropanın bir sıra nüfuzlu qurumları  tərəfindən də qəbul edilən Azərbaycanın ərazi bütövlüyü məsələsində təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar düzgün mövqe sərgiləmədilər. Nəticədə Azərbaycan torpaqları 30 ilə yaxın işğalda qaldı. Eyni zamanda bir milyondan çox qaçqın və məcburi köçkünümüz oldu. Ümumiyyətlə, qaçqınlarımız və məcburi köçkünlərimizlə bağlı da nə beynəlxalq qurumlar, nə də ki, Avropa Şurasının tərkibində bununla məşğul olan beynəlxalq qurumlar hansısa effektiv, əməli addımlar atmadılar. Məhz bu səbəbdən də düşünürəm ki, artıq  Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra  Avropa Şurasının üzərinə çox böyük siyasi yük düşür".

T.İsmayılov bildirib ki, beynəlxalq hüququn, haqqın, ədalətin yanında olmadıqca bu kimi beynəlxalq təşkilatlar artıq öz nüfuzlarını itirirlər:

"Bildiyimiz kimi, ötən gün Avropa Şurası Parlament Assambleyasında iclas keçirildi. İclasda minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməməsi ilə bağlı AŞ PA-nın bəzi millət vəkilləri və Miqrasiya Komitəsinin rəhbərinin açıqlamalarını təqdirəlayiq hesab edirəm. Ancaq orada yenə də erməni təsiri özünü göstərirdi. Çünki AŞ PA-da Ermənistan tərəfindən ələ alınan bəzi adamlar Azərbaycanı saxta şəkildə əsirlər məsələsi ilə bağlı sıxışdırmağa çalışırdı. Bildiyimiz kimi, Azərbaycan Vətən müharibəsində əsir düşən erməniləri artıq geri qaytarıb. 10 noyabr razılaşmasından sonra torpaqlarımıza gələnlər isə təxribatçı, terrorçu diversantlar hesab olunur. Bu baxımdan, Avropa Şurası Parlament Assambleyası birtərəfli şəkildə haqqın, ədalətin yanında yer almalıdır. Və cənab David Sassolinin açıqlamaları fonunda bundan sonra Avropa Şurası və Avropadakı siyasi təşkilatları Azərbaycanın haqq işinə dəstək verməlidir.

Çünki beynəlxalq hüququn, haqqın, ədalətin yanında olmadıqca, istər Avropa Şurası, istər 30 ildir cəmiyyətimiz tərəfindən tənqid edilən ATƏT, istərsə də Avropa Birliyi kimi təşkilatlar öz nüfuzlarını itirirlər. Onlar dünyada heç bir siyasi çəkiyə malik olmadıqlarını bir daha nümayiş etdirirlər". 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu